Azər Ayxan: “Reklam gəlirləri gözləmək sadəlövhlük olardı”; Sücəddin Şərifov: “Seçkidə reklama yox, daha çox qəzet satmağa bel bağlayırıq”
Seçki ili mətbuat üçün hər zaman bol reklamlı və gəlirli dönəm sayılıb. Namizədlərin reklamı, mövzu rəngarəngliyinin nəticəsi olan oxucu marağı, tirajın yüksəlməsi və sair… Bu il də parlament seçkiləri ilidir və mətbuat üçün üfüqdə müsbət bir şeylərin olacağı ehtimal edilir. Bəs redaktorlar durumla bağlı optimistdilərmi? Təmsil etdikləri media orqanı adına seçkidən nələr gözləyirlər?
“Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan bildirdi ki, əvvəlki illərə nisbətən seçki ilində tirajın ciddi şəkildə artmasını gözləmir. Onun sözlərinə görə, bunun obyektiv və subyektiv səbəbləri var: “Əvvəllər qəzetlərin yayımı bilavasitə qəzetlərin öz nəzarətində idi. Son illər isə yayım sektoruna hakimiyyətin çox ciddi müdaxilələri nəticəsində bu məsələ redaksiyaların nəzarətindən çıxıb. Ondan əlavə, seçkiyə maraq da cəmiyyət tərəfindən ciddi şəkildə azalıb. Cəmiyyətin siyasətlə maraqlanan kəsimi seçki kampaniyasına qoşulmur, prosesləri kənardan da olsa izləmir. Çünki bilir ki, seçkidə böyük saxtakarlıq olacaq. Bunu deputatlığa namizədliyini verən istənilən adam bilir. Ona görə də media üzərindən piar işləri həyata keçirməyə o qədər də maraqlı görünmürlər. Əksəriyyətinə seçkinin nəticəsi və deputat olub-olmayacağı bəlli olduğu üçün izafi məsrəfdən yayınırlar. Son nəticədə isə mətbuatla işləməkdən yan qaçırlar”.
A.Ayxan hesab edir ki, bu səbəbdən də seçki ilində reklam gəlirləri gözləmək sadəlövhlük olardı: “Amma siyasi proseslər bir qədər fərqli şəkildə getsə, mətbuatın maddi uduşu mümkündür”.
“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov da bu seçki ilə bağlı optimist əhvalda deyil. Onun fikrincə, ümumən aktiv ildir və media üçün mövzu problemi olmayacaq: “Tirajın artmasına ümid etmək olar. Adətən seçki ilində cəmiyyətdə fəallıq da çox olur. Cəmiyyətin mətbuata laqeydliyinin əvəzinə, maraqlar artır. Maliyyə və neft sektorunda baş verənlər tiraj artımı, oxucu tapmaq baxımından bu ili ümidverici edir”.
S.Şərifov bildirdi ki, “Azadlıq” qəzeti reklam məsələsinə bütün seçkilərdə ehtiyatlı yanaşıb. Belə ki, bütün namizədlərə bərabər vəziyyət yaratmaq mümkün deyil: “Çünki bu, tirajın itməsi, qəzetin nüfuzdan düşməsinə səbəb olur. Seçkidə reklama yox, çox qəzet satmağa bel bağlayırıq”.
COMMENTS