Rusiya Qarabağ vasitəçilərinə “yox” dedi – Bakı nə edəcək?

Rusiya Qarabağ vasitəçilərinə “yox” dedi – Bakı nə edəcək?

Rəsmi Bakı Avropa İttifaqını və Tiflisi sərhədlərin delimitasiya işlərinə cəlb etmək istəsə də, Putin “Valday”da “burada bəlkə də bizə heç kim lazım deyil” mesajı verdi

Rəsmi Bakının Avropa İttifaqını sərhədlərin delimitasiya işlərinə cəlb etmək istəyi, Brüsselin bu təklifə razılaşması, eləcə də Vaşinqtonun və Tiflisin fəallığı onunla nəticələndi ki, Moskva buna “yox” dedi. “Yeni Müsavat” yada salır ki, Rusiya prezidenti Vladimir Putinin “Valday” forumundakı çıxışında “proses Rusiyasız qeyri-mümkündür, burada bəlkə də bizə heç kim lazım deyil” açıqlaması həm tərəflərə, həm üçüncü ölkələrə ünvanlanmış açıq mesaj idi. Putin vasitəçilik məsələsində Rusiyanın aparıcı rola malik olduğu Minsk Qrupuna qarşı çıxmadı, amma prosesdə özünün dominant olduğunu da gizlətmədi. Halbuki Karnegi Fondunun Moskva mərkəzinin direktoru Dmitri Treninin sözlərinə görə, son hadisələr fonunda Cənubi Qafqaz Moskvanın nüfuz zonası kimi “yuyulub gedir”. Amma Putinin “bizsiz mümkün olmaz” bəyanatı  Rusiyanın mövqelərinin heç də zəifləmədiyi və ya zəifləyəcəyinə imkan verilməyəcəyini göstərdi.

Azərbaycan isə Avropa Birliyinin və Gürcüstanın sərhədlərin müəyyənləşməsi və digər humanitar məsələlərdə vasitəçilik fəaliyyətinə qarşı deyil. Baxmayaraq ki, Minsk Qrupunun, Vaşinqtonun tez-tez “status” bəyanatları bizi razı salmır, bununla belə, yuxarıda sadalanan işlərdə iştirakının əleyhinə deyilik.

Əslində Bakıdan fərqli olaraq, İrəvanın bu vasitəçilərdən daha çox umacağı vardı. Azərbaycanın gözləntiləri qeyd etdiyimiz humanitar məsələləri əhatə edirdi. Bəs Rusiya niyə konkret mövqeyini ortaya qoydu və vasitəçilərə yox dedi? Moskva bu prosesdə özünə şərik istəmirmi? Bakı hansı siyasi xətti yürüdəcək, Aİ və Gürcüstanın vasitəçiliyindən necə imtina edəcək?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Putin bu fikrini belə izah etdi ki, sovet xəritələri Moskvadadır, o baxımdan Rusiya prosesdə əsas iştirakçıdır. Politoloqun fikrincə, burada məntiq var: “Avropa Birliyi və Amerika nə məsləhət verə bilər? Üstəlik, biz Rusiya ilə bu məsələlərdə danışırıq, ABŞ və Brüssel də qoşulsa, onda hamısı ilə müzakirə aparmalıyıq. İndi Moskva ilə müzakirə aparırıq, dil tapmağa çalışırıq, bizə ən böyük zərərdən ən kiçik zərərlə çıxmaq lazımdır”.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Elxan Şahinoğlu: “Bizə əsas lazımdır ki, sərhədlər müəyyənləşsin, dəhliz açılsın, bunu kim edəcək, fərqi yoxdur”

E.Şahinoğlu hesab edir ki, Türkiyənin vasitəçi olması çətindir, ermənilər razılaşmır, amma Gürcüstanı hər iki tərəf qəbul edir: “Amma Tiflisin vasitəçiliyi Rusiyanın maraqlarına uyğun deyil. Bizə əsas lazımdır ki, sərhədlər müəyyələşsin, dəhliz açılsın, bunu kim edəcəksə fərqi yoxdur. Təbii ki, Rusiya bu mövqe ilə bölgədə dominant olduğunu nümayiş etdirmək istəyir. Amma Avropa Birliyi nə edə bilər ki? Biz çalışmalıyıq Türkiyə ilə Rusiyanın tandemi davamlı olsun. Yeri gəlmişkən, Ərdoğanın Füzuli səfərində qapalı görüşdə Putinin təklifləri də müzakirə olunacaq, çünki noyabrın ilk həftəsində üçtərəfli görüş gözlənilir. Bu da Bakıdan Moskvaya bir mesajdır ki, biz Türkiyə ilə məsləhətləşirik”.

