“Ramil Usubovla qarşılaşsam, soruşacam ki…”

Kult.az-ın BAŞI DUMANLI layihəsində Firəngiz Mütəllimova Şuşa ilə bağlı xatirələrini bölüşür. Bu günə qədər elə bir gün olmayıb ki, Şuşa mənim yuxuma girməsin. Hər mövsüm dəyişəndə mən Şuşanı xatırlayıram.

 

Elə bil, haradansa Şuşanın ətri burnuma gəlir. Məhləmizi xatırlayıram. Şuşada yağan qarı mən heç bir yerdə görməmişəm. Günəşin altında qar yağardı. Yeni ildə küknar ağacını bəzədiyimiz kimi naxışlı qarlar görmüşəm Şuşada. Amma yadımdadır, qışda sular donurdu. Su gələndə böyük növbələr yaranırdı. Bəzən qar elə yağırdı ki, bizdən də hündür. Bezirdik qarın yağmağından. Bakıda külək heç qoymur qar yerə düşsün. Günün altında qarın yağmağına öyrəşmişdik. Yadımdadır, hamımızın “sanka”sı var idi. Dərsdən çıxanda sürüşə-sürüşə gedirdik evə. O yerlərin dəyəri mənə indi çatır. İlin bütün fəsillərinin havası üçün darıxıram Şuşanın. Qəşəng həyət-bacamız var idi. Şuşadakı armudun dadını heç yerdə tapa bilmirəm. Elə armudlar olurdu ki, dərib samana qoyub, onu qışda yeyirdik. “Məleykə armud” deyirdilər elə armudlara. Tut çırpma xatirələrimiz maraqlı olurdu. Biz Şuşada yayı səbirsizliklə gözləyərdik. İstirahətə gələnlər arasında özümüzə dostlar tapırdıq. Sonra il boyu onlarla məktublaşırdıq. Bir də yadıma gəlir, biz həm məktəbdə, həm də institutda oxuyanda Xirosima hadisəsindən sonra Vyetnama yardım kampaniyaları keçirilirdi. Bir gün dedilər ki, vyetnamlı uşaqları Şuşaya gətirib, sanatoriyaya yerləşdiriblər. 15 gün də orda qalacaqlar. Rəfiqəmlə onlara hədiyyələr alıb görüşlərinə getdik. İki nəfərlə dost oldum, təxmini, iki il onlarla məktublaşdıq. rusca yazışırdıq. Biri Bulvantuk, o biri Tomh idi. İnstituta girəndən sonra itirdim onları. Şuşanın girəcəyində “Dom otdıx” deyilən məşhur bir yer var idi. Şənbə-bazar günləri axşam üstü olanda ora qalxardıq. Ora Rusiyanın hər yerindən turistlər gəlirdilər. Rəqs meydançalarında şou proqramları izləyirdik. Mən həmişə “Ya Mustafa” mahnısı oxunan kimi başlayırdım oynamağa. Həmin rəqsi oynadığım günlər özümü xoşbəxt hiss edirdim. Həmin rəqs meydançasında hündür ağaclar var idi, hansı ki “Üzeyir ömrü” filmində “Ərim gəldi” deyilən səhnə var, məhz həmin epizod orda çəkilib. Qədimdə qadınlar o yerdə oturub faytonla gələn tacir ərlərini gözləyirmişlər. Elə o vaxtdan da oranın adı qalıb “ərim gəldi”. Uşaqlıqdan ağlım kəsəndən aktrisa olmaq istəmişəm. Bunu uzun zaman gizlətmişəm ki, evdəkilər qarşı çıxarlar. Amma anam narazı olsa da, sonda mənə mane olmadılar. Ən maraqlısı da o idi ki, biz kinoteatr olan məhəllədə yaşayırdıq. Kinonun başlamasına yarım saat qalmış oturacaqlarımızı gətirib qoyurduq qapının ağzına, gələnlərə baxırdıq. O vaxt Flora Kərimova kimi tanınmış adamlar gəlirdilər kinoya, bizdə həvəslə onlara baxardıq. Uşaqlıqda yadımdadır, məhəllə uşaqlarını yığırdım kinoteatrın qarşısında pilləkənlərə. Orda kukla teatrları göstərir, hind mahnıları oxuyardım. O vaxtdan hind kinolarına həvəsli