Rusiyanın demək istədiyi: “Qarabağ məsələsi həll olunmayıb”

Rusiyanın demək istədiyi: “Qarabağ məsələsi həll olunmayıb”

Moskva düşünür ki, “Qarabağ problemi həll edilib” qərarını elan etmək nədənsə, məhz onlara məxsusdur, onlar deməyincə, konflikt bitməz, qan durmaz…

“Rusiya məsələsi” bir debil və avantürist siyasətçinin dediklərinə cavab olaraq, ağzının danışığını heç vaxt bilməyən, amma nədənsə, uzun illər “Azərbaycan diplomatı” vəsiqəsi ilə ölkə-ölkə gəzən sabiq səfirin sərsəmləmələri deyil. Onlar dövlətlərində də, dövlətlərarası münasibətlərdə də heç kimdirlər, baxmayaraq ki, özlərini “yuyulmuş çömçə” kimi ortaya atmalarını hətta Rusiyanın “xüsusi xidmət orqanının əməliyyatı” kimi izah edənlər də var. Moskvanın kiməsə nə sözü, nə mesajı olarsa, bunu daha ciddi fiqurlar vasitəsilə edə bilməzmi? Kreml hələ Jirinovski kimilər vasitəsilə sözünü birbaşa deyəcək, mesajını yollayacaq qədər zəif duruma düşməyib.

Azərbaycan da o dövlət deyil ki, mərhum xalq şairinin soyadını daşıyan “diplomat”ın “müdafiəsinə” ehtiyacı olsun. Bu səbəbdən onların çərənlədiklərini boş vermək lazımdır. İnternet tv-lərdə çıxış həvəskarına Rusiya Daxili İşlər Nazirliyinin 50 illik (!) giriş qadağası tətbiq etməsi bu məsələyə ciddi önəm vermədiyinə işarə etdi. Baxmayaraq ki, Azərbaycanda bəziləri o sarsaq adama görə az qala Rusiyanın bizə müharibə elan edə biləcəyi xəbərdarlığından danışırlar, mövzunu körükləyirlər.

1058964.jpg (27 KB)

Ona qalsa, Rusiya tok-şoularında ekspertlər başda məlum Solovyov olmaqla həftəiçi proqramlarında Ukraynanın, Gürcüstanın və dost olmayan digər dövlətlərin ünvanına hədyanlar söyləyirlər. Tarixdə Avstriya-Macarıstan ordusunun baş komandanı Frans Ferdinandın öldürülməsinin I dünya müharibəsinin başlanmasına səbəb olduğunu deyirlər, amma bu iddiaya heç kim bu günəcən də inanmır. Bu iki dil və ağıl zəlilinin “dueli” ilə də nə müharibə başlar, nə ölkələr bir-birinə girər. Əlbəttə ki, başqa səbəblər, bəhanələr yoxsa…

O səbəbdən ehtiyac var ki, diqqəti Ermənistanla sərhəddə baş verənlərə, Qarabağda atəşkəsin pozulması hallarının artmasına, sülhməramlıların şübhəli qərarlarına yönəldək. 44 günlük Vətən müharibəsində yanımızda olmasa da, qarşımızda da dayanmayan Rusiyanın 10 noyabr razılaşmasının icrasında birmənalı tərəf dəyişdirdiyini iddia etmək üçün əlimzdə ciddi faktlar yoxdur, yalnız mülahizələr var. Dövlət ayrı- ən müxtəlif vasitələrlə informasiya əldə etmək, nələri ictimaiyyət üçün açıqlamaq, nələri diplomatik kanallarla yönləndirmək kimi üstünlüyə sahibdir. Bəlkə də fövqəladə heç nə baş vermir, sərhəddə və Qarabağda artan atəş səslərinə tünd rənglər verməmək də olar. Amma görünən budur ki, erməni hay-həşirinin, Moskvada və İrəvanda intensivləşmiş ikitərəfli görüşlərin bir əsas məqsədi var: Azərbaycana “Qarabağ problemi bitməyib” deyirlər. Üstəlik, Rusiya Müdafiə Nazirliyi rəsmi bülletenində “Dağlıq Qarabağ konflikti” ifadəsini işlədir.

