Kult.az-ın BAŞI DUMANLI layihəsində Şuşa şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov Şuşa ilə bağlı xatirələrini bölüşür:
Şuşanın elə bil, daşına, torpağına, suyuna, havasına əsrarəngiz gözəllik hopmuşdu. Bu gözəlliyi həm onun faunasına, həm florasına, həm də insanlarına şamil etmək olar. Elə düşünməyin ki, Şuşalıyam deyə tərifləyirəm, Şuşa həqiqətən zəngin şəhər idi. Mətbəxi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti ilə zəngin şəhər… Düşünmək çətin gəlir mənə, axı ilbəil o gözəllik məhv olur, o füsunkar fauna və flora azalmağa doğru gedir. Şuşa 17 məhəllədən ibarət idi. Hər məhəllənin də özünün ayrıca məscidi, məhəllə hamamı, bulağı, təndiri olardı. Sizi inandırım ki, Şuşada hansı gün təndir yandırılırdısa, o çörəyin qoxusundan bilinirdi ki, bu hansı məhəllənin təndiridir. 17 təndirin hərəsinin bir spesifik qoxusu var idi. Mən o duyğuları uşaq ikən yaşamışam, zaman keçdikcə müasirləşirdi hər şey. Gecələr fənərə ehtiyac olmurdu. Hələ yağış yağarkən Şuşanın elə gözəl mənzərəsi olurdu ki, demək yox, həmin mənzərəni görmək lazım idi. Şuşada evlər möhkəm qaya daşlarından tikilirdi. Həmin qaya daşları da doqquzuncu dərəcəli keyfiyyətli daş hesab olunurdu ki, ondan da bir üstünü artıq mərmər hesab olunur. Yadımdadır, o vaxt belə bir ifadə var idi: “Noxud sayan qalalılar”. Bu söz mənə xoş gəlmirdi. Öz-özümə düşünürdüm ki, biz axı bu qədər qonaqpərvərik, niyə axı bizim haqqımızda belə desinlər. Hər dəfə yayı elə həvəslə gözləyirdik ki, qonaqlarımız olacaq. Biz qonaq qarşılamağı sevən olmuşuq. Dədə-babadan belə görmüşük. Bu məsələ məni çox düşündürdü. Bir dəfə atamdan bunun səbəbini soruşdum. Atam dedi ki, Şuşada yeməyin bir dənə noxudu artıq olardısa, o xörəyin dadın dəyişərdi. Dəqiqlik var idi. Yoxsa indiki kimi yox ki, xörəyin, salatın tərkibini qramla çəkib hazırlayırlar. O cavabdan sonra ürəyim rahatladı. Bizdə məhəllələr bir-birindən çox fərqlənirdi. Ədəbiyyatçılar məhəlləsi ayrı, musiqiçilər məhəlləsi ayrı olardı. Axşamlar hər kəs yığışar öz sahələrini müzakirəyə qoyub söhbətlər edərdilər. Kimiləri ədəbiyyatdan, kimisi muğamdan, kimisi də sənətkarlıqdan danışardı. Hamı bilirdi ki, Şuşa auditoriyasının önündə çıxış etmək böyük məsuliyyət idi. İndi kimi hər kəs bilib-bilmədi istedad nümayiş etdirməzdi. Ona görə də Şuşa “istedadlar şəhəri” hesab olunurdu. O vaxt Qarabağ Universitetinin yaradıcısı da mən olmuşam. Amma təəssüf ki, çox az müddət fəaliyyət göstərdi, təxmini iki-üç il. Sonra həmin universiteti Ağcabədi Universiteti adı ilə əvəz etdilər. Şəhər kifayət qədər diqqət mərkəzində idi. Biz də Şuşalı kimi o yerlər üçün çalışırdıq. Amma bilmirdik ki, bizi nələr gözləyə bilər. Şuşalıyam, Şuşada doğulmuşam. Təhsilimi də orda almışam. Universiteti bitirəndən sonra Şuşada komsomolun katibi işləmişəm. 