Rabitə Nazirliyi gücləndirilmiş iş rejiminə keçdi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) internet istifadəçilərinə növbəti xəbərdarlığını edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin rəsmi internet saytında məlumat yerləşdirilib. Xəbərdarlıqda bildirilir ki, son günlər cəbhədə yaranmış gərginlik “informasiya müharibəsi”ndə də özünü büruzə verir.

Belə ki, Azərbaycan veb-resursları mütəmadi olaraq kiberhücumlara məruz qalır: “Mövcud şərait nəzərə alınaraq, yerli informasiya resurslarının sahibləri, müvafiq dövlət və özəl qurumlar tərəfindən informasiya təhlükəsizliyi məsələsinə, saytların dayanıqlı fəaliyyətinə daha ciddi diqqət yetirilməsi məsələsi gündəmdədir”.

ETM-dən o da bildirilir ki, Azərbaycan informasiya resurslarının təhlükəsizliyini təmin etmək məqsədilə Elektron Təhlükəsizlik Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: “Belə ki, kiberhücumlardan mühafizə üçün hər hansı insidentlə qarşılaşdığınız təqdirdə ETM-ə müraciət etmək olar. Bu məqsədlə müraciət etmək üçün ETM-in “qaynar xətt”indən (1654), e-poçt ünvanlarından (“reports@cert.az” və ya www.cert.az) faydalana bilərsiniz”.

COMMENTS