RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə 75 illik yubileyi münasibətilə akademik Ziyad Səmədzadəyə, 85 illik yubileyi münasibətilə akademik Seyfəddin Əliyevə, 50 illik yubileyi münasibətilə akademik İradə Hüseynovaya, 75 illik yubileyi münasibətilə AMEA-nın müxbir üzvü Rauf Hüseynova və 60 illik yubileyi münasibətilə AMEA-nın müxbir üzvü Muxtar İmanova AMEA-nın Fəxri Fərmanını təqdim edib. Sonra akademik iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İclasda Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili, akademik Abel Məhərrəmov və universitetin fizika fakültəsinin dekanı, fizika elmləri doktoru, professor Məhəmmədəli Ramazanov “Nanomateriallar sahəsində aparılan tədqiqatlar, tətbiqlər və perspektivlər” adlı məruzə ilə çıxış ediblər. Məruzədə qeyd olunub ki, BDU-da hazırda nanostrukturların alınması, stabilləşdirilməsi, tədqiqi və tətbiqi istiqamətində uğurlu tədqiqat işləri aparılır. Tədqiqatlar zamanı nanostrukturlarda və onların əsasında alınmış kompozitlərdə tərkib-quruluş-xassə arasında əlaqələr və ölçü effektləri müəyyən edilib, nanokompozitlərin komponentləri arasında fazalararası qarşılıqlı təsirin onun xassələrinə təsiri tədqiq edilib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyətinin qərarı ilə məruzə bəyənilib.

İclasda tədqiqatların elm, təhsil və innovasiya fəaliyyətinin inteqrasiyasında əhəmiyyətini nəzərə alaraq, onların davam etdirilməsi və BDU-da nanomateriallar sahəsində aparılan multidisiplinar tədqiqatların AMEA-nın bu istiqamətlərdə çalışan müvafiq qurumları ilə əlaqəli aparılmasının təmin edilməsi barədə qərar qəbul edilib.

Gündəlikdəki növbəti məsələ AMEA əməkdaşlarının xarici ezamiyyətləri ilə bağlı olub. Bu barədə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, son zamanlar Akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri beynəlxalq elmi əlaqələrin genişləndirilməsidir. Bu məqsədlə AMEA-nın vəzifəli şəxsləri və elmi əməkdaşlarının xarici ölkələrə ezamiyyətlərinin sayı artmaqdadır. Akademik qeyd edib ki, bu hal ümumən müsbət olsa da, bəzən xarici ezamiyyətlərin kifayət qədər səmərəli olmamasına da rast gəlinir.

İclasda sözügedən məsələ ilə bağlı müzakirələr aparılıb. Akademiyanın vəzifəli şəxsləri və elmi əməkdaşlarının xarici ölkələrə ezamiyyətlərinin səmərəliliyinin artırılması məqsədilə, həmçinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasından AMEA-ya daxil olmuş 27 may 2015-ci il tarixli məktubu nəzərə alaraq, Rəyasət Heyətində qərar qəbul edilib. Qərarda bildirilir ki, vəzifəli şəxslərin və elmi əməkdaşların xarici ölkələrə ezamiyyətlərinin məqsəd və vəzifələri kifayət qədər əsaslandırılmalı, ezamiyyətlər yalnız zəruri hallarda həyata keçirilməlidir.

Sonra iclasda AMEA üzrə elektron elmin inkişafına dair Fəaliyyət Planı müzakirə olunub. Bununla bağlı çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev elektron elmin formalaşması və inkişaf etdirilməsi istiqamətindəki tədbirlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamla təsdiqlədiyi “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və Milli Strategiyanın icrası üzrə Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar olduğunu bildirib. Bu sahədə müvafiq tədbirlər həyata keçirməyə böyük ehtiyac duyulduğunu deyən R.Əliquliyev AMEA-nın Ümumi Yığıncağının 29 aprel 2014-cü il tarixli iclasında Akademiyada elektron elmin inkişafı ilə bağlı tədbirlər görmək istiqamətində qərarlar qəbul olunduğunu xatırladıb. R.Əliquliyev Akademiya üzrə 2014-cü il üçün elektron elmin monitorinqinin aparılması, kommunikasiya infrastrukturunun modernləşdirilməsi, AzScienceNet şəbəkəsinin istismarı, infrastrukturu və əməkdaşların İKT üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, AMEA üçün müxtəlif təyinatlı informasiya sistemlərinin yaradılması, elektron elmin formalaşmasının elmi-praktiki problemlərinin araşdırılması, həmçinin ölkədaxili, beynəlxalq inteqrasiyanın inkişaf etdirilməsi, elektron elmin populyarlaşdırılması və təbliğat işinin aparılması istiqamətində planlaşdırılmış işlərin fəaliyyət planında yer aldığını söyləyib.