1982-ci ildə Molla Pənah Vaqifin məqbərəsinin açılışı zamanı Ulu öndərimiz Heydər Əliyevin Şuşaya gəldi, təsadüfi tanışlığımız oldu. İkinci səfərindən sonra yenə görüşmək qismət oldu. Təhsilimi, harda işlədiyimi soruşdu. Onun gedişindən sonra onun tapşırığı ilə məni Xankəndinə (Stepanakert) çağırdılar. Həmin vaxtdan əmrimi verdilər. Hətta mənə ev təklif edirdilər. O vaxt iki ev almaq olmazdı. Mən razılaşmadım, dedim ki, Şuşada evim var. Hər gün gedib-gələrəm. Amma Şuşadan çıxmaq istəmirdim. Elə o vaxtdan Dağlıq Qarabağ Muxtar Vilayətində Vilayət komsomol komitəsində şöbə müdiri işlədim. Ermənistanın iki prezidenti Serj Sarkisyan və Robert Köçəryan mənim rəhbərlik etdiyim şöbədə, mənim tabeliyimdə işləyirdilər. Qarabağın – Şuşanın işğalına qədər də orda işlədim. Sonra Partiya komitəsində fəaliyyətimi davam etdirdim. Şuşanın işğalına gəlincə Şuşa siyasətin qurbanı oldu. Onlara təsadüfdən əl erməniləri demirlər. Çar Rusiyasından bu yana lazım olan məqamlarda, öz mənafelərinə uyğun onlardan istifadə edirdilər erməniləri. “Erməni” deyəndə Ermənistan erməniləri yox, Qarabağ erməniləri nəzərdə tutulur. Onlar Türkmənçay müqaviləsindən sonra – 1828-ci ildən Qarabağa köçürülənlərdir. Müharibə zamanı hamı kimi qalstuku hərbi geyimlə əvəz edib döyüşlərə qoşuldum. Səngərlərdə yatdım. Orda qəhrəmanlıqlarımız da çox oldu. Amma məğlub olmuşuq deyə, o qəhrəmanlıqlar haqqında danışmaq istəmirəm. İnşallah torpaqlarımız geri alınanda qəhrəmanlıq məsələsini xüsusi qabardarıq. Əlimdən gələni etdim ki, Şuşa alınmasın amma kifayət etmədi. Yenə təkrar edirəm Şuşa işğal olmadı, siyasətin qurbanı oldu. Şuşanı ən son tərk edən insanlardan biri mən idim. Şəhərin müdafiəsi, əslində, yaxşı təşkil olunmuşdu. Rayonun qorunması üçün yollar axtarırdıq. Bütün şəhər qaynayırdı. Hər dəfə müxtəlif saatda kömək ediləcəyi deyildi. O vaxt müdafiə naziri Rəhim Qazıyevlə danışdıq. Guya bizə kömək göndəriləcəkdi. Mayın 8-i, axşam 6 olardı… Axşam o qədər atışma getmişdi ki, avtomatlar qızmışdı, atmırdı. Səhərdən-axşama qədər atışma idi. Dedilər, kömək gələcək. Gündüz saat bir-iki radələrində ermənilər artıq geri çəkilmişdi. BTR-ləri vurulmuşdu, çoxlu itki vermişdilər. Sonuncu dəfə 8-i yığışıb, Rəhim Qazıyevlə danışdıq. Dedi, narahat olmayın ordu gəlir. İnanın, sevindiyimdən ağladım. Kömək gəlsə, Şuşa getməyəcəkdi. Zəngdən bir az sonra iki vertolyot göründü, onlar isə bizim mövqelərimizi vurdu. Mayın 8-i, axşam 6-da ümidsiz halda evə gəldim. Tamam tutulmuşdum. Daha ondan sonra gəldim evə. Gördüm ki, artıq şəhərdən çıxası olacağıq. Şuşada çox az adam qalmışdı. Evin ortasında durdum. Bir anlıq özümü unutdum. Bilmədim mən kiməm, hardayam, niyə gəlmişəm. Qəfil bir hadisə məni ayıltdı. Alazan raketi həyətimizə düşdü. Evin bütün pəncərələri cilik-cilik oldu. O hadisə məni özümə gətirdi. Yadıma düşdü ki, paltarımı dəyişməyə gəlmişdim. Hərbi formanı mülki geyimlə əvəz etməli idim. Hərbi geyimdə şəhərdən çıxmaq yaraşmazdı. Geyindim, qapıdan çıxanda dəhlizdə termonun üzərində oğlumun balacalıq şəkili var idi. Tez şəkili qoydum cibimə qapıdan çıxanda ağlıma bir şey gəldi geri qayıtdım. Həmin şəkilin arxasında yazdım ki, “Mən ala bilməsəm də, bu oğlan gəlib şəhəri alacaq”, sonra yenidən taxdım termoya evdən çıxdım. Düzü o vaxt evə qayıdacağıma inanırdım. Hazırlıqlarımı da