Sumqayıt Şəhər Təhsil Şöbəsinin yeni müdiri, Tahirə Səfərovanın direktor olduğu məktəbdə yer almış qanun pozuntularına qarşı çıxacaqmı..?
Artıq xəbər verildiyi kimi, Sumqayıt şəhər Təhsil Şöbəsinə yeni müdir təyin olunub. Bir neçə gün bundan əvvəl ŞTŞ-nin yeni müdiri Ruhiyyə Tağıyeva Sumqayıt Şəhər İcda Hakimiyyəti başçısının müavini Teymur Səmədov tərəfindən kollektivə təqdim olunub. Təqdimatda məktəb direktorları və bağça müdirləri də iştirak ediblər. Bu xüsusda mətbuata verilən məlumatda həmçinin bildirilib ki, R.Tağıyeva bundan öncə Sumqayıt şəhər 24 saylı ümümtəhsil məktəbinin direktoru vəzifəsində çalışıb.
Əlbəttə ki, təhsil şöbəsinə yeni müdirin məhz Sumqayıtın məktəb direktorları arasından seçilib təyin olunmasının müəyyən müsbət tərəfləri var. Belə ki, böyük ehtimalla Ruhiyyə xanım digər həmkarlarının rəhbərlik etdikləri təhsil müəssisələrində cərəyan edən hadisələrdən müəyyən qədər xəbərdardır. Bu isə belə bir anlama gəlir ki, yeni təhsil şöbə müdiri həmin məktəblərdə yığılıb-qalmış problemlərin həlli üçün konkret olaraq hansı addımları atmaq lazım olduğunu da bilir.
Digər tərəfdən isə, belə bir ehtimal da irəli sürmək olar ki, məhz elə bu həmkar həmrəyliyi də Ruhiyyə Tağıyevaya Sumqayıtın bəzi məktəblərində hökm sürən özbaşınalıqlara son qoyulması istiqamətində zəruri tədbirlərin görülməsində maneçilik törədə bilər. Məsələn, artıq uzun müddətdir ki, bizimdovr.az-a mütəmadi olaraq daxil olan məlumatlarda Sumqayıt şəhər 22 saylı orta məktəbin fəaliyyətində yer almış neqativ hallardan, eləcə də bu təhsil müəssisəsinin direktoru Tahirə Səfərovanın öz işində yol verdiyi çoxsaylı qanun pozuntularından bəhs olunur. Mövzuya dair dərc etdiyimiz ötən materiallarda da biz göstərmişdik ki, bu gün Sumqayıt şəhər 22 saylı orta məktəbdə hələ də “fond pulu”, “təmir pulu”, “məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi adlar altında pərdələnən rüsvayçı rüşvət yığımları davamlı olaraq həyata keçirilir. Bir müddət əvvəl redaksiyamıza daxil olan məlumatlarda isə, aşkar şəkildə qeyd olunmuşdu ki, məhz Tahirə Səfərova 22 saylı məktəbin direktoru vəzifəsinə təyin olunduqdan sonra bu təhsil müəssisəsinin göstəriciləri kəskin şəkildə aşağı düşməyə başlayıb. Direktorun işə biganə münasibəti, müəllimlərə qarşı haqsız və məsuliyyətsiz yanaşması, vəzifə funksiyalarını normal yerinə yetirməməsi pedaqoji kollektiv üzvlərini bu problemləri, artıq çoxdan məktəb hüdudlarından kənara çıxarmağa vadar edib. Bu xüsusd aldığımız açıqlamalara görə, Tahirə Səfərova məktəb direktorunun müəssisə daxilindəki problemləri həll etmək, Təhsil Nazirliyinin verdiyi qərarların icrasını məktəbdə təmin etmək, məktəb büdcəsini uyğun formada, şagirdlərin daha keyfiyyətli təhsil ala bilməsi üçün məktəbdə çatışmayan kitab, texnoloji avadanlıq kimi təhsil vasitələrinin alınmasına xərcləmək, dərs ili başlamazdan əvvəl müəllim həmkarları ilə birlikdə illik dərs planı hazırlamaq və bunun kimi daha bir çox vəzifələrin icrasını həyata keçirmir. Müxtəlif mənbələr tərəfindən təqdim olunan açıqlamalarda xüsusi olaraq vurğulanır ki, 22 saylı məktəbdə yaşanan problemlərin əksəriyyəti direktorun özbaşınalığı və müəllimlərlə son dərəcə kobud davranması əsasında yaranmışdır. Həmçinin məlumatlarda bildirilirdi ki, Tahirə Səfərova rəhbərlik etdiyi dövlət müəssisəsindən şəxsi obyekti kimi istifadə edərək, məktəbdə işləməyən repetitor müəllimləri buraya cəlb etmiş və dərs otaqlarını onlara kirayə vermişdir. Halbuki, məktəbin öz müəllimləri dərs keçmək üçün otaq tapmırlar.
Düşünürük ki, bütün bu deyilənlərdən Sumqayıt ŞTŞ-nin yeni müdirinin də xəbəri vardır. İndi qalır, Ruhiyyə Tağıyevanın bu problemləri həll etmək məqsədilə hansı addımlar atacağını gözləmək…
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
Dosye.org
COMMENTS