Rüşvətxor hakimin məhkəməsi başlayır

Dələduzluq və rüşvət vermədə təqsirləndirilən keçmiş hakim Həsən Əliyev barədə olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Bu barədə vəkil Adəm Məmmədov bildirib. Onun sözlərinə görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və yaxın vaxtlarda bu iş üzrə məhkəmə prosesi başlayacaq. İş hakim Azər Orucovun icraatına verilib.

 

Xatırladaq ki, ilkin versiyalara görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov Azərbaycanda “yağlı” işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib.

 

E.Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev də R.Səlimovdan sonuncunu işə düzəltmək adı ilə 600 min manat pul alıb.

 

Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanılıb və E.Məmmədov həbs edilib.

 

İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

 

Onu da qeyd edək ki, prezident İlham Əliyev bu il fevralın 11-də Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

 

Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib. Sabiq hakimin məhkəməsi onun keçmiş iş yerində sentyabrın 10-da hazırlıq iclası ilə başlayacaq.

 

Dosye.org

COMMENTS