Ramiz Mehdiyevi öz taktikası ilə vuran kimdir? – Hücum başladı

Ramiz Mehdiyevi öz taktikası ilə vuran kimdir? – Hücum başladı

AMEA prezidenti Ramiz Mehdiyevə qarşı növbəti təbliğat kampaniyasına start verilib. Bu, Mehdiyevə qarşı “ikinci dalğadır”. Birinci dalğa onun karantin qaydalarına ziddi olaraq nəvəsinin toyunda iştirakı ətrafında baş vermişdi.

Həmin kampaniya zamanı R.Mehdiyevin kürəkəni İ.Əliyev inzibati qaydada həbs edildi. Əslində, həbs edilməyə də bilərdi – nəzərdə tutulan ən yüksək məbləğdə cərimə (4 min manat) tətbiqi də mümkün idi. Lakin sabiq PA rəhbəri və hazırkı AMEA prezidentinə “dövlətin kim olduğu” bildirilməli və yeri göstərilməli idi, belə də oldu.

Ümumilikdə Ramiz Mehdiyevin AMEA-ya gəlişindən sonra bu qurumda demokratiyanın artdığını böyük həvəslə deyə bilərik. Qətiyyən elə düşünməyin ki, söhbət AMEA idarəetməsindən gedir. Məsələn, İdarə Heyətinin toplantılarında hansısa institut direktoru külli miqdarda vəsaiti mənimsəməkdə, qohum-əqrəbasının əli ilə tenderləri öz şirkətlərinə verməkdə, hansısa institut maxinasiyaların baş alıb getməsində və s. ittiham edilir. Həm də bunları Ramiz Mehdiyev şəxsən özü edir. Əvvəl belə hala rast gəlmək olardımı?

Amma nəticə olmur: ya həmin institut direktorları işlərinə davam edirlər, ya da heç bir məsuliyyətə cəlb edilmədən bir addım kölgəyə çəkilirlər.

Digər “demokratiya” AMEA-da çalışanların rəhbərliklə bağlı sərt çıxışlarıdır. AMEA-da hansısa bir işçinin, şöbə müdirinin və yaxud hətta institut direktorunun AMEA prezidenti haqda sərt və ağır sözlərini deyən görmüşdünüzmü?

Elə Tarix İnstitutundakı son qalmaqalı götürək: Kərim Şükürov Ramiz Mehdiyevin ədalətsiz tənqidinə qarşı ən sərt şəkildə çıxış edib, nəinki institut direktorluğundan, bütövlükdə AMEA-dan istefa ilə bağlı ərizə yazdı. Amma Ramiz Mehdiyevin rəhbərlik etdiyi RH iclasında bu ərizə qəbul olunmadı.

K.Şükürovun cavabı isə olduqca unikal idi: “Mehdiyev ərizəmi qəbul etməyə belə qorxdu”.

Siz təsəvvür edirsinizmi ki, Ramiz Mehdiyevdən əvvəl hansısa institut direktoru AMEA prezidentinə meydan oxusun və o, cəzalanmasın, istefa verdiyi halda belə vəzifəsində saxlanılsın?

Yoxdur, olmayıb belə bir hal AMEA-da! Əksinə, AMEA rəhbərliyi əleyhinə dar çərçivədə, xısın-xısın danışan hansısa alim müxtəlif vasitələrlə şantaj edilib, şərlənib və AMEA-dan qovulub, hüquqları əlindən alınıb və s.

Ramiz Mehdiyev əməlli-başlı “demokratiya” yaradıb, inanın. Amma bu demokratiyada Ramiz Mehdiyevin zərrəcə “günahı” yoxdur.

Əsl proses ondan ibarətdir ki, hakimiyyətdə olan bəzi qüvvələrlə Ramiz Mehdiyevin davası gedir və həmin qüvvələr AMEA daxilindəki narazılara böyük meydan tanıyıblar. Həmin narazılar da sözlərini cəsarətlə deyə bilirlər. Ramiz Mehdiyevin isə onları AMEA-dan çıxarmaq “lüksü” yoxdur, çünki belədə böyük “üçüncü dalğa” başlayar və bu olar “sunami”, Mehdiyevin bu vaxta qədər etdikləri, yığdıqları və s. zadları tamam-kamal süpürüb aparar.

R.Mehdiyev bütün bunları hesablayır, daşın haralardan atıldığını bilir, ona görə dodaqlarını dişləmək bahasına hansısa alimin onun haqda ən ağır sözləri deməsini həzm edir.

Gör dünyanın harasıdır ki, Ziya Məmmədovun qardaşı Elton Məmmədov da Ramiz Mehdiyevə qarşı ən sərt şəkildə çıxası olur. E.Məmmədov faktiki olaraq hər zaman Ramiz Mehdiyevin çətiri altında olub, onun hesabına deputat seçilib, onun hesabına AMEA sistemində elmlər doktoru olub. R.Mehdiyev AMEA rəhbəri olduqdan sonra da E.Məmmədovu yanına çağıraraq, ona yüksək etimad göstərib, vəzifə verib. Və qəfildən E.Məmmədov Ramiz Mehdiyevin ən qatı düşməninə çevrilir?

