Rəsmi nikah bağlamağın özəl şərtləri

Bəzi üzrlü səbəblər olduqda nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər

Bu ilin ilk ayı ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 5,6 min nikah qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə nisbətən çoxdur. Belə ki, ötən ilin yanvar ayında Azərbaycanda rəsmi orqanlar tərəfindən 5,4 min nikah qeydə alınıb. Bundan başqa rəsmi statistika göstərir ki, son illər azərbaycanlılarla əcnəbilər arasında bağlanılan nikahların sayı xeyli artıb. Belə ki, 2013-cü ildə 2688 nikah əcnəbi vətəndaşlarla bağlanılıb. Əcnəbilərə ərə gedən azərbaycanlı xanımlar daha çox türklərlə izdivaca üstünlük verirlər.

Bəs, görəsən, Azərbaycanda nikah bağlamağın hansı şərtləri var? Ümumiyyətlə, ölkəmizdə kimlər nikaha girə bilməz?

Mövzu ilə bağlı bizimlə fikirlərini «Həftə içi”nə bölüşən Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi İsrafil Əlili bildirib ki, Azərbaycanda nikah Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri (rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Onun sözlərinə görə, bəzən üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər: «Xüsusi hallarda məsələn, hamiləlik, uşağın doğulması və s. nikahın ərizə verilən gün bağlanması mümkündür. Ümumilikdə ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən yaranır. Bu orqan nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər inzibati qaydada məhkəməyə şikayət edə bilərlər”.

Ekspert onu da qeyd edir ki, ölkəmizdə nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdır, nikah yaşı isə 18 yaşdır. Lakin bəzi üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur: “Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər. Nikahın bağlanmasının vacib şərtlərindən biri də nikaha daxil olan şəxslərin yazılı razılığıdır. Tərəflərin razılığı olmadan bağlanan nikah etibarsız sayılır”.

Tibbi müayinənin nəticələri həkim sirridir

İsrafil Əlili həmçinin deyib ki, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar, övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına icazə verilmir. Hüquqşünasın dediyinə görə, qanunvericilikdə nikaha daxil olmaq istəyən gənclərin tibbi müayinəsi ilə bağlı müddəalar da öz əksini tapıb. Belə ki, nikaha daxil olan şəxslərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların razılığı ilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AiDS) olmasını digər tərəfdən gizlətdikdə qarşı tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

Həmsöhbətimiz bildirib ki, ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya, öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Əgər nikah pozularsa ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir.

Subaylıq haqqında arayış mütləqdir

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi Pərviz Zamanlı isə “Həftə içi”nə bildirib ki, ölkə hüdudlarından kənarda yaşayanAzərbaycan Respublikası vətəndaşları arasında nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində bağlanır. Eyni zamanda, xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində əcnəbilər arasında bağlanan nikah Azərbaycan Respublikasında etibarlı hesab edilir.Onun sözlərinə görə, xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşının nikahın qeydə alınması üçün konkret sənədləri olmalıdır.

Yeri gəlmişkən, ailə qurmaq niyyətində olan şəxslər nikaha daxil olan şəxslərin yazılı razılığını, nikaha daxil olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin surətini, xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənədi, subaylıq haqqında arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbzi, əvvəllər nikahda olmuş şəxslər – nikahın pozulması haqqında şəhadətnamənin surətini və ya ərinin (arvadının) ölümü haqqında şəhadətnamənin surətini, yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı təqdim etməlidir. Həmçinin, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən nikahın qeydə alınması ilə əlaqədar müvafiq sənədlərin nümunəsi əlavə olunmalıdır. Bunlar nikahın qeydə alınması və nikah haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğuna ünvanlanan ərizə nümunəsi, nikah haqqında akt qeydinin nümunəsi, nikah haqqında şəhadətnamənin nümunəsi, nikah haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi barədə ərizənin nümunəsidir. Belə nikahlar konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.

Hüqüqşünasın öz açıqlamasında həmçinin qeyd edib ki, konsulluqlar nikahın bağlanmasının qeydə alınmasından imtina da edə bilər. Pərviz Zamanlının sözlərinə görə, bu barədə ərizə ilə müraciət etmiş şəxsə yazılı formada bildirilməlidir: “Konsulluq nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər və ya onlardan birinin inzibati qaydada yuxarı orqana və məhkəməyə şikayət etməsi mümkündür. Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında, eləcə də Azərbaycan Respublikasının vətəndaşları arasında bağlanan nikahın Azərbaycan Respublikasında pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasından kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində poza bilər. Əgər ər-arvadın o birgə nikahdan yetkinlik yaşına çatmayan övladları və aralarında əmlak mübahisələri yoxdursa, hər iksinin yazılı razılığı əsasında nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində də pozula bilər. Ər-arvadın yetkinlik yaşına çatmayan öladlarının olmasından asılı olmayaraq ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə və ya ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildiyi hallarda da nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində pozula bilər»

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

COMMENTS