Düşmən ölkə sülhdən imtina edir, Ermənistan rəhbərliyi separatçı qurumun “müstəqilliyi”ni tanımağa alternativ görmürsə, Azərbaycanın savaşa əl atmaqdan başqa yolu qalmır; “Avronest”in İrəvan toplantısındakı bəyanatlara Bakıdan sərt reaksiya gəldi…
“Avronest”in İrəvanda keçirilən plenar iclasında çıxış edən Ermənistan prezidenti Serj Sərkisyan Qarabağ məsələsində erməni tərəfinin maksimalist mövqeyini təkrarən dilə gətirib – bu dəfə Avropa Birliyinin Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində İrəvana gəlmiş 5 ölkənin (6-cı ölkə – Azərbaycan qatılmayıb) deputatlarına. Sərkisyan bildirib ki, “Avropa və dünya dəyərləri əsasında xalqların öz müqəddəratını müəyyən etməsinin alternativi yoxdur” və bu üzdən “Dağlıq Qarabağ xalqı”na da eyni hüquq tanınmalıdır.
İrəvan artıq 20 ildən çoxdur ki, dünyaya eyni nağılı danışır. Bununla da faktiki sülh danışıqlarını sabotaj edir. Çünki məntiqlə separatçı qurumun “müstəqilliyini” tanımaqdan savayı alternativ yoxdursa, qalmayıbsa, o zaman Minsk Qrupu formatında tərəflər nəyi müzakirə edir? Ümumiyyətlə, belə danışıqlara lüzum qalırmı? Ən önəmlisi, bu elə Azərbaycanı hərbi yola təhrik eləmək, ona ərazi bütövlüyünü bərpa eləmək üçün ayrı yol saxlamamaq anlamına gəlmirmi? O halda nədən Ermənistan rəsmiləri Bakının sürətlə silahlanması haqda haray-həşir salır, “qoymayın, Azərbaycan müharibəyə hazırlaşır” bəyanatları verirlər?
*****
Sərkisyandan öncə çıxış edən Ermənistanın xarici işlər naziri Edvar Nalbəndyan Azərbaycanı regionda “sülhə mane olan əsas ölkə” adlandırıb. Öz qonşusunun 20%-lik ərazisini 22 ildir işğal altında saxlayan, bir qarış ərazimizi belə geri verməyən tərəf Ermənistan ola-ola, sülh prosesini illərlə tormozlayan yenə də İrəvan ola-ola (bundan ötrü hətta 1999-cu ildə Ermənistan parlamenti gülləbaran da edilib), beləcə, işğala məruz qalan Azərbaycan günahkar çıxarılır.
Gərək nə qədər riyakar, adi məntiqdən uzaq olub vicdan hissini itirəsən ki, bu cür həyasız iddialarda bulunasan. Adama deyərlər ki, müharibədən belə qorxursunuzsa, belə sülh arzusundasınızsa, onda heç olmasa işğal elədiyiniz bircə rayondan çıxın. Dünya da görsün ki, siz həqiqətən bölgədə qonşularla barışa can atırsınız. Amma yox…
*****
Yeri gəlmişkən, bu həmin Ermənistandır ki, bir il öncə Krım Rusiya tərəfindən beynəlxalq hüquq normalarına məhəl qoyulmadan ilhaq ediləndə onun prezidenti Serj Sərkisyan nümayişkaranə şəkildə Vladimir Putinə zəng vuraraq Rusiyanı təbrik etmiş, işğala haqq qazandırmışdı. Az sonra BMT Baş Məclisində (27 mart 2014-cü il) tarixi səsvermə zamanı da Ermənistan digər 10 izqoy dövlət kimi bir daha Rusiyanın yanında yer alaraq, Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verdi.
İşğalçının işğalçını dəstəkləməsi, onun yanında dayanması… Təcavüzkar Ermənistana müttəfiqi Rusiya kimi beynəlxalq sanksiyalar tətbiq eləmək üçün bundan gözəl əsas, bundan sanballı motiv ola bilərmi? Qərbə – ABŞ-a, Avropaya (Avropa Birliyi, Avropa Şurası, ATƏT, Avropa Parlamenti) daha nə, hansı faktlar lazımdır? Hələ biz BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 məlum qətnaməsindən (822, 853, 874, 884) danışmırıq…
*****
Maraqlıdır, görəsən, konkret olaraq ATƏT-in Minsk Qrupu həmsədrləri İrəvan rəsmilərinin sülh prosesinə olan-qalan inamı da sarsıdan bu kimi aqressiv, sabotaj xarakterli və nizamlama prosesinin əhəmiyyətini sıfra endirən bəyanatlarına niyə reaksiya vermirlər?
