Rusiyadan Bakı və İrəvana çağırış: ABŞ-dan fərqli olaraq…

Rusiyadan Bakı və İrəvana çağırış: ABŞ-dan fərqli olaraq…

Rusiya Ermənistan və Azərbaycanı üçtərəfli dialoq mexanizmlərinin işini bərpa etməyə çağırır.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Hesab edirik ki, Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli mexanizmlərinin ritmik işini bərpa etməyin vaxtı çoxdan çatıb. Biz tərəfdaşlarımızı siyasi iradə nümayiş etdirməyə, Rusiyanın yardımı ilə ən çətin məsələlərin, o cümlədən sərhədlərin delimitasiyası, regionda nəqliyyat və logistika blokadalarının açılması da daxil olmaqla səmərəliyini sübuta yetirmiş formatlar çərçivəsində təmasları bərpa etməyə çağırırıq”, – Zaxarova bildirib.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında bütün ərazi mübahisələri və iddiaları Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində müstəsna olaraq siyasi və diplomatik üsullarla həll edilməlidir:

“Biz də öz tərəfimizdən bununla bağlı hər cür yardım göstərməyə hazırıq. Bir tərəfə güzəştə gedərək, digər tərəfə təhdidlər etməklə məşğul olan Avropa Birliyi və ABŞ-dan fərqli olaraq, biz həmişə Qafqazda davamlı sülh və rifahın bərqərar olması maraqları naminə mövcud fikir ayrılıqlarının hərtərəfli, kompromis həllinin tərəfdarı olmuşuq. Bizim təklifimiz danışıqlar masasında qalır”.

COMMENTS