idim, dayım da kinoteatrda işləyirdi. Gündə üç seans film izləyirdim. Atam “bir gün hamının içində səni ordan elə çıxardacam ki, utanacaqsan. Bəsdir, adam bir gündə neçə dəfə filmə baxar”– deyirdi. Yenə də dərs almırdım. Doğrudan da, dediyini etmişdi, qapıçıya yalvar-yaxar edib arxa qapıdan qaçmışdım kinoteatrdan. Ondan sonra ancaq şənbə günləri icazə ilə gedirdim kinoya. O vaxt bizim avtovağzalın adı “Soyuz trans” idi. Ordan bir az yuxarı qalxanda “Turşsu” deyilən məşhur su var idi. Yayda hər gün axşam altının yarısı gedirdim ordan su gətirməyə. Hələ də o suyun dadı mənim damağımdadır. Qəribəsi də bu idi ki, bir gün qalandan sonra su öz ətrini, tamını itirirdi. Şuşanın məxsusi mətbəxi, yeməkləri var idi. Məsələn, bakılılar “xingal” deyir, biz “xəngəl” deyirik. Şuşaya xəngəl yeməyə gəlirdilər. Şuşanın plovları – boyanalı plov, şüyüdlü plovları məşhurdur. Cıdır düzündə bitən “qırxbuğum” deyilən bitki var idi, ondan da dadlı plov hazırlanırdı. Şuşada bayramlar da bir başqa qeyd olunurdu, xüsusilə də Novruz bayramı. Əsas da axırıncı çərşənbəyə xüsusi hazırlanardıq. Yadımdadır, kişi paltarı geyinərdim, kömürdən bığ düzəldərdim özümə, gedərdik torba atmağa. Bir ay əvvəldən torba tikirdik özümüzə. Elə edirdik ki, bir-birinə bənzəməsin. Hərənin torbasının özünəməxsus bəzəyi olurdu. Özüm də deyirdim ki, güllü torba mənimdir, içini yaxşı doldurarsınız. Biz polis olan məhəllədə yaşayırdıq. Bir dəfə təzə pasportların gəldiyi dövr idi. Bir nəfər  gəldi ki, sənin şəklini polis divarına vurublar. Atam narahat halda polis idarəsinə getdi. Ramil Usubov o vaxt Şuşada rəis idi. Atama demişdi ki, bu nümunə üçün vurulub. Ramil Usubov vəsiqəmi təqdim edəndə demişdi ki, “Azərbaycana layiqli vətəndaş ol”. Heç rastlaşmırıq. Rastlaşsaydıq, soruşardım ki, “Ramil müəllim, necə vətəndaşam?” Bizim məhləmiz “Aslan Qaraşanov küçəsi” gedirdi. Orda iri bir ağac var idi, həmin ağacın altında da bulaq. Deyirdilər, həmin bulağı Xan qızı Natəvan çəkdirib. Mən kiməsə “Aslan Qaraşanov küçəsində yaşayırdım” deyəndə heç kim tanımırdı, elə ki “ağac bulaq” deyirdim tanıyırdılar. Qəribə bir əhvalat danışım: mən sonuncu dəfə Şuşada olanda səhər yuxudan oyananda elə bildim ki, meşədəyəm. Gördüyüm mənzərədən dəhşətə gəlmişdim. Pəncərənin ağzında ağac var idi. Həmin ağac özündən aşmışdı, hansı ki, məşhur bulağa kölgə salırdı. Elə bil, ağaclar da həyəcan təbili çalırdı ki, qorxulu hadisə gözlənilir. Halbuki o ağac mənim anam uşaq olanda da var idi. Necə aşa biləcəyini başa düşə bilmirdim. Bax bu hadisə mənə çox pis təsir etmişdi. Şuşanın işğal ərəfəsində mən Türkiyədə qastrol səfərdə idim. Bir də gördüm ki, Ramiz Novruzov telefon köşkündən çıxdı, başını divara vururdu. Yaxınlaşdım ki Ramiz nə olub? Dedi, “Şuşa alındı”. Dedim, “necə alındı? Şuşa alına bilməz”. Mənim uşaqlıqdan ağlımda qalmışdı ki, atam həmişə deyirdi ki, Şuşanı heç o vaxt Şah Qacar ala bilməyib, bu yerləri heç kim ala bilməz. Dəhşət yaşadım həmin anda. Çünki