E.Məmmədovu kimlər danışdırır və hansı cəbhəyə adlayıb – bunu özü bilər. Hər bir halda E.Məmmədovun R.Mehdiyevə qarşı danışmağa cəsarətlənməsinin mənbəyi hər kəsə qismən də olsa, aydındır.

İndi bunları oxuyanlar elə biləcək, Ramiz Mehdiyevi müdafiə etməyə girişmişəm.

Qətiyyən! Ramiz Mehdiyev bu ölkəni tərəqqidən, dəyərlərdən, standartlardan yayındıran ən dəhşətli adamlardan biridir. Xanımının milliyyəti də bəllidir, özünün siyasi istiqaməti də.

R.Mehdiyev bu ölkədə rüşvət və korrupsiya şəbəkəsini çiçəkləndirib, Azərbaycanı hər zaman Rusiyanın quyruğunda sürümək istəyənlərin əlinə oynayıb.

Amansız adamdır, bağışlama, istedadları, vətəni sevənləri qoruma, onlara imkan tanıma kimi dövlət ərkanından xəbərsizdir, qisasçıdır, yalnız əlbuyruqları ilə çalışmağı sevib və onları himayə edib – indi də o himayə etdiklərindən zərbə alır, çünki o adamları özü elə öyrədib, özü o cür “komanda” yaradıb özünə – istənilən vaxt istənilən şəxsi satmaq qabiliyyəti olanları əzizləyib – bəhrəsini görür, meyvəsini dadır əkdiklərinin…

R.Mehdiyevə qarşı bu kampaniyaları haqlı saysam da, doğru yol saymıram. Belə olmaz: əgər bu adamın artıq getməsi lazımdırsa – ki çoxdan lazımdır – onda AMEA İdarə Heyəti yığışır və onun AMEA-nı “yaşına görə” idarə edə bilmədiyi qərarı verilir, məsələ də bitib-gedir. Yoxsa mediada böyük bir kampaniya apar, alimləri onun əleyhinə danışdır… Nəyə lazımdır bütün bunlar?

Əlbəttə ki, hamısı Ramiz Mehdiyevin əkdikləridir. R.Mehdiyev birini vurmaq üçün hər zaman böyük kampaniyalar aparıb, sonra da Prezidentə məruzə edib, onun axırına çıxıb.

Pis və pisdən də pisdir ki, indi də Ramiz Mehdiyevə qarşı bu “ənənədən” istifadə edilir; indi də onu eyni üsulla vururlar və sabah Prezidentə bu “hay-küy” haqda məruzə edib, qərar verməsini xahiş edəcəklər.

Ramiz Mehdiyevdən bu xalqın və dövlətin canını qurtarmaq istəyirsinizmi? Əla, alqışlayıram, ura! Ancaq zəhmət olmasa, bunu Ramiz Mehdiyevin öz taktikası ilə etməyin!

Ramiz Mehdiyevdən yox, bu dövləti mehdiyevçilikdən, Mehdiyevin ənənələrindən, eybəcər üsullarından, taktikalarından, qaralamalarından xilas edin!

Mehdiyevlə birgə onun bütün düşüncəsi, texnologiyasını da rədd edin!

Yoxsa Əli Həsənovu işdən göndərirsiniz, başlayırsınız Əli Həsənovun siyahısı, taktikası, üslubu ilə işləməyə!

Ramiz Mehdiyevi “göndərmək” istəyirsiniz, ancaq eyni taktikanı davam etdirirsiniz!

Siz təkcə fərdlərdən yox, fərdlərin yaratdığı pis düşüncədən qurtulun!

Mehdiyevin, Həsənovun idarəetmə, əks-təbliğat təfəkkürünü, onların siyahılarını, yanaşmalarını rədd edin!

Mehdiyevin yanaşma üsuluna, idarəetmə tərzinə tüpürün!

Mehdiyev “idarəetmə üsulu” qalacaqsa, Mehdiyev elə öz metodu ilə yola salınıb, yerinə eyni üslubda çalışan Əlimehdiyev gələcəksə, elə qalıb yerində də! Baxış, yanaşma dəyişməlidir, “Mehdiyev düşüncəsi” bitməlidir! Yenigələn birisi Mehdiyevin təfəkkürü, siyahısı, yanaşması ilə işləyəcəksə, oyun qurub, dövləti iflic edəcəksə, insanları bezdirəcəksə, nə fərqi oldu?

Fərqi var amma: Mehdiyevi hakimiyyətdəki bəzi qruplar sevmədiyindən onu sağdan da vura bilirlər, soldan da. İndi hakimiyyətdəki qrupun sevdiyi biri AMEA prezidenti olsa və bu cür işləməyə davam etsə, Mehdiyevə qarşı cəsarətlənən alimlərin bircəciyi qət-təzə AMEA prezidentinə qarşı dillənə biləcəkmi?

DOSYE.ORG

COMMENTS