Rusiyada dolların qiyməti qalxdı, zərər azərbaycanlılara dəydi

Azərbaycandakı mövcud sosial-iqtisadi vəziyyətdən dolayı ölkəni tərk etmiş və qonşu Rusiyada məskunlaşmış həmyerlilərimizin durumu getdikcə ağırlaşır. JAM.AZ xəbər verir ki, buna səbəb Qərbin Şimal dövlətinə sərt sanksiyalar tətbiq etməsi, Rusiyanın daxilində ciddi iqtisadi problemlərin meydana çıxması, ən əsası isə dolların rubla nisbətdə xeyli bahalaşmasıdır. 

Belə ki, son sanksiyalara qədər rublun dollara nisbətdə məzənnəsi 1/32-yə idi. Yəni, 1 dollar 32 rublaydı. Sanksiyalardan sonra bu rəqəm sürətlə dəyişməyə başladı və dünənə olan məlumata görə, artıq 1 dollar 46,5 rubla çatıb. Bu rəqəmin yerində sayacağı inandırıcı deyil və bahalaşma daha da artacaq. 

Rublun zəifləməsinin Rusiyanın iqtisadiyyatına ciddi zərər verdiyi də aşkar məsələdir. Eyni zamanda, Moskvaya bağlı milyarderlər və iş adamları böyük zərərə düşməkdədirlər. Amma yaşanan sıxıntılar fonunda əsas zərbələrdən biri də bu ölkədə yaşayan və işləyən azərbaycanlılara dəyir. 

JAM.AZ xəbər verir ki, ümumi sayları 3,2 milyon nəfər olduğu qeyd olunan azərbaycanlılar Rusiya iqtisadiyyatında xüsusi çəkiyə malikdir. Kiçik ticarətin böyük bir qismi, topdansatış və meyvə-tərəvəz işlərində öncül yerləri tutan həmvətənlərimiz bununla varlanmasalar da, imkanlarını bir xeyli artırmışdılar. Amma rublun məzənnədən düşməsi onlar üçün ciddi sıxıntı yaratmaqla yanahı, həm də ailələri üçün göndərdikləri pulun da həcminin əsaslı şəkildə azalmasına gətirib çıxarıb. 

Rusiyada yaşayan azərbaycanlılardan aldığımız məlumata görə, hər gün artan qiymətlər fonunda bu ölkədə yaşamaq da çətinləşməyə başlayıb. Stabil həyatın olmadığını bildirən həmyerlilərimiz qeyd edirlər ki, əvvəllər rahatlıqla ailələrinə, Azərbaycana gen-bol pul göndərə bilsələr də, artıq o imkanları azalmaqdadır. Çünki bu gün 40 rubla olan meyvəni xaricdən dollarla alıb gətirirlər ki, səhər də pulun dəyəri aşağı düşür və bu da onların zərərlə üzləşməsinə gətirib çıxarır. Rusiyada işləməyin artıq «dadının qaçdığı»nı bildirən azərbaycanlılar bundan sonra nə baş verəcəyini də bilmirlər. 

Qeyd edək ki, Azərbaycan tərəfi də Rusiyadan gələn pulun həcmində son bir ayda əsaslı azalmanın olduğunu vurğulayırlar. Onlar bildirirlər ki, əgər əvvəllər ilin sonuna doğru Azərbaycana göndərilən pulun həcmi bir neçə yüz milyon dollar təşkil edirdisə, bu gün onun yarasının yollandığı müşahidə olunur. 

JAM.AZ xəbər verir ki, Rusiyanın rəsmi statistikasına görə, bu ölkədə yaşayan azərbaycanlıların ailələrinə göndərdiyi pulun illik həcmi 2 milyard dollardır. Bunun nisbi olduğu da aydındır və həmin rəqəmin 2,5-3 milyard civarında olduğu düşünülür. Ekspertlərə görə, əgər bu rəqəm aşağı düşərsə, Azərbaycanda yaşayan və Rusiyanın hesabına dolanan ailələrin durumu pisləşəcək. Onların sosial təminatlarının ciddi sıxıntı içində olacağını da proqnozlaşdıran müşahidəçilər təcili tədbirlərin görülməsini zəruri bilirlər. Onların proqnozlarına görə, proses uzun müddət davam edərsə, Azərbaycanda sosial partlayış qaçılmaza çevriləcək. 

Onu da bildirək ki, iddialara görə, Azərbaycanda Rusiyadan gələn pulun hesabına yaşayan insanların orta hesabla ümumi sayı, 3 milyon nəfərdən çoxdur. 

COMMENTS