“Rəşad Sadıqova təşəkkürümü meydanda bildirəcəyəm” – Araz Abdullayev

“Rəşad Sadıqova təşəkkürümü meydanda bildirəcəyəm” – Araz Abdullayev

“Zirə”nin yeni transferi Araz Abdullayev “Qəbələ”yə qarşı keçirilən Azərbaycan kubokunun ilk yarımfinal matçından sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az 32 yaşlı futbolçunun müsahibəsini təqdim edir:

– “Qəbələ” ilə matçda “Zirə”nin heyətində debüt etdiniz. Təəssüratlarınız necədir?

– Komandaya, baş məşqçiyə təşəkkür edirəm ki, mənə etimad göstərdilər, özümü göstərməyim üçün imkan yaratdılar. Mən də çalışıram məşqlərdə və oyunlarda etimadı doğruldum. Məqsədim gələcəkdə komandama daha çox fayda verməkdir.

– Ümumiyyətlə, “Zirə”yə keçidiniz necə alındı?

– Mənə jest etdilər. Bəzi dostlar və Rəşad müəllim sağ olsun. Çətin vaxtda mənə dəstək oldu. Buna görə ona təşəkkürümü bildirirəm. Əsas təşəkkürümü isə meydanda oyunumla bildirəcəyəm.

– Hələ yanvarda “Zirə”yə qoşulmaq üzrə olduğunuz deyilirdi. Həmin vaxt keçid niyə baş tutmamışdı?

– İndi alınıbsa, deməli, qismət belə imiş. Keçmişə yox, gələcəyə köklənmişəm.

– Mövsümün əvvəlində Kosovo klubuna transfer olundunuz. Qışda isə karyeranızı Gürcüstanda davam etdirmək ehtimalı var idi…

– Tək Gürcüstan yox, Qazaxıstandan da təklif almışdım. Lakin onlarla anlaşa bilmədik. Halbuki klubun düşərgəsində də olmuşdum. Amma alınmadı. Yenə deyirəm, hazırda bütün fikrimi “Zirə”nin uğurlarına yönəltmişəm.

– Gələcəkdə yenidən legioner həyatı yaşamaq barədə düşünürsünüz?

– Bəli, düşünürəm. Əvvəl fikirlər fərqli idi. Düşünürdük ki, kimsə 30 yaşa çatıbsa, deməli, daha xaricə yollanmaq üçün gecdir. Lakin indi fərqli düşünürəm. Əgər məşqlərə ciddi yanaşırsansa, nizam-intizama riayət edirsənsə, yuxu rejiminə diqqət yetirirsənsə, uzun müddət yaxşı formada qalmaq mümkündür.

– Son illər tez-tez klub dəyişirsiniz. “Zirə”də nə qədər qalmağı planlaşdırırsınız?

– İndi bu barədə çox düşünmürəm. Sadəcə bərpa olmağa köklənmişəm. Burda daha əvvəl birlikdə oynadığım şəxslərlə işləyirəm. Müqaviləm mövsümün sonuna kimidir. Razılıq olsa, sözləşməni daha 1 il müddətinə uzada bilərik. İndiki məqamda yalnız mövsümün son hissəsinə köklənmişəm.

– Millidə Rəşad Sadıqovla birgə oynamısınız, bu gün o, sizin baş məşqçinizdir. Futbolçu Rəşad Sadıqovla məşqçi Rəşad Sadıqov arasında hansı fərqlər var?

– Rəşad Sadıqovu hamımız tanıyırıq. Gözümüzü açandan onu millinin kapitanı kimi görmüşük. Sadıqovla işləmək mənim üçün həm rahatdır, həm də çətindir. Rahatdır ona görə ki, bir-birimizi çox yaxşı tanıyırıq. Çətin tərəfi isə odur ki, onun etimadını doğrultmalıyam.

– Klubda hər şey qaydasında getsə, Araz Abdullayevi yenidən millidə görə bilərik?

– Hər bir azərbaycanlı futbolçunun məqsədi millidə oynamaqdır. Avrokuboklarda da Azərbaycanı təmsil edirik. Bu da, millidə oynamaq da şərəfdir. İmkan düşsə, niyə də yenidən millidə forma geyinməyim?!

– Buna inam var?

– İnam həmişə var. Hər zaman inamlı olmuşam. Maksimum dərəcədə əlimdən gələni edəcəm ki, mənə etimad göstərən şəxslərin ümidlərini puç etməyim.

COMMENTS