Top.Mail.Ru

Ramiz Mehdiyev Paşinyanın səhvini göstərdi

Ramiz Mehdiyev Paşinyanın səhvini göstərdi

Azərbaycanın müstəqillik illərində yürütdüyü tarazlaşdırılmış xarici siyasət, neft-qaz ehtiyatlarından praqmatik şəkildə istifadə edilməsi, sosialyönümlü daxili siyasət onu haqlı olaraq bütün dünyada hörmət qazanmış müasir sabit dövlətə çevirib. Lakin Azərbaycan dövlətinin xarici siyasətinin ən mühüm prioriteti olan, keçmiş Sovet İttifaqından miras qalmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də özünün qəti və ədalətli həllini gözləyir.

AzərTAc xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycan və rus dillərində yenicə çapdan çıxmış “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” kitabında yer alıb.

Birinci Qarabağ müharibəsi

Mötəbər tarixi mənbələrə əsaslanan dəyərli nəşr

Akademik Ramiz Mehdiyev yeni əsərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin köklərinə nüfuz edərək hadisənin nədən başladığını ən mötəbər mənbələr əsasında, sistemli şəkildə və mərhələlər üzrə təhlil edir. Alimin fikrincə, bu münaqişənin mahiyyətini, səbəblərini və indiki konyunkturunu anlamaq üçün onu, ilk növbədə, Rusiya imperiyasının və sovet hakimiyyətinin Cənubi Qafqazda köçürmə siyasəti kontekstində araşdırmaq lazımdır.

Əsərdə I Pyotrun Qafqaza yürüşü və Xəzəryanı sahillərin Rusiyaya birləşdirilməsi, XIX əsrdə rus-İran müharibələri, Türkmənçay müqaviləsi və ermənilərin əzəli Azərbaycan torpaqlarına – keçmiş Qarabağ, Naxçıvan və İrəvan xanlıqları ərazisinə köçürülməsinin birinci dalğası, habelə Rusiya ilə Osmanlı İmperiyası arasında Adrianopol sülh müqaviləsindən sonra ermənilərin köçürülməsinin ikinci dalğası məntiqi ardıcıllıqla diqqətə çatdırılır. Bütün bunları müəllif hadisələrin cərəyan etdiyi dövrün mənbələri, o cümlədən Rusiyanın İranda səfiri olmuş Aleksandr Qriboyedovun “Ermənilərin İrandan bizim vilayətlərə köçürülməsi haqqında” (1828) qeydləri, Sergey Qlinkanın “Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri və Ermənistanın tarixi dövrlərinin ilkin qısa şərhi” (1831), Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (1878) və digər mənbələr əsasında təqdim edir. Məsələn, kitabda istinad edilən Nikolay Şavrovun 1911-ci ilə aid qeydlərindən aydın olur ki, hələ o zaman Zaqafqaziyada 1 milyon 300 min ermənidən 1 milyondan çoxu yerli əhali deyil, Rusiya tərəfindən köçürülənlər olub. Bu və digər mənbələr regionda ermənilərin yerli müsəlman əhaliyə faiz nisbətinin süni şəkildə dəyişdirildiyini təsdiqləyir. Akademik təkzibedilməz faktları ümumiləşdirərək yazır: “Monofizit erməni kilsəsinin milli dövlət yaratmaq səyləri Rusiya imperiyasının müstəmləkəçilik maraqları ilə üst-üstə düşürdü: Rusiya ermənilərin İrandan və Türkiyədən Cənubi Qafqaza köçürülməsinə və gələcəkdə orada Türkiyə və İranla həmsərhəd olan ayrıca erməni vilayəti yaradılmasına kömək edir və öz növbəsində, ermənilərin üzərinə bu regionda çar Rusiyasının sədaqətli müttəfiqləri, yəni, Rusiyanın forpostu olmaq vəzifəsi qoyurdu”.

Çar Rusiyasının ermənipərəst siyasətinin sovet Rusiyası tərəfindən də davam etdirildiyini əsaslandıran akademik Dağlıq Qarabağ Muxtar Vilayətinin süni şəkildə yaradılmasını, habelə Zəngəzur, Göyçə və Azərbaycanın digər əzəli torpaqlarının Ermənistanın tərkibinə qatılmasını, Naxçıvanın anklava çevrilməsini buna misal olaraq göstərir. Müəllif, həmçinin sovet dövlətinin Türkiyə ilə bağlı təşvişindən qaynaqlanan fəaliyyətini, Moskvadakı ermənipərəst dairələrin məqsədyönlü fəaliyyətini diqqətə çatdırır: “Gizli deyil ki, erməni şovinizminin ideoloqları ənənəvi olaraq Türkiyəyə və Azərbaycana açıq iddialar irəli sürür, Şərqi Anadolunun, Naxçıvanın, Qarabağın və Zəngəzurun vaxtilə “dənizdən-dənizə uzanan böyük Ermənistan”ın vilayətləri olduğunu deyirdilər. Sovet hakimiyyəti dövründə ermənilər Zəngəzur ərazisini özlərinə birləşdirmək və Qarabağ erməniləri üçün muxtariyyətə nail olmaq, bununla da gələcəkdə Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının təməlini qoymaq imkanı əldə etdilər”.

