Top.Mail.Ru

Respublika Veteranlar Təşkilatından koronavirusla mübarizəyə dəstək

Respublika Veteranlar Təşkilatından koronavirusla mübarizəyə dəstək

Cəlil Xəlilov: “Sosial xidmətə ehtiyac duyan veteranların müəyyən edilməsinə, əlaqədar dövlət qurumlarının çevik şəkildə məlumatlandırılmasına hazırıq”
“Vətəndaşlarımız unutmamalıdır ki, qəbul edilən hər bir qərar onların təhlükəsizliyi üçündür”

Məlum olduğu kimi, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda koronavirus təhlükəsi ilə əlaqədar olaraq 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.  Koronavirusun yaşlı insanlar üçün xüsusilə ciddi təhlükə kəsb etdiyini nəzərə alaraq, onların müdafiəsi məqsədi ilə 65 yaş və bu yaşdan daha yuxarı insanların evdən çıxmasına qadağa qoyulub. Həmçinin, bu kateqoriyadan olan vətəndaşlara sosial xidmətlərin göstərilməsinin təmin edilməsi nəzərdə tutulur. Hansı ki, yaşlı insnalara bu xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət işçiləri tərəfindən həyata keçiriləcək.

Moderator.az-a açıqlamasında Naizrlər Kabinetinin məlum qərarını təqdir edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təşkilat olaraq əlaqədar dövlət qurumlarına dəstək verməyə hazır olduqlarını bildirib:

“Yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın evdən çıxmasını yasaqlayan qanun həssas kateqoriyaya daxil olan insanlarımızın koronavirusdan qorunmasına hesablanıb və bu, dövlətimizin vətəndaşlara, onların sağlamlığına olan duyarlı münasibətinin göstəricisidir.

Biz Respublika Veteranlar Təşkilatı olaraq ölkə başçısının koronavirusa qarşı mübarizə məqsədi ilə atdığı bütün addımları dəstəkləyir, bunu vətəndaşlarımızın təhlükəsizliyinin təmini baxımından yüksək qiymətləndiririk. Hesab edirik ki, bütün bu addımlar ölkəmizin, vətəndaşlarımızın müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edən tədbirlərdir və təqdirəlayiqdir.

Məlum olduğu kimi, yaşı 65 və ondan çox olan insanların arasında müharibə və əmək veteranları da az deyil. Bu səbəbdən də yaşı 65-dən çox olan tənha, sosial xidmətə ehtiyac duyan veteranların müəyyən edilməsi, həmin şəxslərlə bağlı əlaqədar dövlət qurumlarına məlumat verilməsi, onlara göstəriləcək sosial xidmətin keyfiyyətinə nəzarət olunması və s. kimi tədbirlər  baxımdan Respublika Veteranlar Təşkilatı olaraq hər cür informasiya dəstəyinə hazır olduğumuzu bəyan edirik. Hesab edirik ki, xalqımız, dövlətimiz üçün indiki çətin məqamda hər birimiz ölkə başçısının çağırışına səs verməli, koronavirusa qarşı mübarizə məqsədi ilə qəbul edilən hər bir qərara ciddi əməl etməliyik. Unutmamalıyıq ki, dövlətimizin verdiyi hər bir qərar, bu yöndə atdığı hər bir addım vətəndaşlarımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin edilməsi üçündür və bizdən tələb edilən yeganə şey bu qaydalara əməl etməkdir”.

Seymur ƏLİYEV

COMMENTS