Bu layihənin gerçəkləşməsinə imkan vermək istəməyən dövlətlər var idi. O cümlədən qonşu dövlətlər istəyirdilər ki, Azərbaycan öz qazını onların əraziləri vasitəsilə ixrac etsin.
Dosye.org xəbər verir ki. bu sözləri millət vəkili Vahid Əhmədov ötən gün Səngəçalda açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizinin əhəmiyyəti barədə danışarkən Teleqraf.com-a açıqlamasında deyib. Millət vəkili qeyd edib ki, bu layihənin həyata keçirilməsi üçün çox əziyyətlər çəkilib:
“Cənab Prezident qərar verdi ki, bu layihə Gürcüstan-Türkiyə vasitəsilə Avropaya çıxarılacaq və 2013-cü ildə bununla bağlı müqavilə imzalandı.
Layihə 2020-ci ilədək yekunlaşmalı, ildə təxminən 30-31 milyard kubmetr qaz ixrac olunmalıdır. Layihənin ümumi dəyəri 40 milyard dollardır. Yəni bu layihə bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın kifayət qədər – milyard kubmetrlərlə ölçülən qaz ehtiyatı var.
Cənub Qaz Dəhlizi bizim üçün əlavə gəlir mənbəyidir. Bu layihə işə düşəndən sonra artıq Azərbaycana əlavə dividentlər gətirəcək”.
Vahid Əhmədov qeyd edib ki, belə layihələr həm də siyasi cəhətdən böyük əhəmiyyət kəsb edir:
“Azərbaycan müstəqil dövlətdir. Dövlət başçısı müstəqil siyasət aparır. Amma bu siyasəti, eləcə də Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq üçün belə layihələr önəmlidir. Necə ki, 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da faktiki olaraq həmin müqaviləyə bənzərdir. Yəni, bizim üçün həm siyasi, həm də iqtisadi cəhətdən böyük əhəmiyyət kəsb edir”.
Müsahibimiz layihənin əleyhinə olan dövlətlərdən də danışıb:
“Bunlardan birincisi Rusiya idi. Şimal qonşumuz təkidlə tələb edirdi ki, Azərbaycan öz qazını Rusiya ərazisi vasitəsilə ixrac etsin. Rusiya prezidenti, baş naziri, “Qazprom”un sədri dəfələrlə Azərbaycana gəldilər. Onlar deyirdilər ki, bizim hazır kəmərlərimiz var, qazı bizə verin, biz onu Rusiya ərazisi vasitəsilə dünya bazarına çıxaraq.
Amma dövlət başçısı bütün məsələləri nəzərə alırdı. Avropa ölkələri ilə müəyyən danışıqlar aparırdı və s. Nəhayət, öz siyasi iradəsini ortaya qoydu və qaz Türkiyə vasitəsilə Avropaya çıxarıldı”.
Vahid Əhmədov İranın da bu məsələdə öz maraqlarının olduğunu vurğulayıb: “Regionda qaz ehtiyatlarına malik bir neçə ölkə var. Onlardan biri Rusiyadırsa, digərləri İran, Türkmənistan və Qazaxıstandır. İndi biz çalışacağıq ki, gələcəkdə türkmən və qazax qazını dəniz vasitəsilə bu kəmərə vuraq, bu yolla dünya bazarına çıxaraq. Yəni, bu cür danışıqlar var”.
Dosye.org
COMMENTS