Respublika Günündə əfv olacaqmı?

Səadət Bənəniyarlı: “Əfvin verilməsi üçün kifayət qədər amillər var”

28 maya sayılı günlər qaldı. Respublika Günü münasibətilə əfv sərəncamının veriləcəyi barədə yayılan xəbərlər öz təsdiqini tapmaqdadır. Qarşıdan Avropa Oyunlarının gəlməsi əfvə olan ümidləri daha da artırır. Bu dəfə veriləcək sərəncamın özündən əvvəlkilərə nisbətən daha çox siyasi məhbusa şamil olunacağı istisna edilmir.

İnsan Haqları üzrə Birgə İşçi Qrupu artıq əfv siyahısını Prezident Aparatına və Əfv Komissiyasına göndərib. Həmin siyahıya 15 nəfər siyasi məhbusun adı salınıb. Bunlar əsasən, barələrində məhkəmə qərarı olan məhbuslardır.

Qurumun üzvü Səadət Bənəniyarlı musavat.com-a açıqlamasında işlərin davam etdiyini, hər şeyin ölkə başçısından asılı olduğunu söylədi: “Əlimizdən gələni edirik. Müəyyən adamlarla danışıqlarımız davam edir. Bilirsiniz ki, bu iş Prezidentdən asılıdır. Ona görə də, biz bu addımı ondan gözləyirik. Artıq Əfv Komissiyası və digərlərinin işi bitib. Qərarı gözləyirik. Bu həftə də gözləyək. Çox ümid edirik. Qabaqdan deyərəm ki, əfv olacaq, doğru olmaz. Hər halda gözləməyimiz daha yaxşı olar. Belə əfvin verilməsi üçün kifayət qədər amillər var. İlk növbədə Avropa Oyunlarını göstərək. Beynəlxalq aləmin diqqəti buna yönələcək. Bütün dünyanın diqqəti ölkəmizdə olacaq. Əfvin verilməsi həm yerinə düşərdi, həm də böyük humanist addım olardı. Belə addımların şahidi olmuşuq. İndi də böyük ümidlə gözləyirik”.

Hüquq müdafiəçisi həmkarları ilə birlikdə hazırladıqları əfv siyahısından da söz açdı: “Cəmiyyətimizin diqqətində olan bütün insanların adlarını təqdim etmişik. Amma ad çəkməyim doğru olmazdı. Veriləcək əfvdə o insanların adının olması təkcə bizim üçün yox, hamı üçün böyük töhfə olardı. Keçən dəfə bir neçə məhbusun adını çəkdik. Amma azadlığa çıxmadılar. Onların özünə də pis təsir etdi. Biz sadəcə, müraciətimizi edib, siyahımızı vermişik”.

Səadət Bənəniyarlı barələrində Avropa İnsan Haqları Məhkəməsinin qərarları olan məhbuslardan da danışdı: “Avropa Oyunlarından asılı olmayaraq, adlarını qeyd etdiyiniz və barələrində Avropa Məhkəməsinin qərarları olan insanların azadlığa çıxmalarını biz də çox istəyirik. Bildiyimiz kimi, bu qərarlar əsasında Əli İnsanovun məhkəməsi yenidən keçirildi. Biz humanistlik göstərilib, bu insanların azadlığa buraxılmasını xahiş edirik. Qaldı ki, həmin məhbusların özlərini təqsirsiz bilmələrinə, bu, onların şəxsi işləridir. Onların mübarizələrinin bu işlərə dəxli yoxdur. Hüquqlarından istifadə edirlər. Bizim üçün onların azadlığı önəmlidir”.

COMMENTS