əsas foto.jpg (78 KB)

Rusiya əvvəl ermənilər Qarabağdan danışanda nəsə deyirdi, indi isə… ermənilərə heç nə demir, ya da onların sözünü deyir. Ola bilsin, məsələn, yay məzuniyyətinə çıxmış xarici siyasət idarəsinin başçısı Sergey Lavrov səviyyəsində Moskvanın Qarabağ məsələsində bundan sonra planlaşdırdığı addımları hələ dilə gətirməyə xüsusi ehtiyac duyulmur. Amma Rusiya-Ermənistan ikitərəfli görüşlərdə “gəl sənə yeni ordu da qurum” kimi bəyanatlar və İrəvanın hər gün artan qudurmuş səs tonu bəzi mülahizələrə əsas verir.

Müharibədən sonra Rusiyanın Azərbaycan ərazisində erməni etnosunun mövcudluğunun qarantı qismində möhkəmlənməyə cəhd edəcəyi gözlənilən idi. Erməni köçmənlərinin Qarabağda sığındıqları ərazi çox dardır, Rusiya burada nə ikinci Denestryanı, nə Abxaziya düzəldə bilməz. “Qoy özümə yer edim, gör sənə nə edəcəm” misalı da yerinə düşmür. Amma 2-3 min nəfərlik məhdud kontinget, bir az hərbi texnika Rusiyanın 5 illik yerləşdiyi ərazilərdə ağalıq etmək istəyindən vaz keçirə də bilmir. Moskva düşünür ki, “Qarabağ problemi həll edilib” qərarını elan etmək nədənsə, məhz onlara məxsusdur, onlar deməyincə, konflikt bitməz, qan durmaz. Son aylar Rusiya Qarabağ məsələsində həlledici rol oynaması barədə fikirləri daha tirajlamır. Halbuki yeri gəldi-gəlmədi, bunu dünyanın gözünə soxurdular. İndi o səbəbdən demirlər ki, dəyişən dəngələr, yeni planlar var. Rusiya bu konflikti qaldığı yerdən davam etdirmək niyyətindədir. Ermənistanın bundan sərfəli yolu qalmayıb, Rusiya isə oynayır – həm də əsas olaraq yenə öz əlinə…

1605432079656_oZMFa1jf.jpeg (67 KB)

Bəlkə də Qərblə (ABŞ-la) bizim bilmədiyimiz bir anlaşma da var ki, Moskva Ermənistanı yenidən dirçəltsin, ona özünü qoruya biləcək ordu qursun, Minsk Qrupunun fəaliyyətini, yəni “status məsələsini” yenidən masaya qoysun, bunun qarışlığında isə Qərb Rusiyanı çox sıxışdırmasın və sairə…

Rusiya ərazicə böyükdür, çoxsaylı sosial-iqtisadi problemləri var, təxminən bir ay sonra isə parlamentin aşağı palatasına və bəzi vilayətlərdə qubernator seçkiləridir. Rus xalqının Qarabağ deyilən gündəmi yoxdur, olmayıb da. Qarabağda olan sülhməramlıların yaxınlarından başqa kimdir bu məsələ ilə ciddi maraqlanan, xüsusi əhəmiyyət verən ki… Təcrübəli dövlət adamı Putin də fərqindədir ki, ölkədə çətinliklər həddən artıq çoxdur, miqyaslı məmur korrupsiyası, özbaşınalıqlar, əhaliyə sayğısız münasibət göstərən yerli hakimiyyətlər var. Bu səbəbdən hər həftə ən müxtəlif problemləri əhatə edən mövzularda online görüşlər keçirir. Amma sonra çevrilib, sanki başqa problemləri yoxmuş kimi də davranırlar – Ermənistana canıyananlıq edirlər, yenə qanadlarının altına çəkirlər.

Bəs bundan sonra nə ola bilər? Azərbaycanın yaranmış vəziyyətdən narahat olduğu və buna etiraz etdiyi ortadadır. Ölkəyə ermənilərə görə aşkar-gizli təzyiqlər var. Əgər təzyiqlərə duruş gətirə bilsək, bəlkə də bir-neçə saatlıq müharibə təxribatı ilə üzləşə bilərik. Bundan sonra isə bizi “status danışıqları masası”na oturtmağa nail ola bilərlər. Bu isə müharibə olmadan uduzmaq demək olardı…

DOSYE.ORG

COMMENTS