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev isə Rusiyanın mövqeyində təəccüblü hal görmür: “Üçtərəfli bəyanatın təşəbbüskarı Rusiyadır və onun vasitəsilə atəşkəs əldə olunub. Bundan sonra sülh üçün Rusiya danışıqlar aparır və Mokvada görüşlər keçirilir. Bununla Kreml demək istəyir ki, Cənubi Qafqazda sülhün təminatçısı Rusiyadır. Ona görə Putin sərhədlər məsələsinin Rusiya vasitəsilə həll ediləcəyini açıq şəkildə bəyan etdi. Çünki hətta çar dövründən qalan xəritələr belə Moskvada var. Azərbaycan da sovet vaxtı xəritələrinə istinadən sərhədlərin müəyyələşməsinin tərəfdarıdır, yəni maraqlarımıza uyğundur”.

A.Məsiyevin fikrincə, bununla Rusiya demək istəyir ki, regionda söz sahibidir: “Amma Azərbaycanla Ermənistan arasında konfliktin həll olunması Rusiya üçün vacibdir. Rusiya regionda sülh istəyir. Bu mənada Moskvada gözlənilən yeni üçtərəfli görüşdə 10 noyabr sənədindəki bəndlərin reallaşmasının razılaşdırılması ilə yanaşı, böyük sülh sazişinin detallarının da müzakirəsi mümkündür”.

Azad MƏSİYEV

Azad Məsiyev

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Bakının Avropa İttifaqını, İrəvanın Minsk Qrupunu sərhəd məsələsinə cəlb etmək istəyi  masada alternativ təqdim etmək və əlini gücləndirməyə hesablanmış gediş kimi görünür: “Amma Putinin ”proses Rusiyasız mümkün deyil, burada bəlkə də bizə heç kim lazım deyil” açıqlaması da həm tərəflərə, həm də üçüncü ölkələrə ünvanlanmış mesaj idi. O da istisna deyil ki, Bakı delimitasiyanın 1975-ci ildən öncəki xəritələrə əsasən aparılmasını istəyir. Lakin Putinin açıqlaması da göstərir ki, kommunikasiyanın bərpası üçün prioritet olaraq sərhədin delimitasiyası həyata keçiriləcək və bu, strateji baxımdan Azərbaycanın maraqlarına uyğundur”.

Təhlilçi hesab edir ki, Putinin “Valday” klubunda çıxışı Bakı və İrəvan arasında Moskva vasitəsilə qurulan masadakı prioritetləri aydınlaşdırır: “Azərbaycan Zəngəzur dəhlizini istəyir: Putin bunun Ermənistan üçün ilkin vəzifələrdən biri olduğunu deyir,  Ermənistan Azərbaycan və Türkiyə ilə əlaqələr qurmaqda, blokadadan çıxmaqda maraqlıdır. O deməkdir ki, İrəvana blokadadan çıxmaq üçün əsas şərt kimi Zəngəzur dəhlizinin açılması irəli sürülüb. Bu məsələdə Moskva, Ankara və Bakının gündəliyi eynidir; əlaqələrin qurulması həm də bölgədə uzunmüddətli nizamlanma üçün başlanğıc olacaq. Lakin öncə sərhədlərin delimitasiyası reallaşmalıdır: Putinin ”indi ən vacib məsələ sərhəddəki vəziyyəti nəhayət nizamlamaqdır” açıqlaması da bu yöndədir. Amma Putinin “Sovet respublikaları arasındakı sərhədin sovet dövründə necə olduğunu göstərən xəritələr Rusiya ordusunun Baş Qərargahındadır” sözləri sərhəd məsələsində xəritənin birdən çox olduğunu göstərir. Bakı üçün “böyük itkilərdən” söhbət gedə bilməz: işğal dövründə Ermənistan dövlət sərhədini irəli çəkib və proses yanlış sərhədin düzəlməsi istiqamətində gedir”.

Emil SALAMOĞLU 

COMMENTS