atam-anam orda idi. Çox narahat idim. Sonra dedilər Bakıda vəziyyət qarışıb. Evdəkilərdən xəbər ala bilmədim ki, Bakıya gəldilər, ya yox? Hər dəfə Türkiyəyə gedəndə o səhnə yadıma düşür. Anamla bacılarım helikopterlə gəlmişdilər. Atam sonra tək çıxmışdı şəhərdən. Atam gələndə anam “qazı söndürdün, soyuducunu keçirdin” kimi suallar verirdi atama. Atam anama izah edə bilmirdi ki, Şuşa artıq yoxdur, ermənilərin əlindədir. Anam inana bilmirdi və inanmaq da istəmirdi. Atam xoş olmayan nələrisə görmüşdü, amma bizə demirdi. Nələrlə rastlaşmışdısa atam elə o vaxtdan sonra xəstəliyə tutuldu. Əslində isə atam Şuşadan yox, Qəbələdəndir. Orda doğulub, orda yaşayan olublar. Anamla atamın müəllim kimi təyinatları Ağcabədiyə verilib. Sonra Şuşaya köçüblər. Qəbələdən olsa da, atam Şuşanı çox sevirdi. Hətta dünyasını dəyişəndə mən onun ciblərini yoxladım ki, birdən nəsə bir xatirə çıxar anam görməsin, qadına pis təsir edərdi. Balaca bir bloknot tapdım atamın cibindən. Orda axırıncı səhifələrdə yazmışdı ki, “Şuşam səni görəcəmmi, yoxsa Bakıda öləcəmmi?” Atam, bəlkə də, Şuşada doğulandan çox şuşalı idi. Həmişə o yerlərin həsrətini çəkirdi. İnanın çox vaxt “atam qəbələlidir” deyəndə, “Bəhər müəllim şuşalı deyildi?”– deyə sual verirlər. Şuşada sonuncu dəfə işğaldan bir il əvvəl olmuşdum. Yay vaxtına təsadüf edirdi. Şuşanın işğalını ağlıma gətirə bilmirdim, amma o vaxt camaatı yoldan yığırdılar, bir-bir əsir götürürdülər. Elə bil, kimsə içəridən deyirdi bunları. Hətta yadıma gəlirdi atam məni Bakıya yola salanda heç kimə, hətta qohumlarıma da demirdi. Şuşa-Bakı avtobusu ilə yox, adi balaca avtobuslarla, günün bilinməyən saatlarında yola salardı Ağdama. Sonra Ağdamdan maşınla çıxıb Bakıya gəlirdim. Heç yatsam, yuxuma gəlməzdi, Şuşa alınar. İşğaldan sonra Bakıya gələndə o müharibə psixologiyamızdan çıxmırdı. Hər dəfə qapı döyüləndə balaca bacım İlhamə qorxurdu. Elə bilirdi ki, yenə də atışmadı. Yadıma gəlir, bir dəfə Şuşada olanda atışma başladı. Qaçdım eyvana ki baxım, atam qoymadı. Atışma vaxtı zirzəmidə gizlənirdik. Biz tərəfdə nə qədər evlər dağıdıldı, yandırıldı, amma nə sirr idisə bizim evə heç nə olmadı. Heç birimizin burnu da qanamadı. İşğaldan sonra evimiz olan məhəllənin fotolarına baxdım. Məhəlləmiz demək olar ki, yoxdur. Həmin şəkili Şuşa mədəniyyət şöbəsinin müdiri Zahid müəllim göstərdi. Tozlu-torpaqlı ot basmış küçələr… Mənə elə gəldi ki, hardasa viranə bir yerə baxırdım. Çox pis olmuşdum. Sonra deyirlər, “niyə beyin əməliyyatı oldun?” Bax… belə şeylər adama təsir edir. İnsan hər şeyi ürəyinə sala-sala məhv olur. Qardaşım ürəkdən əməliyyat oldu, mən də beyindən. Mənə dedilər ki, düz etmədin o fotolara baxmaqda. Nə edim. Baxmaya da bilməzdim. Şuşa ilə bağlı verilişlər olanda mən anam görməsin deyə, hər dəfə kanalları dəyişdirirəm. Xarı Bülbül gülündən heç yerdə görə bilməzsiniz. Heç bir ayrı torpaqda bitmir o çiçək. O çiçəyi bir Şuşada gördüm, bir də indi kitablarda…

COMMENTS