“Rusiya Azərbaycan və Gürcüstandakı mövqelərini itirir” – TƏHLİL

“Rusiya Azərbaycan və Gürcüstandakı mövqelərini itirir” – TƏHLİL

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı payızda Ermənistanda komanda-qərargah təlimləri keçirəcək. Bu barədə Ermənistan KİV-də yazılıb. Bildirilir ki, “Qarşılıqlı anlaşma-2020” adlanan təlimlər zamanı sərhəd münaqişlərinin lokallaşdırılması əsas istiqamət olacaq.

“Təlimlər Qafqaz regionunda sərhəd döyüşlərinin lokallaşdırılması üçün birgə əməliyyat hazırlığını nəzərdə tutur”- deyə KTMT-nın mətbuat xidməti açıqlama verib.

Təlimə rəhbərliyi Ermənistan Baş Qərargah rəisinin müavini həyata keçirəcək. KTMT Ermənistanda “Axtarış-2020” təlimləri də keçirməyi düşünür. “Baqramyan poliqon”unda baş tutacaq təlimlər zamanı kəşfiyyat fəaliyyəti sınaqdan çıxarılacaq.
Təlimlərin məhz Tovuz döyüşlərinin ssenarisi əsasında keçiriləcəyi ilə bağlı fikirlər var.

Yayılan məlumatı “Sherg.az”a təhlil edən BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədlinin fikrincə, bu, Rusiyanın tutduğu mövqeyə dəlalət edir:

“Tovuz döyüşləri Azərbaycan ərazisində baş verib, onlarca şəhid vermişik. Rusiya bunu bilə-bilə belə addım atırsa, deməli, Ermənistana dəstək göstərir. Şimal qonşumuzun düşmənimizə silah göndərməsi, Kremlin müdafiə naziri Sergey Şoyqunun Azərbaycana göz görə-görə yalan danışması da dediyimiz faktı təsdiq edir. Əgər rəsmi Moskva əvvəl ikili oyun oynayırdırsa, indi mövqeyini açıq-aydın nümayiş etdirir.

Azərbaycan cəmiyyəti bunu bilməlidir. Ölkəmizdə Rusiyanın neytral siyasət yeritdiyini düşünənlər də var. Amma bu, belə deyil. Rusiya uzun illərdir ki, ekspansionist siyasət aparır”.

S.Məmmədli düşünür ki, baş verən hadisələr Kremlin “əzələ nümayişidir”:

“Azərbaycanla Türkiyə arasındakı hərbi təlimlərdən sonra Rusiya hərbi donanması Xəzərə gəldi. Bu, açıq-aydın həmin proseslərə cavab idi. Tarix boyu belə olub. Lakin Rusiya artıq Qafqazdan çəkilir.

O, həm Azərbaycandakı, həm də Gürcüstandakı mövqelərini itirir. Ermənistandakı müəyyən qüvvələr də artıq Kremlin forpostu rolunu oynamaq istəmir. Bununla əlaqədar Rusiya İrəvanı cəzalandırmaq niyyətindədir. Təlimlərin keçirilməsində məqsəd də, yəqin ki, oradakı mövqelərini gücləndirməkdir”.

DOSYE.ORG

COMMENTS