Top.Mail.Ru

“Rəhim Qazıyevi bağışlaya bilmərəm” – Hüquq müdafiəçisi

“Rəhim Qazıyevi bağışlaya bilmərəm” – Hüquq müdafiəçisi

Novella Cəfəroğlu sabiq naziri zamanında  müdafiə etdiyi üçün peşmandır

Məlum olduğu kimi, ötən ayın 13-də barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmiş sabiq müdafiə naziri Rəhim Qazıyev quru aclıq aksiyasına başlamışdı. Bu barədə Rəhim Qazıyevin ailəsi “Amerikanın səsi”nə bildirmişdi.

Bəs hazırda Rəhim Qazıyevin vəziyyəti necədir? Aclıq aksiyasına davam edirmi? Hüquq müdafiəçilərindən kimlər onunla maraqlanıb?

İlk öncə xatırladaq ki, Rəhim Qazıyev iyulun 13-də Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumatda deyilir ki, 2020-ci il iyulun 12 və 13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycanın müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri olub. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilib, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa buraxılıb.

Rəhm Qazıyevin aclıq aksiyasına davam edib-etmədiyini müəyyənləşdirmək üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi: “Hazırda Penitensiar Xidmətinin tabeliyində olan qurumların heç birində həbs edilmiş şəxs və ya məhkum aclıq aksiyası keçirmir”.

Novella Cəfəroğlu: “Biz hökumətlə danışmağı bacarırıq” - MÜSAHİBƏ ...

Hüquq müdafiəçilərindən Novella Cəfəroğlu isə bildirdi ki, bu müddət ərzində Rəhim Qazıyevlə bağlı maraqlanmayıb və onu heç vaxt müdafiə etməyi düşünmür: “Mən onunla heç maraqlanmamamışam. Qoy onunla digər hüquq müdafiəçiləri maraqlansın. Ola bilər ki, hüquq müdafiəçisi kimi düzgün hərəkət etmirəm, buna görə məni tənqid edə bilərlər. Lakin Rəhim Qazıyev mənim üçün yoxdur. Heç vaxt da onu müdafiə etmərəm. Doğrudur, zamanında onu çox müdafiə etmişəm. Amma indi düşünürəm ki, çox nahaq etmişəm. Amma qoca adamdır, qoy başqa hüquq müdafiəçiləri onun müdafiəsinə qalxsın. Düşünürəm ki, onu müdafiə etmək istəyən çox adam var. Onlardan biri də Leyla Yunusdur. Amma mən etməyəcəm. Çünki Rəhim Qazıyevdir, Surət Hüseynovdur, onların ucbatından Qarabağda çoxlu sayda ölən gənclərimiz var. Buna görə onları bağışlamaq olmaz”.

Xalidə Gəray

“Yeni Müsavat”

COMMENTS