Rəsmi İrəvandan şikayət: “Rusiya sərhədçiləri…”

Rəsmi İrəvandan şikayət: “Rusiya sərhədçiləri…”

“Rusiya sərhədçiləri Avropa İttifaqının müşahidə missiyasının nümayəndələrini “qaynar nöqtələrə” buraxmırlar”.

Musavat.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O deyib ki, Rusiya sərhədçiləri Aİ-nin müşahidə missiyasının nümayəndələrini Nerkin And kəndinə buraxmırlar.

A.Qriqoryan Rusiyanı Nerkin And dağındakı insidenti dayandırmamaqda günahlandırıb: “Aİ missiyasının bu əraziyə çıxışı yoxdur, Rusiyanın isə var. Rusiya hadisənin qarşısını ala bilmədi. Aİ missiyası tənzimləyici rol oynayır. Biz onların fəaliyyətini dəstəkləməyə davam edəcəyik”, – deyə Qriqoryan vurğulayıb.

Xatırladaq ki, fevralın 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonunun Nərkin-And yaşayış məntəqəsindən Azərbaycan ordusunun mövqelərini atəşə tutub, bundan sonra fevralın 13-də Azərbaycan silahlı qüvvələrinin bölmələri tərəfindən “Qisas əməliyyatı” keçirilib. Ermənistan Silahlı Qüvvələrinin atəşə tutulduğu döyüş məntəqəsi tamamilə məhv edilib.

Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter isə bu gün jurnalistlərlə görüşündə deyib ki, missiya Rusiya FTX-nin cavabdehlik zonasında olan Nerkin And ərazisi istisna olmaqla, Ermənistanın bütün ərazisinə səfər edə bilər:

“Biz öncədən də Nerkin Anda getməklə bağlı problemlərin yarana biləcəyini istisna etmirdik”, – Ritter bildirib.

Jurnalistlər Aİ müşahidəçilərinin Nerkin Anda buraxılmamasının nə ilə izah olunduğunu soruşduqda o, belə cavab verib: “Bu sualı Rusiya tərəfinə vermək lazımdır. Biz Ermənistanda qonaq kimiyik. Bu məsələni Ermənistan həll etməlidir, çünki biz Ermənistanda yerləşən Rusiyanın sülhməramlı qüvvələri ilə əlaqə saxlamırıq”.

Ritterin sözlərinə görə, belə bir problem yalnız Nerkin Andla bağlı mövcuddur.

Nigar HƏSƏNLİ

COMMENTS