görmüşdüm. Evin hər künc-bucağına silah-sursat yığmışdım ki, son nəfəsimə qədər vuruşacam. Özüm ölsəm də, onlardan da öldürdüklərim olacaq. Buralara qədər fikirləşmişdim. Heyif ki, şəhidlik mənə qismət olmadı. Amma kaş şəhid olardım. Ağlaya-ağlaya şəhəri tərk etdik. Ümidlə yaşayıram. İnanıram və hamını da inandırmağa çalışıram ki, biz o yerlərə qayıdacağıq. O vaxt tək Şuşada 24 ədəd pioner düşərgəsi var idi. Ümumittifaq kurort şəhəri idi. Dünyanın hər yerindən bura istirahətə gəlirdilər. İstirahət evləri və sanatoriyalar. O vaxtın pulu ilə1000 manata kirayə evlər tuturdular. İndinin pulu ilə hesablasaq, təxmini 5000 dollar. Turşsuda dincəlməyə gələnlər alaçıq qurub yaşayırdılar o tərəflərdə. Mən sanatoriyaları, pioner düşərgələrini, istirahət mərkəzlərini, kurort yerlərini və kirayə evləri üst-üstə gəlib Qarabağın turizminə dəyən ziyanı hesabladım və broşüra şəklində çıxartdırdım. İşğal səbəb ilə hər il Azərbaycana, eləcə də, dünya turizminə ildə 1000 000 manatlıq ziyan dəyir. Şuşada camaatın evində krandan adi su yox mineral su gəlirdi, indi təmiz mineral su tapmaq çətin məsələdir. Ümumiyyətlə Şuşa haqqında 20-yə yaxın kitabım var. Şuşanın mədəniyyəti haqqında, xalçaçılığı, musiqiçiləri, muğamı, memarlığı, dramaturgiyası, turizmi haqqındadır həmin kitablar. Turizmə dəyən ziyanı həm Azərbaycan, həm də beynəlxalq ziyani araşdırmışam. 2009-cu il səfərində getdim o dünyanı gördüm gəlim. Məndən soruşurdular ki, mühafizəçi var idi yanınızda yaxud da qorxmadınız? Bir az lovğalıq kimi çıxmasın, orda oturan ermənilər mənə “şef” deyirdilər. Bu dəfə də şef kimi özümü aparmaq istədim. Amma içimdə ağlayırdım. Qayıdanda Şuşadakı şəkillərimə baxanda bildim ki, o qədər də qürurlu ola bilməmişəm. Xankəndinə getdik, mənim əvvəl işlədiyim yerə. Aparatın tərkibindəki işçilər elə əvvəlkilər – bir yerdə çalışdığım insanlar idilər. Mən onların qarşısında qürurumu saxlamalı idim. Saxladım da. Yerevanda erməni professorlarından biri belə bir fikir bildirdi: “Axır ki biz doğma Şuşamıza qovuşduq”. Ona belə bir cavab verdim ki: “Sizi təbrik edirəm. Müsəlman olduğunuzu və ən əsası Pənah xanın nəslindən olduğunuzu boynunuza aldınız”. Bu cavabdan duruxdu amma nə deyə bilərdi ki… Evimizə getdim, oturub çay da içdim. O evdə indi bir erməni yaşayır. Ev olduğu kimi qalır amma cilik-cilik olan pəncərəyə şüşə əvəzinə sellofan vurmuşdular. Evimdə yaşayan ermənilər mənə təşəkkür etdilər ki, evinizdəki ərzaqla bir il dolanmışıq. O vaxt müharibəyə görə çoxlu ərzaq almışdım. Aclıq olar mən övladlarımın qarşısında çarəsiz qalmayım. Mən onunla bir çörək kəsmişdim, analarımızın əlindən çörək yemişdik. O da mənə həmişə “Zahidcan” deyə müraciət edir. Görüş zamanı Serjikə söz dedim ki, “mənim atam öləndə onun tabutunu daşıyanlardan biri də sən olmusan, bəs o kişinin qəbrini niyə dağıtmısan. O da guya bir az kövrəldi. Dedi o vaxt eşitdik ki, Bakıda erməni qəbirləri dağıdılıb”. Yəni ki, bəhanələr uydurdu. Ümidim böyükdür. İnanıram, inanıram ki, o torpaqlar bizim olacaq. Buna inanmasam, yaşaya bilmərəm, sadəcə, ölərəm.
COMMENTS