Rusiya tarixi sənəd qəbul etdi: Qafqazda yeni dönəm başlayır

Rusiya tarixi sənəd qəbul etdi: Qafqazda yeni dönəm başlayır

Rusiya yenilənmiş xarici siyasət konsepsiyasını qəbul edib.

Globalinfo.az xəbər verir ki, yeni konsepsiyanı bu gün Rusiya Prezidenti Vladimir Putin imzalayıb.

Bu sənəd sayəsində Moskvanın yeni xarici siyasət istiqamətləri rəsmən müəyyən olunub.

Yeni konsepsiyada maraqlı məqamlara yer ayrılıb. Yeni sənədə əsasən, Kreml bundan sonra xüsusilə Çin, Hindistan və digər dost qlobal güc mərkəzləri ilə əlaqələrini gücləndirəcək.

Üstəlik, Rusiya özünü “qlobal balansı dəstəkləyən sivil dövlət” və “rus dünyasının dayağı” adlandırıb. Məhz buna görə xaricdə rusofobiyaya qarşı mübarizə konsepsiyada Rusiyanın humanitar siyasətinin əsas prioriteti olaraq müəyyən edilib.

Sənəddə Qərbə qarşı mübarizəyə də yer verilib. Belə ki, bundan sonra ABŞ-ın dominantlığına qarşı mübarizə Rusiyanın xarici siyasətində prioritetlərdən biri olacaq. Təzadlı məqam isə sənəddə Rusiyanın özünü “Qərbin düşməni” adlandırmaması olub.

Təbii ki, sənəddə MDB məkanı da unudulmayıb. Moskva yeni xarici siyasətində özünün yaxın ətrafını sülh və rifah zonasına çevirməyi əsas məqsəd olaraq müəyyən etdiyini bildirib. Bu isə öz növbəsində Rusiyanın MDB-də fəaliyyətini maksimal həddə çatdıracağı ehtimalını gücləndirib.

Rusiya müttəfiqlərinə yeni dönəmdə təhlükəsizliklərinin təminatı üçün dəstək göstərəcəyini bildirib. Önəmli məqam bu bənddə xüsusilə “beynəlxalq tanınmasından asılı olmayaraq” ifadəsinin yerləşdirilməsi olub. Bu isə Moskvanın yeni dönəmdə də qondarma rejimləri dəstəkləyəcəyini gündəmə gətirir. Xüsusilə bu istiqamətin Qafqaz istiqamətində prioritet tutulacağı nəzərdə tutulur. Buna əsas sübut yeni sənəddə qondarma Abxaziya və Cənubi Osetiya ilə inteqrasiyanın gücləndirilməsi bəndinin yer alması ola bilər.

Rusiya həmçinin Xəzər dənizini də özünün prioriteti elan edib. Belə ki, yeni konsepsiyada Xəzər zonasında əməkdaşlığın gücləndirilməsinə diqqət yetiriləcəyi vurğulanıb.

Qeyd edək ki, Rusiyanın yenilənmiş Xarici Siyasət Konsepsiyasında 2016-cı il 1 dekabr tarixində dərc olunan Xarici Siyasət Konsepsiyasından fərqli olaraq bu dəfə Qarabağ məsələsi, Azərbaycan-Ermənistan nizamlanması barədə bir cümlə də qeyd olunmayıb. Ümumi olaraq sənəddə “Rusiyanın yaxın xaricdə əsas məqsədi regionu sülh, mehriban qonşuluq və firavanlıq zonasına çevirməkdir” tezisi qeyd olunub. 2016-cı ilin Xarici Siyasət Konsepsiyasında isə Dağlıq Qarabağ münaqişəsinin siyasi və diplomatik yolla həlli xarici siyasət prioritetləri sırasına daxil edilmişdi. Bu fakt onu göstərir ki, Rusiya da Qarabağ münaqişəsinin bitdiyini qəbul edib.

İlkin Həsənov

COMMENTS