Və ya İŞİD-in metodlarından istifadə edən ordudan “sülhməramlı” olarmı?
Tarix boyu dünyadakı bütün müharibələr həmin savaşlara qatılan bu və ya digər dövlətin, xalqın, cəmiyyətin müsbət tərəflərilə yanaşı, çatışmazlıqlarını, ayıblarını, hətta eybəcərliklərini də üzə çıxarır. Bu baxımdan hazırda Ukraynada davam edən müharibə istisna təşkil etmir və Ukraynadan daha çox Rusiya cəmiyyətinin və ordusunun mənəvi-psixoloji durum, adi bəşəri, insani, əxlaqi dəyərlər sarıdan “axsadığını”, hətta olduqca miskin durumda olduğunu üzə çıxardı.
Ukraynanı faşizmdə, millətçilikdə və s. günahlandıran Rusiyanın özünün rəsmi telekanallarındakı çıxışlara, verilişlərə, azğınlaşmış təbliğatçıların söylədiklərinə, Rusiya ordusunun Ukraynada dinc əhaliyə və əsir düşən ukraynalılara qarşı davranışlarına, cinayətlərinə diqqət etmək kifayətdir ki, kimin kim olduğunu görəsən…
Son günlər yayılan Ukrayna əsgərinin rusiyalı hərbçilər tərəfindən diri-diri başının kəsilməsi görüntüləri bütün mediada və sosial şəbəkələrdə şok effekti yaradıb. Bu görüntüləri CNN və digər tanınmış mətbu orqanlar da yayıb. Artıq Ukrayna Prezidenti də daxil olmaqla, bir çox ölkə və beynəlxalq təşkilat rəhbərləri bu vəhşiliyə öz münasibətlərini bildiriblər.
Əksər mütəxəssislər hesab edirlər ki, sözügedən videonun məhz indi, Ukraynanın gözlənilən əks-hücumu öncəsi yayımlanması təsadüfi deyil. Hətta bu görüntülərin yeni olmadığı və ötən ilin yazında çəkildiyi iddia olunur. Buna baxmayaraq, insan vəhşiliyinin, qəddarlığının çirkin nümunəsi olan bu görüntülərin indiki məqamda tirajlanması bir neçə məqsədə xidmət edə bilər.
İlk növbədə buna tərəflər arasındakı hibrid müharibənin tərkib hissəsi olan informasiya savaşının elementi kimi baxılmalıdır. Rusiya hakim dairələri bu videonu yaymaqla Ukraynada və Qərbdə zatən rusiyalılara, xüsusilə də ruslara qarşı yüksək olan mənfi münasibəti, hətta nifrəti gücləndirmək, rusofobiyanı alovlandırmaq və bu nəticəni öz cəmiyyətinə “baxın, onlar bizə nifrət edirlər”, “onlar bizi məhv etmək istəyirlər” kimi təqdim etmək istəyir.
Məqsəd eyni hərəkətlərin Ukrayna Ordusu tərəfindən də əsir düşmüş ruslara qarşı törədilməsinə nail olmaq və bunu həm daxili auditoriyaya, həm də Qərbə Ukrayna əsgərinin rus əsgərindən fərqlənməməsi kimi göstərməkdir. Belədə Qərb cəmiyyətləri düşünəcək ki, orada iki vəhşi, terrorçu ordu savaşarkən, onlardan birinə silah-sursat verməyimiz nəyə lazımdır?
Bu, rus hərbçilərinin əsirlərlə insanlıqdan kənar münasibətini əks etdirən ilk belə video deyil. Onu yayanlar bununla həm Ukrayna əsgərlərinə, həm də öz döyüşçülərinə mesaj göndərir.
Ukrayna hərbi çağırışçısı, əsgəri qorxudulur ki, Rusiyaya qarşı döyüşənlərin aqibəti budur. Rus əsgərinə isə mesaj verilir ki, əsir düşsən ukraynalılar səndən bu cür başı kəsilən, məhkəməsiz-filansız güllələnən, işgəncə verilən ukraynalı əsirlərin, dinc sakinlərin qisasını alacaq. Özü də eyni üsulla. Odur ki, əsir düşməməli və son damla qanına kimi döyüşməlisən.
Hər necə olsa, bu vəhşilik “dünyanın ikinci ordusu”nu İŞİD kimi terror təşkilatları ilə eyniləşdirmək üçün əsaslar verir. Zatən Rusiya rəhbərliyini artıq çoxdandır öz ordusunun adı, reputasiyası və s. maraqlandırmır. Çünki bütün maskalar çoxdan yırtılıb və Kremlə nəyin hesabına olursa olsun, Ukraynada öz cəmiyyətinə qələbə kimi təqdim olunacaq hansısa nailiyyət lazımdır. Bunun üçünsə ordusunun hansısa terror təşkilatı ilə eyni sırada durmasının Rusiyanı idarə edənlər üçün heç bir fərqi yoxdur.
Ancaq bizim üçün ağrıdıcı və təəssüf doğrucu hal odur ki, təkcə işğalçı yox, həm də terrorçu davranışlara yol verən ordunun bir hissəsi hazırda Azərbaycan ərazisndə, Qarabağdadır. Özü də “sülhməramlı” adı altında…
C.Məmmədov
COMMENTS