Şəhid atasından İlham Əliyevlə Ramiz Mehdiyevə müraciət

Şəhid atasından İlham Əliyevlə Ramiz Mehdiyevə müraciət

downloadŞəhid atası Ağdamdan məcburi köçkün Əli Hüseynov ölkə başçısı İlham Əliyevə və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət edib. Əli Hüseynov müraciətin bir surətini də “Azadlıq”a göndərib. Şəhid atası müraciətində yazır: Hörmətli cənablar!

3 aydır ki, İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlara Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayevin vəzifədən sui-istifadə edib çirkin əməlləri barədə Sizə şikayət teleqramları vurmuşam.

Hörmətli cənablar!

Prezidentin göstərişi ilə Sahibkarlara Milli Kömək  Fondundan ayrılan vəsaitdən biz də yararlanmaq istəyirik. Bu səbəbdən oğlum ona məxsus olan girovlarını və lazımı sənədləri toplayaraq Sahibkarlara Kömək Milli Fonduna müraicət edib. Şirzad Abdullayev elə birinci qəbulda oğlumdan 15 faiz “şapka” istədiyini bildirib. Daha sonra oranın əməkdaşı olan Mahir müəllimə tapşırıb ki, “Azəriqazbank”a sənədlərin hazırlanması barədə göstəriş versinlər. “Azəriqazbank”ın əməkdaşları dərhal oğlumla əlaqə saxlayıb, ona məxsus olan Biləsuvar və Abşeron rayonlarında yerləşən fermalarına baxış keçirib, gəlirlərini hesablayaraq fermanın əkinə və südçülük standartlarına uyğun olduğunu hesab ediblər. “Azəriqazbank”ın rəhbərliyinə bütün sənədlər təqdim edilib. Təxminən 10 gündən sonra “Azəriqazbank”ın xüsusi qərarı olub ki, Hüseynovlara kredit verilsin.

Hörmətli cənablar!

Sizcə mənim girovlarım, gəlirlərim “Azəriqazbank”ın qoyduğu qaydalara uyğun gəlməsəydi, mənə pul kredit verilməsi barədə xüsusi qərar qəbul olunardımı? Dəfələrlə şikayətimdə qeyd etmişəm ki, Şirzad Abdullayev banka göstəriş verir ki, Hüseynovların sənədlərini bizə yollamayın və onlara bir bəhanə ilə “yox” deyin.

Nəhayət, “Azəriqazbank”dan 21.11.2014-cü il tarixdə məktub gəldi ki, icarədə olan torpağın sənədi sənə məxsus deyil. Halbuki etibarnamə əsasında o torpaq mənim oğluma məxsusdur. Və bir də guya oğlumun gəlirləri onları qane etməyib.

Cənablar!

Sizcə, mənim gəlirlərim onları qane etmirdisə, bəs nə üçün kredit verilməsi üçün qərar qəbul olunmuşdu” Bu onu göstərir ki, faizlərin qaldırılmasını mənim oğluma Şirzad Abdullayev deyib. O da razılaşmadığına görə sənədlərin fonda göndərilməməsinə göstəriş verib.

Cənab prezident, bu nə qədər doğrudur ki, iqtisadi inkişaf nazirinə bir aydır teleqram vururuq. Amma cavab verilmir. Hətta Allaha belə and versək də ki, bizim əkin-biçinimiz gecikir, bizə qəbul edən yoxdur.

Belə çıxır ki, nazir nə Allah, nə də şəhid atası tanıyır. O, çirkin əməllərlə məşğul olan Şirzad Abdullayevə daha çox qiymət verir. Sizləri Allah adamı bilib, haqlı və ədalətli insan bilib, sizdən bir şəhid atası və kiçik sahibkar kimi xahiş edirəm ki, məni sizlər biri –  ya cənab prezident özünüz, ya da cənab Ramiz Mehdiyev qəbul etsin və məni dinləsin. Onu da qeyd etmək istəyirəm ki, Şirzad Abdullayev məni məcbur etdi ki, müraciətimi həm də mətbuat vasitəsilə sizlərə çatdırım

Göydə Uca Allaha, yerdə isə sizlərə ümid edib bir nəticə gözləyirəm və bir daha xahiş edirəm ki, məni qəbul edəsiniz!”

COMMENTS