“Uyğur türklərinə oruc tutmaq, ibadət etmək yasaqlanıb. Onların işlətdikləri kafe-restoranlarda 6 növ içki satışı məcburi qaydaya çevrilib”.
Bunu “Azadlıq” radiosuna Dünya Uyğur Konqresinin başqan yardımçısı Seyit Tümtürk deyir.
S.Tümtürk fikrini əsaslandırmaq üçün iyunun 22-də müsəlman uyğurlar yaşayan Qaşqar əyalətində pivə festivalı keçirilməsini misal çəkir: “İnsanların oruc olduğu vaxtda küçədə içki festivalı keçirldi, qarşıdurmada 28 uyğur öldü. Çin polisi nümayişə qatılanlara atəş açdı. Onlara “vur” əmri verilib”.
“Röyters” agentliyi də bildirir ki, Ramazan ayında müsəlmanların yaşadığı ərazidə pivə festivalı keçirlib.
Seyit Tümtürk uyğurlara Çinin kommunist hakimiyyətinin böyük zülm siyasəti tətbiq etdiyini deyir: “Özəlliklə bu ərazidə ibadətləri, namaz qılmağı, baş örtüsü, saqqal saxlama kimi yasaqlarla Çin kommunist hakimiyyəti dinsizləşdirmə siyasəti tətbiq edir. Atesit yönətim uyğur türklərini assimilyasiya etməyə, həmçinin onları radikal terrorçular kimi təqdim etməyə çalışır”.
Uyğur türkləri ilə Çin Kommunist Partiyası arasında qarşıdurma ilk hal deyil. Çinin Sincan əyaləti son 3 ildə Ramazan ayı zamanı daha həsas bir əraziyə çevrilir.
Təkcə son 3 ildə burda yüzlərlə adam həyatını itirib, həbs edilənlər olub.
Seyit Tümtürk saxlananlara həbsxanada da işgəncə verildiyini deyir: “Uyğur türkləri həbs edilən zaman onların ailə üzvləri ilə görüşmək şansı yoxdur. Onlara işgəncə verilməsi, ac qalıb-qalmadıqlarını heç kim bilmir. Vəkil tutmaq hüquqları yoxdur. Hakim sifarişlə gələn cəzanı kəsir. Həbsdən çıxanların da bir-iki ay ərzində ölməsi barədə məlumatlar gəlir”.
Çin Kommunist Partiyasının uyğur türklərinə qarşı repressiyaları barədə 60 ildir məlumatlar yayılır. Uzun illərdir ki, Sincan əyalətindəki uyğurlara qarşı etnik ayrı-seçkilik edildiyi deyilir. Son bir həftədə 170-dən çox uyğur türkünün zülmdən qaçaraq Türkiyəyə sığınması haqda məlumatlar var.
Dünya Uygur Türkləri Konqresinin başqan köməkçisi deyir ki, uyğurlara olan etnik ayrı-seçkiliyin səbəbləri müxtəlifdir: “İlk olaraq Çin Doğu Türküstanı işğal edib ərazini tamamən çinliləşdirmək istəyir. Həm çinli, həm də digər etnik kökənli insanlardan olan müxalifəti susdurmaq, öz iqtidarını sürdürə bilmək üçün Doğu Türküstandakı mübarizləri radikal teroristlər kimi təqdim edir, öz əməllərinə haqq qazandırırlar”.
Çin Xarici İşlər Nazirliyi bir neçə gün əvvəl mətbuata açıqlama verib. Sözçü Hua Çunying bildirib ki, uyğurlar rahat və xoşbəxt şəkildə yaşamlarını davam edir. Onlar qanunlar şərçivəsində ibadət haqqı və azadlıqlarından yararlanır. Sözçü deyib ki, Sincanda hər hansı etnik problem yaşanmır.
COMMENTS