“Rəqib futbolçu deyib ki, “Qarabağ”ın epizodunda təmiz penalti var idi” – Qurban Qurbanov

“Rəqib futbolçu deyib ki, “Qarabağ”ın epizodunda təmiz penalti var idi” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda “Frayburq”a səfərdə uduzduqları matç (1:2) barədə fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, mütəxəssis oyundan sonra təşkil olunan mətbuat konfransında Almaniya təmsilçisini təbrik edib:

“Yaxşı mübarizə aparmaq istəyirdik. Rəqibdən çəkinmirdik. İlk 10-15 dəqiqə futbolçularda həyəcan yarandı. Daha sonra düzgün müdaxilələr etdik. Qarşıdakı matçlara hazırlaşacağıq. Bacardığımız qədər irəli getməyə çalışacağıq. Rəqib komandanı və baş məşqçini təbrik edirəm. “Frayburq”la “Qarabağ”ın gücü bərabər deyil. Səhv etməməyə və oyunumuzu itirməməyə çalışırıq. Mən də istəyirəm ki, gələcəkdə klublarımızın imkanları 10 dəfə artıq olsun. Heyətimizi bu cür rəqiblə müqayisə etmək düzgün deyil. Ümumi götürsək, bu gün futbolçuların sərgilədiyi oyundan razı qaldım”.

Q.Qurbanov görüşdəki mübahisəli penalti epizoduna da toxunub. O, epizodu izləmədiyini, lakin rəqib oyunçunun sonda “Qarabağ”ın futbolçularına həmin anda təmiz penalti olduğunu söylədiyini deyib: “Nəsə desək, faydası olmayacaq. İkinci dəqiqədə elə penaltinin verilməsi bizim üçün xoş hal deyil. Amma görüşün sonundakı penalti epizoduna baxmamışam. Rəqibin müdafiəçisi qarşılaşmanın sonunda bizim futbolçulara deyib ki, həmin epizodda təmiz penalti var idi. Bəzən kiçik epizodlar bizim kimi komandalara təsir edir. Deyəcək bir söz yoxdur. İnanırıq ki, qarşıda daha diqqətli olarlar. Bu, bizi ruhdan salmayacaq. Belə oyunlarda futbolçuların təcrübəsi artır. Bəzən 3-4 qolu qapımızda görə bilərik. Amma rəqiblərdən çəkinməyəcəyik. Hakimin qərarına isə müdafiə edə və onu dəyişə bilmərik”.

Qurbanov “Frayburq”un baş məşqçisi Kristian Ştrayxla dialoqundan da söz açıb: “Rəqib baş məşqçi dedi ki, Bakıya gəlmək onun üçün maraqlı olacaq. Bizimlə qarşılaşdıqları üçün şad olduqlarını vurğuladı. Görüşdən əvvəl bildirdi ki, yaxşı komandaya maliksiniz. Mən də eyni fikirləri ona söylədim”.

Mütəxəssis Filip Ozobiçin oyunda iştirak etməməsi barədə bu sözləri deyib: “Ozobiçin durumu yaxşıdır. Bu, mənim şəxsi qərarım idi. Bu gün istədiyim futbolçuları meydana buraxdım”.

Qurbanov statistikada “Frayburq”u üstələmələrini belə şərh edib: “Futbolda statistika mühim elementdir. Bu, futbolçunu daha inamlı və cəsarətli edir. Bu gün Bundesliqa liderini statistikada üstələyirik. Bunu gözləyirdikmi? Buna yox deməyəcəyəm. İstək və işgüzarlıq olanda hər şey mümkündür. Rəqibi daha üstün sayırdım və qiymətləndirirdim. Amma yenə deyirəm ki, güclü komanda olsa belə, qarşılaşmalara inamla çıxırıq. Bu gün daha istəkli idik deyə statistikada rəqibi üstələməyi bacardıq”.

Qeyd edək ki, görüşün 80-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Abdullah Zubir cərimə meydançasında yerdə qalsa da, baş hakim penalti təyin etməyib.

COMMENTS