Səfirdən AÇIQLAMA; “Nazarbayev Ermənistana qarşı deyil”

“Astana Ermənistanın Gömrük İttifaqına girişinə etiraz etmir. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistanın Gömrük İttifaqına üzv olması ilə bağlı “yol xəritəsi”ni imzaladığından burada hər hansı ziddiyət yoxdur”.

 

Modern.az news.am saytına istinadən xəbər verir ki, bu sözləri Qazaxıstanın Ermənistandakı səfiri Ayımdos Bozjiqitov deyib. O, Qazaxıstanın Ermənistanın Gömrük İttifaqında təmsil olunmasına qarşı olduğu barədəki iddiaları şərh edib.

 

Onun sözlərinə görə Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyini praqmatik baza əsasında formalaşdırılır və burada heç bir siyasi məsələ qoyulmur.

 

Səfir bildirib ki, Ermənistanın təşkilata girişində yalnız texniki məsələlər həll olunmalıdır: “Texniki məsələlərin həlli vaxt tələb edir”.

 

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan bir neçə gün bundan qabaq Gömrük İttifaqında Ermənistanı sevməyən ölkələrin olduğunu bildirmişdi. Sərkisyanın bu çıxışının Belarusa, əsasən isə Qazaxıstana qarşı yönəldiyi bəlli idi.

 

Çünki hər iki ölkə Rusiyadan fərqli olaraq Qarabağ məsələsində Ermənistanı tənqid edən mövqedədir. Gömrük İttifaqı ölkələrindən Qazaxıstan isə Qarabağ münaqişəsinin həlli ilə daha prinsipial mövqe sərgiləyir və Azərbaycana açıq dəstək nümayiş etdirir.

 

Xatırladaq ki, Ermənistanın Gömrük İttifaqının davamı olaraq yaradılan Avrasiya Birliyinə oktyabrda üzv olacağı rəsmi şəkildə açıqlanıb.

COMMENTS