Qusarlı vəhhabinin işi ibtidai istintaqa qaytarıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayonunun Avaran kənd sakini, 1973-cü il təvəllüdlü Şərafəddin Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.

İttihama görə, Şərafəddin Mahmudov 2012-ci ilin avqust ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilib. Ona qarşı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 167-2.1-ci (qadağan olunmuş dini ədəbiyyat yaymaq), 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama), 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Şərafəddin Mahmudov apelyasiya şikayəti verərək barəsində olan hökmün ləğv edilməsini istəyib. O bildirib ki, məhkəməyədək icraata qədər və məhkəmə araşdırması prosesində barəsindəki cinayət işinin materialları ilə tanış olmağa imkan verilməyib. O, barəsində olan hökmün ləğv edilməsini və cinayət işinə yenidən baxılmasını xahiş edib.

Sumqayıt Apelyasiya Məhkəməsində təqsirləndirilən şəxsin apelyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsi barədə vəsatəti təmin edilməyib. Təqsirləndirilən şəxsin kasasiya şikayətinə Ali Məhkəmədə baxılıb.

Ş.Mahmudovun işinə yenidən baxılması barədə qərar qəbul edilib və cinayət işinin materialları araşdırılması üçün təkrar apelyasiya məhkəməsinə qaytarılıb.

Sumqayıt Apelyasiya Məhkəməsi Ş.Mahmudovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr, 2013-cü il tarixli hazırlıq iclasının qərarı və 27 may, 2014-cü il tarixli hökmü ləğv edilib. İş yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə, məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılıb.

Prosesdə hakim M.Xankişiyev bildirdi ki, Şərafəddin Mahmudovun hüquqlarının pozulması ilə bağlı məsələlərə aydınlıq gətirilməsi üçün cinayət işi yenidən ibtidai istintaqa qaytarılmalıdır. Buna görə də cinayət işinin icraatı dayandırılıb və iş materialları yenidən araşdırılması üçün ibtidai istintaqı həyata keçirən prokurorluğa qaytarılıb.

COMMENTS