“Rusiya uduzsa, onun “sülhməramlı” adı ilə Azərbaycana soxulan hərbçilərini…”

“Rusiya uduzsa, onun “sülhməramlı” adı ilə Azərbaycana soxulan hərbçilərini…”

Elçin Şıxlı : “Rusiyanın Ukraynaya hücumuna haqq qazandıran şəxslərin beyni xarabdır… “Beşinci kolon” adlandırdığımız şəxslər Azərbaycana yeridilib və onların sayı az deyil.

“Sanksiyaları yumşalmasa, rus iqtisadiyyatı təxminən iyul ayına qədər duruş gətirə biləcək. Qərb rus iqtisadiyyatını çökdürmək niyyətindədir, biz mümkün qədər bu savaşda ortada olmamalıyıq”

Rusiya Ukraynanı işğal etmək üçün hərbi əməliyyatlarını davam etdirir. Kreml açıq elan edir ki, Ukraynanı tam nəzarətə almadan dayanmayacaqlar. Halbuki, döyüş meydanındakı vəziyyət hələlik Moskvanın arzuları ilə üst-üstə düşmür.

“AzPolitika.info” Ukrayna mövzusunu “Ayna-Zerkalo” qəzetinin təsisçisi, analitik Elçin Şıxlı ilə müzakirə edib:

– Elçin müəllim, Ukraynaya qarşı təcavüz geopolitik baxımdan hansı reallıqları ortaya çıxarır?

– Geopolitik düzənə baxdıqda sanki dünyanın yenidən qurulduğunu görürük. Ukrayna müharibəsinin yekunu olaraq Qərb-Rusiya münasibətləri yeni müstəviyə keçəcək. Qərb nəhayət, Putini və Rusiyanı anlamağa başladı. Bundan əvvəl sabiq ABŞ Prezidenti Barak Obama Rusiyaya güzəştə gedirdi, Merkel görməzdən gəlirdi, London Moskvanı düz yola dəvət edirdi… Qərb elə bilirdi ki, Putinlə danışmaqla onu yola gətirmək mümkün olacaq. Amma Putinin xisləti tam başqadır. Putin hakimiyyətdə qalmaq üçün daim hərbi kampaniyalar, partlayışlar, təxribatlar və s. törədir, sonra da guya bunların öhdəsindən gəldiyini nümayiş etdirir.

Putinin Ukrayna planı 2014-cü ildən başlayıb. Krımı işğal və ilhaq etdi, daha sonra Donbasda iki saxta qurum yaratdı. Qonadrma referendum keçirərək bizdə Qarabağda erməni separatçılrının yaratdığı “rejimə” bənzər qurumlar düzəltdi. Daha sonra onları tanıdı. Nəhayətdə Ukraynaya hücum etdi. Qarşıdan SSRİ-nin 100 illiyi gəlir və Putin SSRİ-ni bərpa etmək istəyir. Hərəkət və davranışları bunu deyir. Bunun da səbəbləri var. Rusiyanın ərazisi böyükdür, amma əhalisi ildə 200 min nəfər azalır. Bu adam ətrafdakı qonşularının ərazisini ilhaq etməklə boşluqları doldurmaq istəyir. Çünki Rusiya özü-özünü dolandıra bilmir. Yəni hərbi və siyasi addımların görünməyən tərəfində həm də iqtisadiyyat dayanır.

– Sizcə, Putinin məqsədlərinə çatması nə dərəcədə realdır?

– Putin özü Ukrayna mövzusunda danışarkən deyir ki, hər şey onun planına uyğun gedir. Tamamilə yalandır. Putin artıq məğlub olub. Mümkündür ki, Xarkovu ələ keçirsin, Mariupolu işğal etsin. Amma Putin artıq məğlub olub. Əvvəla buraxdığı səhvlər sayəsində Ukraynada böyük həmrəylik dalğası yaradıb, artıq şərq və qərb anlayışı tam aradan qalxıb. Düzdür, milyondan çox ukraynalı qaçqındır. Amma onların əksəriyyəti qadınlar və uşaqlardır. Kişilər bu saat Putinə qarşı savaşır. Yaddan çıxmamalıdır ki, SSRİ ordusunun zabitlərinin azı 50 faizi ukraynalılar olub. Onlar hər zaman döyüşüb. II Dünya Müharibəsində partizan hərakatı Ukraynada daha güclü olub. Yəni onlar döyüşməyə başlayıblar və bunu da bacarırlar. Putin açıq deyir ki, ukraynalılar yoxdur, onlar elə bizim millətdir. Elə buna görə də, indi Ukraynada özündən güclüsünə rast gəlib.

Söhbət ondan gedir ki, məqsəd Ukraynanı ələ keçirmək, daha sonra xarici düşmən axtarmaqdır. İndi Putin hərbi kampaniyanı ona görə aparır ki, 2024-cü ildə rahat şəkildə yenidən hakimiyyətdə qalsın. Amma bu gedişlə qalmayacaq.

– Niyə, hansı səbəblərdən qala bilməyəcək?