Tədbirdə AMEA üzrə elektron elmin inkişafına dair fəaliyyət planı təsdiq edilib. Eyni zamanda planın icrasından irəli gələn məsələlərin həll edilməsi üçün AMEA İnformasiya Texnologiyaları İnstitutuna müvafiq tapşırıqlar verilib.

İclasda müzakirə olunan növbəti məsələ AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna ezam edilmələri haqqında olub. Bildirilib ki, AMEA ilə Rusiya Federasiyasının Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu arasında elmi əməkdaşlıq üzrə müqavilə imzalanıb. Bu müqaviləyə əsasən Radiasiya Problemləri İnstitutunun 5 əməkdaşı elmi-tədqiqat işlərinin aparılması və ixtisas artırma məqsədi ilə Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna ezam edilməlidir. Bunu nəzərə alaraq, onların ezam olunması ilə bağlı Rəyasət Heyəti qərar qəbul edib.

Sonra AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda (KQÜKİ) “Neft mənşəli kaustobiolitlərdən alınan nanokarbon materialları əsasında katalizatorların sintezinə və tətbiqinə dair fundamental tədqiqatlar (INTERLABCAT)” adlı beynəlxalq laboratoriyanın yaradılması barədə qərar qəbul edilib. Bu barədə çıxış edən Kimya Elmləri Bölməsinin akademik katibi, KQÜKİ-nin direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, institut Berlin Texniki Universiteti, Belarus Milli Elmlər Akademiyasının (BMEA) İstilik və Kütlə Dəyişməsi İnstitutu və Böyük Britaniyanın Huddersfild Universiteti ilə neft mənşəli kaustobiolitlərdən karbon nanomaterialların alınması və onların karbohidrogenlərin oksidləşməsi proseslərində katalizator kimi tətbiqi sahəsində əməkdaşlıq edir. Akademik vurğulayıb ki, beynəlxalq laboratoriyanın iştirakçıları neft xammalından karbon nanomateriallarının alınmasının əsaslarının işlənib hazırlanması və bu istiqamətdə aparılacaq digər tədqiqatlara maraqlıdırlar. Qeyd edib ki, yeni laboratoriya neft mənşəli nanokarbon katalizatorlarının alınması və onların tətbiqinin həlli istiqamətində beynəlxalq tədqiqat proqramının həyata keçirilməsinə imkan verəcək.

Tədbirdə digər qərarlarla AMEA-nın Geologiya və Geofizika İnstitutu və Nəsimi adına Dilçilik İnstitutunun Elmi şuralarının tərkibində dəyişiklik edilib. Həmçinin AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi və elmi təşkilati fəaliyyətinin təkmilləş­di­ril­məsi məqsədilə laboratoriya və şöbələrin yaradılmasını nəzərə alaraq, institutun yeni strukturu təsdiq edilib.

Daha sonra iclasda mərhum akademik Bəkir Nəbiyevin 85 illik, AMEA-nın müxbir üzvləri Şahbaz Muradovun 75 illik və Vəli Baxşəliyevin 60 illik yubileylərinin keçirilməsi barədə qərar qəbul edilib.

Sonda bir sıra kadr məsələlərinə də toxunulub. Rəyasət Heyətinin qərarları ilə AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin xahişini nəzərə alaraq tutduğu vəzifədən azad edilib. AMEA-nın müxbir üzvü Namiq Cəlilov həmin elmi təşkilatın direktoru vəzifəsini icra edən təyin edilib. Bundan başqa AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, akademik Adil Qəribov da öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Fizika elmləri doktoru Oqtay Səmədov həmən institutun direktoru vəzifəsini icra edən təyin edilib.

Həmçinin Arzu Məmmədxanlı AMEA-nın Humanitar Elmlər Bölməsinin, filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimova AMEA-nın İctimai Elmlər Bölməsinin elmi katibi vəzifələrinə təyin ediliblər.

AMEA Rəyasət Heyətinin Aparatı
İctimaiyyətlə əlaqələr və
elmin populyarlaşdırılması idarəsi
İctimaiyyətlə əlaqələr şöbəsi

COMMENTS