Ramil Usubov polis rəisinə niyə qəzzəblənib?

Mingəçevir şəhəri Ə.Vahid küçəsi, ev 2, mənzil 75 ünvanında yaşayan Nəbiyeva Gülər Cümşüd qızı prezident İlham Əliyevə müraciət edib

 

Sakin göndərdiyi müraciətində Mingəçevir şəhərində oğurluq, cinayətkarlıq hallarının baş alıb getməsindən və bütün bu olanlara polis rəisi Ələsgər Bədəlovun göz yummasından şikayətçidir. G. Nəbiyeva özünün də oğurluq hadisəsinin qurbanı olduğunu saytımıza göndərdiyi müraciətində ölkə prezidentinin diqqətinə çatdırıb.

 

O qeyd edir ki, polis şöbəsinin rəisi Ə. Bədəlovun hər işi pulla həll etməsi bu cür halların baş verməsinə şərait yaradıb:

 

“Şəhərdə polis rəisinin haqsızlığına məruz qalan yüzlərlə vətəndaşdan biri kimi bildirirəm kı,intihar həddindəyəm. Belə getsə, körpüdən özünü atan və ya od vurub yandıranlardan biri də mən olacam.

 

4 uşaq anasıyam. Böyük bir ailənin yeganə qazanc yeri evimizin qarşısında yerləşən mağazadır. Binamızın qarşısında sahibi olduğum mağaza 4 ayda 2 dəfə yarılıb. Oğru tutulub, sonra rəisə rüşvət verərək buraxılıb.

 

Mən banklara borcluyam, ödəyə də bilmirəm. 2-ci dəfə oğurluq hadisəsi baş verəndən sonra onlar tutulub və mənə bu haqda məlumat da verilib. Onlardan biri Səttar Elman oğlu cinayətini də boynuna alıb.

 

Onu 3 gün polis şöbəsində saxladılar. Polis rəisi şəxsən dedi ki, oğrunu tutmuşuq, boynuna da alıb, sənin pulun da ödənəcək. Sonra oğru buraxıldı və rəis mənə dedi ki ”əvvəl boynuna almışdı, indi deyir mən etməmişəm, zorla boynuna qoyası deyiləm ki?”.

 

Gülər Nəbiyeva qeyd edir ki, bu hadisədən sonra Mingəçevir şəhər Polis Şöbəsinin yollarında qalıb: “Daxili işlər Naziri Ramil Usubov Göyçayda vətəndaşları qəbul edərkən onunla görüşdüm. Mən bu cinayəti gizlədildiyi haqda məlumat verdim, cənab nazirdən oğurlanan malların pulunun geri qaytarılmasını xahiş etdim.

 

Amma maraqlısı budur ki, rəis Ramil Usubovun qəbulunda əvvəlki dediklərinin əksinə olaraq oğrulara evdə həbs verdiyini dedi. Nazir rəisə əsəbləşdi, ona oğruları təcili həbs etməyi tapşırdı. Ə. Bədəlov nazirə söz verdi ki, oğru tutulacaq və qadına dəymiş ziyanın ödənılməsi təmin olunacaq.

 

O, mənimlə yanaşı ölkənin Daxili işlər Nazirini də aldatdı. Rəis nazirin tapşırığına da saymazlıq edərək oğruları yenə də tutmadı. Nazirin qəbuluna min bir əziyyətlə yazılmışdım.

 

Şöbədə yazılmaq istəsəm də yazmadılar, əksinə rəis məni çağırıb şikayət etməkdən çəkindirmək istəyirdi. Mənə ”Qorxmursan oğlanların var, sən bu şəhərdə yaşamırsan? ” deyə hədələdi.

 

Min bir əziyyətlə Bakıya zəng edib borcum olduğunu və qəbula salınmayacağım halda özümü yandıracağımı dedikdən sonra məni qəbula saldılar. Amma bu görüşün də heç bir nəticəsi olmadı. Oğrular sərbəst şəhərdə gəzir.

 

Mənim malımı yedikləri bəs deyil, elə bil adama acıq verirlər. Mən borcun içindəyəm. Mənə dəyən ziyan 5000 manat pulun əvəzinə bankda borcum artıq 13 min manata çatır.

 

Özümü öldürmək dərəcəsinə çatmışam. Mənim övladım hərbçidir, yeganə gəlir yerimiz o mağazadır. Neçə dəfə intihar etmək istəmişəm.

 

Əgər bu məktubuma da baxılmasa, mallarımı qaytarıb oğrular tutulmasa, Mıngəçevirin rəisi məni ələ saldığına və oğruları buraxdığına görə cəzalanmasa, mənim körpüyə çıxıb özümü atmaqdan, ya da od vurub yandırmaqdan başqa çarəm qalmır”.

 

Məsələ ilə bağlı yazıda adları çəkilən tərəflərin mövqeyini dərc etməyə hazırıq.

COMMENTS