– Birincisi ona görə ki, indi camaat Rusiyadan qaçır. Qərb Rusiyanın indiyə qədər gözləmədiyi sanksiyalar tətbiq edir. Sanksiyalar faktiki olaraq Rusiyanın blokadası deməkdir. Artıq Tolyatti şəhərindəki məşhur avtomobil zavodu işləmir, çünki ehtiyat hissələri yoxdur. Bəzi hesablamalara görə, Qərb sanksiyaları yumşalmasa, əksinə genişlənməkdə davam etsə, rus iqtisadiyyatı təxminən iyul ayına qədər duruş gətirə biləcək. Hazırda rubl dollara qarşı iki dəfə ucuzlaşıb. Üstəlik, “qara bazar”da 1 dollar az qala 250 rubldur. Elə bu, faktiki uduzmaqdır. Putin artıq ən yaxın silahdaşlarından 10 metr kənarda oturur. Bu, o deməkdir ki, adam həyatından, təhlükəsizliyindən narahatdır, çəkinir, ehtiyat edir. Bunlar uduzmaq deyil, nədir?

– Belə iddialar var ki, Rusiyanın Ukraynadakı hərbi uğursuzluğu Kremldə hakimiyyət dəyişikliyini stimullaşdıra bilər…

– Rusiya əhalisinin ayağa qalxıb rus hökumətinə ciddi etiraz edəcəyi inandırıcı deyil.

– Söhbət saray daxili maraqlar toqquşmasından, hakimiyyət intriqalarından gedir…

– Bəli, bu, mümkündür. Çünki hazırda ortalıqda iki fiqur var. Biri Abramoviç, digəri Əlişir Usmanov. Onlar Putinə yaxındırlar. Abramoviçin pullarının əksəriyyəti “partiyanın” pullarıdır. İndi də “Çelsi” futbol komandasını 3,5 milyarda satır. Əlişir Usmanovun varidatına ABŞ və Britaniya həbs qoymuşdu. İndi ona hüquq tanıyırlar ki, pullarından istifadə edə bilər, amma heç cür qazanc əldə etmək məqsədilə iş görə bilməz. Ehtimal etmək olar ki, bu şəxslərlə hansısa danışıqlar da aparılır. Yerdə qalan digər milyarderlər də tədricən danışmağa başlayacaqlar. Təsəvvür edin ki, Kseniya Sobçak Türkiyəyə qaçıb, Alla Puqaçova artıq Latviyadadır. BBC-nin reportajından aydın görünür ki, əlində vizası və imkanı olan ruslar avtomobillərlə Finlandiyaya qaçır. Rusiyadan köç başlayır. Yerdə qalan əhaliyə gəldikdə, bəzi qaynaqlar deyir ki, Rusiya əhalisinin 60 faizindən çoxunun xarici pasportu yoxdur, bu adamlar heç ömründə qaldıqları şəhərlərdən kənara çıxmayıblar, Rusiya daxilində də səyahət etməyiblər. Onlar üçün sanksiyanın əhəmiyyəti yoxdur. Bu kütlə ölkə həyatına da təsir etmir. Putinin əleyhinə nəsə baş versə, bu da Moskvada, Sankt-Peterburqda və digər bir neçə iri şəhərlərdə baş verə bilər. Eyni zamanda Rusiyanı daxil olduğu ağır və çətin yoldan çıxarmaq üçün saray daxilində hansısa olayların yaşanması mümkündür.

– Sizcə, Ukrayna hara doğru gedir və hansı nöqtədə dayanmalı olacaq?

– Ukrayna dünyada tanınır. Parisdəki Eyfel qülləsindən tutmuş Kanadaya qədər bu ölkəyə dəstək aksiyaları keçirilir. Həmin ölkələrin hökumətlərinə xalqları təsir göstərir ki, Kiyevə dəstək versinlər. Bu hökumətlər də xalq tərəfindən seçildiyi üçün xalqın tələbini yerinə yetirməyə borcludurlar. Ukraynaya ciddi köməklik edilir. Məncə, müahrbədən sonra Ukraynaya böyük pullar gələcək. Bu günlərdə ABŞ Konqresi Ukraynaya 10 milyard dollar yardım göstərəcək. Yəni, Ukraynaya dünyanın hər tərəfindən dəstək gələcək. Ağlımız özümüzə getməsin. Biz öz torpağımızı işğaldan azad edəndə bütün dünya üstmüzə tökülüşmüşdü. Ukraynanın perspektivi açılacaq.

– Əgər Putinin cəngindən xilas ola bilsə…

– Bəli, Putinin cəngindən qurtara bilsə, Ukraynanı Avropa Birliyinə, NATO-ya qəbul edəcəklər. Eləcə də ölkənin ayağa durmasına, iqtisadiyyatının qurulmasına dəstək verəcəklər.

– Amma hazırda Ukrayna hökuməti açıq bildirir ki, Qərb onlara lazım olan dəstəyi vermir…

– Lazım olan dəstək verilir. Verilməyən dəstək yalnız Ukrayna səmasının bağlanması məsələsidir. Bundan başqa bütün dəstəyi verirlər, xaricdən Ukraynaya gələn minlərlə döyüşçü var. Ukraynaya silahlar ötürülür, maliyyə dəstəyi edilir. Düzdür, hələlik Kiyevə döyüş təyyarələri verilməyib, amma verəcəklər. Ukrayna səmasını rus aviasiyasından qorumaq üçün Kiyevin irəli sürdüyü tələblər də yerinə yetiriləcək.

