Quraqlıq payızda bahalaşma vəd edir

Quraqlıq payızda bahalaşma vəd edir

Suya görə əkinləri məhv olan fermerlərə kompensasiya verilməyəcək

 

Son bir neçə ay ərzində isti hava şəraiti ötən illərə nisbətən daha uzun çəkdi və kənd təsərrüfatına ciddi ziyan vurdu. Əkin sahələrinə dəyən ziyandan həm istehsalçılar, həm də istehlakçılar əziyyət çəkir.

Belə istehsalçılardan biri Həsən İbrahimovdur. O, Balakən rayonunun Gülzan kəndində fındıq, qarğıdalı, tərəvəz əkin sahələrinin olduğunu bildirir. “Bütün əkin sahələrimiz yanıb, vəziyyət çox pisdir” – deyən Həsəndən əkin sahələrinin suvarılması ilə maraqlandıqda o, “Suvarma yoxdur, yağsa yağışdır, yağmasa da beləcə göz qarşısında yanıb tələf olur sahələrimiz” dedi. Həsənin sözlərinə görə, daha çox istiyə davam gətirə bilməyən qarğıdalı və xiyar əkin sahələri olub.
Məhsulların satış qiymətinə gəldikdə Həsən qiymətin əvvəlki kimi olduğunu bildirdi: “Qiymətlər yaxşıdır, əvvəlki kimi qarğıdalının kilosu 30 qəpikdir. Fındıq isə 2-2.60 qəpik arasında dəyişir”.

Məsələ ilə bağlı iqtisadçı ekspert Vahid Məhərrəmov yaranmış durumun yalnız quraqlıq ilə bağlı olmadığını bildirdi: “Bunu yalnız quraqlıqla əlaqələndirmək olmaz. Ümumiyyətlə, bu il keçənilkindən fərqli olaraq, bu sahəyə diqqət yetirilmədi. Yeni təyinat almış kənd təsərrüfatı naziri ilk öncə kənd təsərrüfatı məhsullarının istehsalına daha ciddi fikir verməli idi. Ona görə ki, nazirliyin qarşısında duran vəzifələrdən biri bu sahədə doğru siyasətin aparılmasından ibarətdir. Onlar çalışmalı idi ki, fermerlərin suya olan ehtiyacı mövcud olan su potensialımıza uyğun olaraq ödənilsin və belə hallar baş verməsin”.

Ekspert onu da dedi ki, Azərbaycanın su potensialı, hətta itkiyə verilən su ölkənin suya olan ehtiyacından iki dəfə çoxdur.

“Ölkənin çox böyük su potensialı var. Lakin niyə bu sudan məqsədyönlü istifadə olunmur? Nəyə görə bu su potensialı məhsul yetişdirilməsində istifadə olunmur? Nazirliyin işi bundan ibarətdir. Ancaq bunun əvəzinə o, bir neçə normal kadr var idi, onları da işdən uzaqlaşdırdı, özü də kombayn sürücülərinə sertifikat verməklə, Belarusda istehsal olunan, lakin Gəncədə yığılan traktorların paylanması ilə məşğul oldu. Bu işlərin onun birbaşa vəzifəsinə heç bir aidiyyatı yoxdur. Dövlət bu sahəyə kifayət qədər büdcə ayırır” – deyə ekspert sözünə əlavə etdi.

Qeyd edək ki, yaranmış vəziyyətdən narahat olan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Nazirlər Kabinetinə hesabat məktubu hazırlayıb. ANS TV-nin yaydığı məlumata görə, bu il dövlət büdcəsindən 239 milyon AZN alan cəmiyyət büdcəni xərcləyib qurtarıb. Üstəlik, “Azərenerji”yə 6,7 milyon AZN də borclu qalan ASC-nin balansındakı su anbarları boş, suvarma kanalları hələ də istismara yararsız vəziyyətdədir. Növbəti ildə isə bu problemin təkrar yaşanmaması üçün müvafiq tədbirlərin görüləcəyi bildirilir.

Nazirliyin istehsalçılara göstərdiyi laqeyd münasibətdən isə ziyan çəkən fermerlərə heç bir şəkildə təzminat verilməyəcəyi bildirilib. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi gələcəkdə bu kimi problemlərdən qaçmaq üçün əhaliyə məhsullarını vaxtında sığorta etdirmələri ilə bağlı xəbərdarlıq edib.

Ekspert V.Məhərrəmovun sözlərinə görə, Azərbaycanın bir ildə istifadə etdiyi suyun miqdarı təxminən 11 milyard kub metr təşkil edir: “Halbuki 1 milyard kub metr su istifadə edən İsrail bizdən çox kənd təsərrüfatı məhsulları istehsal edir. Yəni ölkədə təsərrüfatçılıq, büdcə vəsaitinin talanmasına yol verilir. Nəticədə isə bundan daha çox əziyyət çəkən istehsalçılar və istehlakçılar olur.

COMMENTS