İş də ondadır ki, düşmən ölkə təmsilçilərinin sülh qoxusu gəlməyən belə açıqlamalara cürətlənməsini müstəsna olaraq vasitəçi dövlətlərin Ermənistana loyal münasibəti, işğalçını və ona yerini barmaqla göstərmək istəməməsi şərtləndirir. Rusiyanın nədən bu mövqedə olduğu bəllidir. Əfsuslar olsun ki, Krım böhranından sonra da Qərbin təcavüzkar qonşumuza yanaşması dəyişmədi, sərtləşmədi, Rusiya kimi ona da beynəlxalq hüquq normalarının bütün “dolağı” tətbiq olunmadı. İkili, üçlü standartlar da elə budur – nə barədə ki, Azərbaycan prezidenti sonuncu beynəlxalq Münhen Təhlükəsizlik Konfransında, bir daha, bu dəfə çılpaqlığı ilə danışıb…
*****
Qayıdaq erməni xalqının ikinci dəfə öz müqəddəratını təyinetmə iddialarına. Əlbəttə ki, Ermənistandakı etnik təmizlənmənin ardınca Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu (!) da barbarcasına azərbaycanlılardan təmizləyib sonra öz müqəddəratını təyinetmədən dəm vurmaq asandır. Görəsən, indiki Ermənistan ərazisində kompakt şəkildə yaşamış, sayca Dağlıq Qarabağ əhalisindən bir neçə dəfə çox olan azərbaycanlılar hələ də öz ata-baba yurdlarında yaşasaydılar, sərkisyanlar, nalbəndyanlar, saakyanlar öz müqəddəratından danışa bilərdilərmi?
Bir daha vurğulamaq lazım gəlir ki, Sərkisyan və Nalbəndyanın son açıqlamaları Azərbaycana öz torpaqlarını hərb yolu ilə azad eləməkdən savayı yol qoymur.
*****
“Ermənistan rəhbərliyinə xatırlatmaq istərdik ki, mahiyyətinə varmadan onun tərəfindən iddia edilən bu dəyərlərdə qanlı etnik təmizləmə, işğal və təcavüzün törədilməsi nəzərdə tutulmur”. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Avronest”in İrəvandakı iclasında Ermənistan prezidentinin söylədiklərini şərh edərkən bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Minsk Qrupunun həmsədrləri tərəfindən də dəstəkləndiyi kimi, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra Azərbaycanın sərhədləri daxilində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icması öz müqəddəratını müəyyən edə bilər: “Münaqişənin kompleks həllinin yeganə yolu yalnız bundan ibarətdir. Bundan kənar münaqişənin həllini düşünmək xülya və obyektiv reallıqdan tamamilə uzaqdır”.
XİN mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, sülhdən danışan və Minsk Qrupunun fəaliyyətini öz başa düşdüyü kimi təfsir edən Ermənistan rəhbərliyi Minsk Qrupunun israrlı çağırışlarına baxmayaraq, ölkəsinin müxtəlif bəhanələrlə böyük sülh sazişi üzərində işə başlamaqdan yayındığına aydınlıq gətirməsi daha məqsədəuyğun olardı.
“Ermənistan tərəfi, nəhayət, bu reallıqla hesablaşmalıdır ki, işğal və təcavüz nəticəsində yaranmış status kvonun ”fait accompli” prinsipi əsasında münaqişənin həlli kimi təqdim edilməsi beynəlxalq ictimaiyyət tərəfindən heç vaxt qəbul edilə bilməz”, – deyə Hikmət Hacıyev qeyd edib.
*****
Ermənistanın sülhdən imtinası barədə Azərbaycanın xarici işlər naziri də danışıb. “İrəvan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində böyük sülh sazişi üzərində iş üçün işçi qrupun yaradılmasından imtina edir”. Bu barədə XİN başçısı dünən Sudanın xarici işlər naziri ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir vurğulayıb ki, Ermənistanın təcavüzkar ritorikası bu məsələdə nikbin olmağa imkan vermir. Onun sözləfrinə görə, həmsədrlərin sonuncu səfəri zamanı tərəflərə kommunikasiyalar və məcburi köçkünlərlə bağlı işçi qrupunun yaradılması təklif olunub, amma İrəvan bu təklifi rədd edib.(musavat.com)
COMMENTS