Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 19-da Nərimanov Rayon İcra Hakimiyyətində olub.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə keçirilən görüşdə ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılıb, dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdiyi vurğulanaraq qeyd olunub ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş sıx dostluq və əməkdaşlıq əlaqələrini bu gün Prezident İlham Əliyev daha yüksək səviyyəyə çatdırıb. Hazırda Azərbaycanla Rusiya arasında əməkdaşlıq genişmiqyaslıdır. İki dövlət bir-birinə ən yaxın dəstəyi göstərməklə, iqtisadiyyatdan siyasətə, humanitar əməkdaşlıqdan mədəniyyətədək bütün sahələrdə səmərəli əlaqələr qurub.
Görüşdə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilmiş, ümumi sahəsi 5200 kvadratmetr olan Azərbaycan Biznes Mərkəzinin açılışı üçün aparılan hazırlıq işlərindən danışılıb. Qeyd edilib ki, bu mərkəz gələcəkdə “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullarımızın Rusiya ərazisində, xüsusilə də ölkənin cənub bölgəsində yayılmasına geniş imkanlar açacaq. Söhbət zamanı, həmçinin eyni layihənin – Həştərxan Biznes Mərkəzinin Bakı şəhərində inşası ilə bağlı bir sıra məsələlər də müzakirə edilib.
Görüşdə Milli Məclisin deputatları Hikmət Məmmədov, Adil Əliyev və Rasim Musabəyov da iştirak ediblər.
Qeyd edək ki, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.
Dosye.org
COMMENTS