“Qüdrət Həsənquliyev hökumətin ona verdiyi mandatı…” – Əli Əliyev

“Qüdrət Həsənquliyev hökumətin ona verdiyi mandatı…” – Əli Əliyev

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin “Yeni Sabah”a müsahibəsi:

– Əli bəy, BAXCP sədri Qüdrət Həsənquliyev deyib ki, müharibə çağırışı edən adamlar Azərbaycanı fəlakətə sürükləmək istəyir. Sizcə, həmkarınız haqlıdır?

– Mən o müsahibəyə baxmışam. Qüdrət bəy orada çox ziddiyyətli fikirlər səsləndirib. Bir tərəfdə deyir ki, müharibəyə başlamaq qeyri-mümkündür, beynəlxalq şərtlər var. Digər tərəfdən də deyir torpaqların azad edilməsinin başqa yolu yoxdur. Sonra deyir ki, Türkiyə və Pakistan generalları dəvət oluna bilər. Sonra da Rusiyanın böyüklüyündən danışır.

Bir şeyi qeyd edim ki, hakimiyyəti açıq və ya gizli şəkildə müdafiə edən tərəflər həqiqətən başlarını itiriblər. Bilmirlər ki, vəziyyətdən çıxış yolunu haradan tapsınlar. Fikir ayrılıqları bunları ziddiyyətə salıb. Ümumiyyətlə, mən o müsahibədə Həsənquliyevin nə demək istədiyini başa düşmədim. Hakimiyyətin vəzifəsi torpaqları azad eləməkdir. Hakimiyyət əgər konstitution vəzifəsinin öhdəsindən gələ bilmirsə, onda necə olmalıdır? Əgər müharibə zamanı olacaq itkilərlə bağlı qorxusu varsa, onda belə çıxır ki, biz torpaqları ermənilərə bağışlamalıyıq? Bunlar özləri də bilmirlər ki, nə danışırlar.

– Bəs bu qeyri-müəyyənliyin səbəbi nədir? 

– Çünki hakimiyyətin torpaqları azad etmək niyyətinin olmadığından məlumatlıdırlar. Daxili və xarici şərtləri bilirlər. Sadəcə, bunu açıq ifadə edə bilmirlər. Digər tərəfdən xalqın torpaqların azad olunması ilə bağlı çox ciddi və haqlı təzyiqi var, yəni bunlar son müsahibədə olduğu kimi orta mövqe tutanda gülünc vəziyyətə düşürlər. Qüdrət Həsənquliyev həmçinin qeyd edib ki, bu gün biz müharibə barədə yox, sadəcə “birinci savaşdan sonra niyə vəziyyəti dəyişə bilməmişik və bundan sonra nə etməliyik ki, torpaqlarımız daha 30 il işğal altında qalmasın” mövzusunda siyasi müzakirələr açmalıyıq…

Mən əminəm ki, Qüdrət Həsənquliyev özü də başa düşür ki, bunu etmək mümkün deyil. Vacib bir məqamı açıqlamaq istəyirəm. Hazırda Cəbrayıl körpüləri ilə bağlı səs verən deputatlar haqqında araşdırma aparıram. Araşdırmamın nəticəsində əldə etdiyim məlumat belədir ki, 100 nəfər iştirakçıdan 1 nəfər səs verməyən var, o da Qüdrət Həsənquliyevdir.

O, iştirakçı olsa da, ümumiyyətlə, səsvermədə iştirak etməyib. Bu, o deməkdir ki, Qüdrət Həsənquliyev Cəbrayıl körpülərinin ratifikasiyasının xəyanət olduğunu zamanında başa düşüb. Bu gün də Qüdrət Həsənquliyev hökumətin ona verdiyi mandatı əsas götürərək nə hökumətin yanında pis olmaq istəyir, nə də xalqın yanında gözdən düşmək istəyir. Torpaq məsələsi elə məsələdir ki, burada orta mövqe tutmaq mümkün deyil. Ya sən torpağın qaytarılmasını tələb etməlisən, ya da hakimiyyətin bu təslimçilik siyasətinin arxasında durmalısan. Ona görə də belə müsahibələr gülünc görünür. Faktoloji olaraq altında heç bir məlumat olmur.

Konstitusiya birmənalı yazıb ki, torpaqların azad olunması hakimiyyətin səlahiyyətinə daxildir. Buyurub zəhmət çəksinlər və 27 ildir azad etmədikləri torpağı indi azad eləsinlər. Ümumdaxili məhsulumuz 75 milyard dollar olanda heç nə etmədilər. İndi Allah bilir iki dəfə azalıb. Zamanında neft 140-150 dollar, gündəlik hasilat 1 milyon barreldən yüksək idi. Bunlar torpaqları azad etmək yerinə pulu göyə sovurdular. İndi hasilat 450 min barrelə, qiymət də 30 dollara düşüb. Necə müharibə edəcəklər? Axı müharibə etməyə imkanları yoxdur.

– Sizcə, həmkarımızın məhz belə bir bəyanatla çıxış etməsinə səbəb nədir? 

– Bu dəqiqə hakimiyyətdən dolanan, hakimiyyətin çətiri altında olan adamların hamısı hakimiyyəti məhz bizim verdiyimiz bəyanatlar kontekstində vəziyyətdən çıxarmağa təşəbbüs göstərirlər və daha da gülünc vəziyyətə düşürlər. Biz məsələləri o qədər aydın, şəffaf qoyuruq ki, mövqedə sürüşkənliyə yer qalmır. Yəni Rusiya var deyə, biz heç vaxt torpaqlarımıza sahib olmayacağıq? Bu cür məsələ qoyulmur. Əgər azad etmək niyyətləri yoxdursa, niyə silahlanırlar? Silaha ayrılan pulalrı hara xərcləyiblər? Elə vəziyyətə düşüblər ki, nə etsələr, gülünc alınır. Biz onlara yardım əlimizi uzatmışıq. Mən onlara təklif vermişəm. Əgər torpaqların azad olunmasına inanmırlarsa, Müdafiə Nazirliyini 6 aylıq  mənə versinlər, mən torpaqları alım. Demişəm, torpaqları alıb Cıdır düzündə qonaqlıq verəcəm. Bunu eləsinlər. Bundan artıq mən heç nə təklif edə bilmərəm.

– Bəziləri iddia edir ki, müharibəyə cəhd etsək, Rusiyanın sərt təpkisi ilə üzləşə bilərik. Hətta bu cür çağırışı edən adamları əhali arasında xof yaratmaqda qınayırlar…

– Kim qorxursa, xof içindədirsə, onları çıldağa apararaq qorxularını canlarından çıxarmaq lazımdır.

DOSYE.ORG

COMMENTS