Rasim Məmmədovun vəkilləri məhkəməyə gəlmədi, proses təxirə salındı

Rasim Məmmədovun vəkilləri məhkəməyə gəlmədi, proses təxirə salındı

“Hər şeyi onun-bunun adına keçirirdim ki, gəlib bura düşməyim, ancaq yenə də buradayam”

“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxsin vəkilləri qatılmayıb. Hakim elan edib ki, Rasim Məmmədovun vəkillərdən biri olan Zibeydə Sadıqova səhhətində problem olduğu üçün prosesə qatıla  bilməyib. Rasim Məmmədovun digər vəkili Elçin Sadıqov da məhkəmədə iştirak edə bilmir. Rasim  Məmmədovun digər vəkili Pərviz Məmmədov başqa prosesdə iştirak etdiyi üçün məhkəməyə gələ bilməyib. Hakim növbəti prosesin sentyabrın 23-də davam etdiriləcəyini açıqlayıb.

“Baku Steel Company” şirkətinin faktiki sahibi olan Rasim Məmmədov sentyabrın 16-da öz məhkəməsində sorğulanarkən cinayət işində adları çəkilən şirkətlərlə münasibətlərini, “Baku Steel Company” ilə əlaqələrini, zavodun istehsalat, qazanc, xərc məsələlərində iştirakını əhatə edən cavablar vermişdi.

Rasim Məmmədov suallara “Baku Steel Company”yə sahibliyinədək keçdiyi işgüzar yoldan danışmışdı. Onun sözlərinə görə, 2002-2009-cu illərdə Azəri-Çıraq-Günəşli platformasında tikintidə idarə rəisi olub. Həmin vəzifədə işləyərkən yüksək qazanc əldə edib. Hələ 26 yaşındaykən ilk 1 milyon manatını qazanıb. 2007-ci ildə Bakı Oksford Məktəbini icarəyə götürüb, əvvəlcə köhnə binanı təmir edib, sonra yanında məktəb üçün daha bir bina tikib. Bütün bunlara 3 milyon manat xərcləyib. Həmin vaxt tikintiyə armaturu “Baku Steel Company”dən alıb. Elə zavodun o vaxtkı direktoru Paolo Pərvizlə tanışlığı da oradan başlayıb. Paolo Pərvizin zavodu satdığını biləndə bir hissəsini almaq qərarına gəlib. Paolo Pərvizlə aralarındakı razılığa əsasın zavodun 25 faizini alıb, 75 faizi isə digər iki əcnəbi alıb. 2009-cu ilin sonunda həmin iki əcnəbi öz paylarını da satmaq üçün ona təklif ediblər: “Onlar ”Balaxanı Oil” yatağını almaq istəyirdi, buna görə onlara kömək etməyimi istəyirdilər. Zavodun 50, sonra yerdə qalan 25 faizini də aldım, zavodu Əşrəfin adına keçirdim. Zavod pis gündə idi, yenidən qurulması üçün 100 milyon manat xərclədim”.

Rasim Məmmədov yarızarafat-yarıgerçək onu da demişdi ki, əmlaklarını gələcəkdə həbslərdən özünü sığortalamaq üçün başqalarının adına keçirib: “Hər şeyi onun-bunun adına keçirirdim ki, gəlib bura düşməyim, ancaq yenə də buradayam”.

Vəkilinin 32 milyonluq mənimsəmə ittihamı ilə bağlı sualına cavab olaraq bildirmişdi ki, o, bu epizodla razılaşmır: “”Baku Steel Company” 10 ildə 220 milyon manat, distibrütorlar 10 milyon manat qazanıb. Talasaydım elə onu talayardım. “Baku Steel Company”də bütün Azərbaycanda tanınmış şəxslərin qohumları işləyib, mənim o zavodda nəsə oğurlamağım mümkün deyildi, hamı gedib danışardı”.

Rasim Məmmədov onu da deyib ki, çox vaxt istehsal etdiyi armaturu dəyərindən ucuz satmaq məcburiyyətində qalıb: “Zəng vururdular ki, filankəsə ucuz sat, mən də məcbur olub dedikləri qiymətə satırdım, zərərə düşürdüm”.

1976-cı il təvəllüdlü Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

İttihama görə, o, “Baku Steel Company” MMC Müşahidə Şurasının sədri olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib. O, sənədlərə yalan məlumatlar daxil etməkdə, rəqəmləri şişirtməklə, başqa şəxslərin adına şirkətlər yaratmaqda, “Baku Steel Company”nin mallarını həmin şirkətlərə daha aşağı qiymətlərlə satmaqda, “Baku Steel Company”nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf edib.

Rasim Məmmədov bu yolla ümumilikdə 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verməkdə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Rasim Məmmədov ittihamları qəbul etmir, özünü təqsirli bilmir.

Ona qarşı irəli sürülən ittihamlar sırasında Zülfüqarlı qardaşlarına qarşı reyder hücumlarla bağlı epizodlar yer almır. Bunun səbəbi də bilinmir.

Elşən MƏMMƏDƏLİYEV

COMMENTS