“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bir neçə gün əvvəl əməliyyat olunan futbolçusu Kevin Medinanın durumundan danışıb.
QOL.az xəbər verir ki, o, “Neftçi” ilə keçirilən oyundan sonra kolumbiyalı müdafiəçi haqda sualı cavablandırıb.
Baş məşqçi qeyd edib ki, komandanın aparıcı müdafiəçilərindən olan futbolçu fevralda Avropa Liqasında “Braqa” ilə keçiriləcək hər iki oyunu buraxacaq: “Medina fevrala qədər hazır olmayacaq. Əməliyyatdan sonra bərpa bəlkə 4 ay çəkdi”.
Q.Qurbanov Medinanın yoxluğunda müdafiəçi transfer etmək ehtimallarından da danışıb: “Desəm ki, konkret qarşımıza məqsəd qoymuşuq ki, mütləq mərkəz müdafiəçisi alacağıq, yox. Amma mentaliteti, oyunu bizə uyğun futbolçu olsa, yox demərik. Çünki biz ilboyu oyunçuları gözdən keçiririk. Bəzən elə futbolçu çıxır ki, onu əldən buraxmaq istəmirik. Variant çıxarsa, dəyərləndirəcəyik. Olmasa, belə davam edəcəyik”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab matçını isə fevralın 22-də Bakıda keçirəcək. Bu oyunda Medina zədəli, Marko Veşoviç isə cəzalı olduğu üçün iştirak etməyəcək.
COMMENTS