“Ötən ilin müvafiq dövrü ilə müqayisədə sosial müavinət alanların sayında 20 faiz azalma müşahidə edilir”.
Modern.az saytı xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, azalma hər hansı vəsaitin kəsilməsinə dəlalət etmir:
“Yəni kimlərinsə haqqı yeyilmir. Əksinə bir ailəyə düşən vəsaitin həcmi artaraq 150 manat olub. Bir ildən çoxdur ki, inzibati yollarla bu məsələdə şəffaflığa nail olmağa çalışırıq. Təbii ki, inzibati yol əsas yol deyil. Artıq cənab prezidentin imzaladığı fərman var. Nazirlikdə bu sahədə xüsusi alt sistem formalaşdırılacaq. Məğzi də bundan ibarətdir ki, Ünvanlı Sosial Yardıma ehtiyacı olan ailə bir üzvünü müəyyənləşdirəcək.
Bunun nəticəsində həmin üzvə vəkalətnamə veriləcək. Vəkalətnamənin üstündə xüsusi nömrə olacaq. Həmin nömrə ilə vəkalət alan üzv istənilən internet bağlantısı olan nöqtədə nazirliyin saytına daxil olmaqla xüsusi bölməyə tıklayacaq.
Həmin bölmədə vəkalətnamənin barkodu və nömrəsi istəniləcək. Tələb olunanlar icra edilən kimi sistem açılacaq. Dərhal ailə üzvlərinə məxsus məlumatları orada görüləcək. Biz Ədliyyə Nazirliyi ilə həmin bazanı birləşdirmişik. Sonda mobil telefon nömrəsi istəniləcək. 15 gün ərzində bizim nazirlik digər orqanların məlumat resurslarından istifadə etməklə ailəyə ayrılan sosial yardımın məbləği barədə şəxsə sms göndərəcək”.
Nazir eyni zamanda iyul ayının 20-dən etibarən müavinət kartlarının dəyişdirilməsi prosesinə start veriləcəyini açıqlayıb: “Bildiyiniz kimi Kapital bank bu tenderi udub.
Bağlanan müqaviləyə görə, bu ayın 20-dən kimin kart dəyişmək istəyi varsa, Kapital bankın yaxın ərazilərdəki şöbələrinə müraciət edə bilər”. Nazir qeyd edib ki, əldə olunan razılaşmaya görə Kapital bank bunu təmin edəcək. Hər hansı problem olmayacaq.”
S.Müslümov işsizlik sığortası ilə bağlı məsələyə də aydınlıq gətirib: “Ölkədə işsizlik sığortasının formalaşmasına ehtiyac var. Çünki, bu gün nazirlik aktiv məşğulluq tədbirlərini həyata keçirmək üçün vəsaitə malik deyil”.
O deyib ki, işsizlik sığortasının adı var, amma ayrıca tarifi yoxdur: “ 25 faiz sosial sığorta haqqının içərisinə işsizlik sığortası da daxildir. Bizim nazirlikdə yalnız işsizlik müavinətinin ödənilməsi nəzərdə tutulub.
Ona görə də ayrıca işsizlik sığortası olamlıdır ki, o işsizlik sığortası ilə müəyyən olunacaq tarif üzrə hesablar toplansın .Və ordan digər istiqamətlərə- əlillər və digər ehtiyacı olanlar üçün xərclənsin”.
COMMENTS