Qafqaz Bürosunun tarixi iclasından sonra

Akademik Ramiz Mehdiyevin vurğuladığı məqamlardan biri də ermənilərin köçürüldükləri ərazidə etnik tərkibin dəyişdirilməsinə yönəldilən siyasətdir. Kitaba azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistan SSR-dən kütləvi deportasiyası, 1946-1949-cu illərdə Ermənistan ərazisinə ermənilərin köçürülməsinə dair faktlar daxil edilib. Görkəmli alim bu qənaətə gəlir ki, çar Rusiyası və sovet hakimiyyəti tərəfindən iki əsr ərzində həyata keçirilmiş köçürmə siyasəti regionun demoqrafik mənzərəsini əhəmiyyətli dərəcədə dəyişib. 1988-1993-cü illərdə azərbaycanlıların Ermənistandan, Dağlıq Qarabağdan və Azərbaycanın işğal edilmiş yeddi rayonundan qovulması bu prosesin son akkordu olub. Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, ilk növbədə, etnik azərbaycanlılara qarşı həyata keçirilən deportasiya, zor gücünə qovma və soyqırımı siyasətinin məntiqi nəticəsi və növbəti mərhələsi kimi baxmaq lazımdır.

Müəllif ötən əsrin 80-ci illərində baş vermiş hadisələrə toxunaraq yazır ki, SSRİ-nin ali rəhbərlərindən biri olan Heydər Əliyevin hakimiyyətdən kənarlaşdırılması nəticəsində Ermənistanın ultramillətçi dairələri, onların Kremldəki və xarici ölkələrdəki havadarları tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılması və onun Ermənistana birləşdirilməsi üçün əlverişli siyasi zəmin yaradıldı. Mixail Qorbaçov başda olmaqla SSRİ-nin ovaxtkı rəhbərliyinin millətçilərin separatçılıq səylərinə himayədarlıq yolunu seçməsi vəziyyəti daha da kəskinləşdirdi və 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş təxribata məhz bu kontekstdə yanaşmaq lazımdır.

Akademik Dağlıq Qarabağda faciəli hadisələrin başlanğıcında Azərbaycanın ovaxtkı kommunist rəhbərlərinin və Xalq Cəbhəsi liderlərinin mövqesizliyinin, məsuliyyətsizliyinin və qeyri-peşəkarlığının da Azərbaycan ərazilərinin işğalına şərait yaratdığını təəssüflə qeyd edir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi dövlətlərarası münaqişə kontekstində

Münaqişənin sonradan SSRİ-nin dağılmasında katalizatorlardan birinə çevrildiyi fikri ilə razılaşan müəllif problemi, həmçinin dövlətlərarası münaqişə kontekstində araşdıraraq yazır: “Bu münaqişə beynəlxalq problemə, regional və dünya miqyaslı müxtəlif aktorların və onların mənafelərinin toqquşduğu nöqtəyə çevrilməklə bərabər, həm də qarşıdurma vəziyyətindəki tərəflərə təsir və təzyiq mexanizmi oldu”.

Kitabda problemin nizamlanmasının hüquqi əsası olan və bu gün də hüquqi qüvvəsini saxlayan beynəlxalq sənədlər nəzərdən keçirilir. Məsələn, SSRİ dağılandan sonra Azərbaycanın beynəlxalq sərhədləri (digər müttəfiq respublikaların sərhədləri kimi) dünya birliyi tərəfindən “uti possidetis juris” prinsipi əsasında, yəni, müstəqillik əldə edildiyi anda mövcud olan keçmiş inzibati sərhədlər çərçivəsində tanındı. Bu müddəa Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında 1991-ci il 8 dekabr tarixli Sazişdə də öz əksini tapdı. Saziş dekabrın 21-də Azərbaycan və Ermənistan da daxil olmaqla, on bir keçmiş müttəfiq respublika tərəfindən Alma-Atada imzalanmış protokol ilə təsdiqlənib. Müəllif buna misal olaraq bir sıra beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələrini xatırladır.

 

COMMENTS