REAL-ın Məclis başqanından Milli Şuraya ağır cavablar

REAL-ın Məclis başqanından Milli Şuraya ağır cavablar

Azər Qasımlı: “Çıxarıb bir arayış göstərməliyəm ki, kiməsə satılmışam, yaxud da satılmamışam?”

REAL-Milli Şura arasında savaş davam edir. Gələn ilin payızında Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirakla bağlı REAL sədri İlqar Məmmədovun açıqlamalarından sonra başlayan gərginlik xoşagəlməyən istiqamətlərə doğru yönəlməkdədir.

MŞ-nin sıravi üzvləri, funksionerləri  səviyyəsində REAL və onun rəhbəri ən sərt formada təhqir olunur. Baş verən qarşıdurmada ciddi ittihamlar səslənir. MŞ REAL-ın 1-2 deputat müqabilində hakimiyyətlə sövdələşməyə getdiyini və bununla seçkilərə legitimlik qazandıracağını deyir.

REAL Ali Məclisinin başqanı Azər Qasımlı “Yeni Müsavat”da hücumlara bu cür münasibət sərgilədi: “Açığı, bu tipli mövzularda heç zaman danışmamışam. İndi də bu düşüncədəyəm. Konkret olaraq kiminsə bir mövqeyinə, sözünə, cümləsinə münasibət bildirmək fikrim yoxdur. Sadəcə, siz zəng etdiniz, mən də bir şeyi deyim ki, siyasətdə, həyatda kim öndədirsə, onu söyürlər, gözdən salmağa çalışırlar, tənqid edirlər. Görünən odur ki, bundan sonra da belə olacaq. Azərbaycanın yaxın tarixində bunun belə olacağını görməmək mümkün deyil. Yalnız bunları deyə bilərəm”.

REAL funksioneri ünvanlarına yönələn təhqirlərə də cavab vermək istəmədi: “Buna heç bir cavabımız yoxdur. Çünki hərənin öz səviyyəsi var və buna uyğun da davranır. Yenə deyirəm, kim öndədirsə, bu cür hallarla üzləşir”.

A.Qasımlı seçkilərdə iştirak istəklərinin hakimiyyətə legitimlik qazandırdığı yönündəki fikirlərə də toxundu: “Kiminsə seçkilərdə iştirak etməsi legitimlik qazandırmır. Əgər seçkilər saxta keçirilirsə, bunun bir fərqi yoxdur ki, müxalifət orada iştirak edir, ya yox. Hər kəsə bəllidir ki, 2015-ci il seçkiləri saxtalaşdırılmışdı. Bununla bağlı həm xarici, həm də daxili rəylər var. Bizim Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətimiz var. Bu heyəti seçkidən sonra qəbul ediblər, bu şəkildə də tanıyırlar. İndiyə qədər də bu heyətimiz parlamentin üzvləri kimi Avropa Şurasında iştirak edirlər. Burada Azərbaycan parlamentinin  beynəlxalq aləmdə tanınmamasından söhbət gedə bilməz. O zaman seçkilər qeyri-legitim ola, parlament tanınmaya bilər ki, Azərbaycanda həqiqətən siyasi qüvvələrin böyük əksəriyyəti seçkilərə getsin, insanları seçkilərə gətirsin, onların səsini alsınlar, bunu dünyanın gözü qarşısında etsinlər, hər kəs də bunu görsə, təbii ki, beynəlxalq dəstək ola bilər. Nəticədə yeni parlamentin legitimliyinin şübhə altına düşmə ehtimalları çoxalar. Bunun üçün biz gərək bir yerdə hərəkət edək. Birlikdə seçkiləri boykot etsək, bunun heç bir əhəmiyyəti olmayacaq. Beynəlxalq aləmdən və daxildən görsələr ki, həqiqətən xalq seçkilərə gəlib müxalifətə səs verib, o zaman parlamentin legitimliyi şübhə altına alınacaq. Boykotla buna nail olmaq mümkün olmayıb, bundan sonra da olmayacaq. Seçkiləri boykot edən təşkilatların heç bir gücləri yoxdur ki, parlamenti qeyri-legitim etsinlər. Bunu qəbul edirəm ki, bu gün Azərbaycanda təkbaşına seçkilərdə iştirak edib nəyəsə nail olan siyasi təşkilat yoxdur. Bu, Müsavata da, AXCP-yə də, REAL-a da və digər meydana çıxan təşkilatlara da aiddir. Bizim dediyimiz ondan ibarətdir ki, boş yerə boykot etməkdənsə, hamımız birlikdə seçkilərdə iştirak edək, mesajımız bir olsun, insanları inandırıb seçkilərə gətirək. Bunları edə bilsək, ölkədə ciddi dəyişikliklər ola bilər. Kimlərsə nəsə fikirlər söyləyirlər, 30 ildir bu fikirləri deyirlər. Nə olsun? Nə ediblər? REAL yeni təşkilatdır, yeni nəsə etmək istəyir”.

Müsahibimiz REAL-ı 1-2 mandat müqabilində hakimiyyətlə gizli sövdələşmədə ittiham edənlərə bu cür cavab verdi: “Rus dilində yaxşı bir söz var. Deyir ki, hər kəs məsələlərə öz mənəviyyatına, dünyagörüşünə və tərbiyəsinə uyğun yanaşır. İndi bunu söyləyən adamlar dünyagörüşləri necədirsə, buna uyğun da danışırlar. Başqa nəsə deməyə lüzum görmürəm. Çıxarıb bir arayış göstərməliyəm ki, kiməsə satılmışam, yaxud da satılmamışam? Bununla bağlı kiminsə əlində fakt varsa, ortalığa qoysun. Fakt yoxdursa, susub yerində otursun”.

DOSYE.ORG

COMMENTS