Quldurluq hadisəsinin üstü açıldı – Bakıda

Bakı şəhərində 8 ay əvvəl baş vermiş quldurluq hadisəsinin üstü açılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, 8 ay əvvəl Xocalı prospektində yerləşən mağazalardan birinin satıcısı Murad Hacıyev Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq bir nəfər naməlum şəxsin onu bıçaqla hədələyib pul alması barədə məlumat verib. Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 21 yaşlı Orxan Dadaşov saxlanılıb.

Saxlanılan şəxs ilkin ifadəsində əməlini etiraf edib. O bildirib ki, gecə saatlarında mağazanın yanından keçərkən içəridə müştəri olmadığını görüb və quldurluq etmək qərarına gəlib. Orxan Dadaşov üstündə gəzdirdiyi bıçaqla mağazanın satıcısı Murad Hacıyevi öldürəcəyi ilə hədələyib. Daha sonra isə kassadan 100 manat götürərək hadisə yerindən qaçıb.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. Saxlanılan şəxsin ehtimal olunan digər cinayətləri araşdırılır. (APA)

COMMENTS