“Rublun ucuzlaşması “Azərsun”a ziyan vurur”

Rusiya rublunun və Avronun digər əsas valyutalar ilə bərabər Azərbaycan manatı qarşısında da kəskin dəyərdən düşməsi Azərbaycan ixracatçılarına mənfi təsir edir.

“Marja”nın məlumatına görə, “Azərsun Holdinq”in Baş direktoru Savaş Uzan jurnalistlərə bildirib ki, Rublun ucuzlaşması holdinqin ixracının azalmasına gətirib çıxardır.

“Rusiyadakı böhran bizim keçmişdə yaşadığımız böhranlardan biridir. Xatırlasaq, 1998-ci ildə Rusiyada ciddi böhran olmuşdu və Azərbaycanda da his olunurdu. Hazırda Rusiyada davam edən böhran, az da olsa Azərbaycanda hiss olunur. Təbii ki, ixrac bazarları baxımından təsir görməmək mümkün deyil. Rusiya rublunun dəyərdən düşməsi bizim ixrac etdiyimiz malları bahalı edir, manat ilə ifadədə daha az gəlir əldə edirik. Bu baxımdan böhran və Rublun məzənnəsi bizə sıxıntı yaradır”,- Savaş Uzan bildirib.

O əlavə edib ki, bu gün Azərbaycanın iqtisadiyyatının güclü inkişafı və ölkənin 50 milyard dollardan artıq valyuta ehtiyatına malik olması Rusiyadakı böhranın hiss edilməməsinə imkan verir:

“Əgər vaxtında sosial-iqtisadi proqramlar həyata kiçirilməsəydi, Azərbaycan bu böhranı daha dərin hiss edə bilərdi. Mən hesab edirəm ki, bu böhranı da ciddi hiss etmədən ötüşdürəcəyik”.

Qeyd edək ki, son bir ildə Rusiya Rublu Azərbaycan Manatı qarşısında 50%-dən çox dəyərdən düşüb. Ötən ilin Yanvarında 1000 rubl 22,6 manat dəyişdirildiyi halda, bu gün 11,4 manatdır.

Ötən il Azərbaycanın bir sıra əsas ixrac mallarında azalma baş verib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, çay ixracı 30%, şəkər ixracı 9%, bitki yağları ixracı 16% azalıb.

COMMENTS