Ən vacibi odur ki, ukraynalıların döyüşdüyünü görən Qərb onlara hər cür dəstək verir və gələcəkdə daha çox verəcək. Çünki Ukrayna ancaq özü üçün döyüşmür, elə Avropaya görə də döyüşür. Boynumuza almalıyıq ki, Ukrayna həm də post-sovet ölkələri üçün vuruşur. Bizim üçün, Qazaxıstan, Gürcüstan, elə Ermənistan üçün də döyüşür. Ukrayna qalib gəlsə, ola bilsin ki, Rusiya bir müddət caynaqlarını bu ölkələrdən çəkər.

– Putin Ukraynada məğlub olsa, yaxud qalib gəlsə, bunun MDB məkanına hansı təsiri olacaq?

– Mənim fikrimcə, Putin Ukraynada qalib gəlməyəcək. Ola bilsin ki, Ukraynanın hansısa şəhərlərini tutsun, amma qalibiyyət yoxdur, Putin artıq uduzub. Əgər uduzacaqsa, “sülhməramlı” adı ilə Azərbaycana soxulan və erməni separatçılara dəstək verən hərbçiləri protokola görə, zamanı gələndə rahatlıqla torpağımızdan çıxaracağıq. Yox, əgər, Ukraynada başqa cür olsa, bunlar ermənilərə səngər qazdıracaqlar. Ötən gün Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi ukraynalılara humanitar dəstək göstərən təşkilat və ərazilərin içərisində “dağliq qarabağ”in da adını çəkib. Onların xisləti budur. Onlar yalnız zorla hesablaşırlar. Bu, öz yerində. Bizdə bəzi siyasətçilərin və politoloqların belə düşüncəsi var ki, Rusiya blokadaya düşüb, bu saat Rusiyanın neft, qaz və digər mallarını satmaq üçün nəfəslik rolunu oynaya bilərik. Yəni biz, eləcə də Gürcüstan, İran, Ermənistan, Türkiyə və digərləri. Məncə, səhv edirlər. Bunu etmək istəyənlərin adları ABŞ-da var. Məsələn, bizimlə Rusiya arasında uçuşlar ikitərəfli formada dayandırılıb. Bu, əslində müsbət haldır. Gürcüstanda dayandırılmayıb. Son 3-4 gündə Gürcüstanda 200-dən çox rus şirkəti gürcü şirkətləri adı ilə qeydiyyatdan keçib. Onlar düşünürlər ki, Rusiyada istehsal olunan hansısa malın üzərinə “Gürcüstan istehsalı” yazmaqla onu dünyaya çıxarmaq mümkündür. Bizdə düşünür ki, rus neft-qazını satmaq mümkün olacaq. ABŞ və digər ölkələrin belə fikirlərdən xəbəri var. Əgər belə hallar olsa və kütləvi hal alsa, Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalar bu sanksiyaları yarmaq istəyənlərə də tətbiq edilə bilər. Məni digər ölkələr deyil, daha çox Azərbaycan və qardaş Türkiyə maraqlandırır. Hesab edirəm ki, burada çox ehtiyatlı olmaq lazımdır. Çünki Qərb rus iqtisadiyyatını çökdürmək niyyətindədir. Biz mümkün qədər bu savaşda ortada olmamalıyıq.

– Elçin müəllim, sosial şəbəkələrin Azərbaycan seqmentində Rusiyanın Ukraynaya hücumuna haqq qazandırmaq, bunu əsaslandırmaq istəyənlər də çoxdur. Sizcə, niyə qanlı 20 yanvardan, Xocalı qətliamından keçən Azərbaycanda belə düşünənlər var və belələrinin səmimi olduqlarını düşünmək olarmı?

– Bu, onunla bağlıdır ki, həmin şəxslərin beyni xarabdır. Hələ də rus kanallarına baxan, uşaqlarını rus məktəblərinə verən, nicatımızı Rusiyada görən, gedib Rusiyada 5-10 kilo pomidor-xiyar satmaqla pul qazanan insanların sayı çoxdur.

İkincisi, “beşinci kolon” adlandırdığımız şəxslər Azərbaycana yeridilib və onların sayı az deyil. Onların da əsas vəzifəsi Rusiyanı tərif etmək, onun təbliğatını aparmaqdır. Əslində, Rusiyanı sevmək olar, təbiəti gözəldir, ruslar içərisində normal insanlar həddindən artıq çoxdur və s. Amma siyasi nöqteyi-nəzərdən onların siyasəti bizə və ətraf ölkələrə qarşı düşmənçilik üzərində qurulub. Onlar imperiya təsəvvüründən çıxmırlar və başqasının çörəyini əlindən almaq fikrindədirlər. Onlar başqa cür yaşaya bilmirlər və buna haqq qazandıranlar ancaq təəssüf hissi yarada bilərlər.

Rasim Əliyev

COMMENTS