Top.Mail.Ru

“Şərurlu İsfəndiyar” Ramiz Mehdiyevlə əlaqələrindən danışdı

“Şərurlu İsfəndiyar” Ramiz Mehdiyevlə əlaqələrindən danışdı

İsfəndiyar Axundov: “”Baksovet”dən maraqlanın, onlar deyəcək kimlərə torpaq ayrılıb, kimlərə ev tikilib”; iş adamı Ziya Məmmədovun sabiq PA rəhbərinə bağ bağışladığını niyə xatırlatdı?

Məşhur iş adamı, adı qalmaqallardan əskik olmayan “Şərurlu İsfəndiyar”ın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbəri Ramiz Mehdiyevin “adamı” olması, onun “krışası” altında çalışması haqda iddialar yayılıb. Belə xəbərlər dolaşır ki, Mehdiyevin son açıqlamalarından sonra İsfəndiyar Axundovun da durumu ürəkaçan deyil…

İsfəndiyar Axundov bu iddialarla bağlı “Yeni Müsavat”a danışıb. O deyib ki, onun Ramiz Mehdiyevə görə sorğu-suala çəkilməsi haqda xəbərləri ilk dəfədir eşidir:

– Mənim bu məsələlərdə adımın hallanmasını eşitməmişəm. Mən Ramiz Mehdiyevi televiziyadan ayrı yerdə görməmişəm. Bildiyim odur ki, hamı dövlətin qoyduğu qanuna əməl etməlidir, başqa nəsə deyə bilmirəm.

– Ramiz Mehdiyev karantin dövründə toy etməklə gündəmə gəldi, cəzalandı. İllərlə yüksək vəzifə tutmuş məmurun bu demarşı, sizcə, nəyə hesablanmışdı?

– Özləri səhvlərini başa düşdülər, özlərinə görə də ən ağır cəzanı aldılar.

– Türkiyədə böyük biznesi olan bir işi adamı kimi  Azərbaycan-Türkiyə yaxınlaşmasına necə baxırsız?

– Mən siyasətdən uzağam, vaxt tapıb öz işlərimlə məşğul oluram. Heç ali təhsilim də yoxdur, belə şeyləri araşdırıb tapa bilmirəm. Son zaman görürəm ki, dünya Türkiyənin üstünə düşüb, onun fikrini edirəm. Allah Türkiyəni, Türkiyə də bizi qorusun. Biz qardaşıq.

– Müharibə ehtimalları var, sizin bu haqda fikriniz maraqlı olardı.

– Yoxlaya bilərsiniz, mənim oğlum da ilk gündən ərizəsini yazıb verib, getməyə hazırdır. Biz torpağımızı almalıyıq, qorumalıyıq. Ya ölməliyik, ya qalmalıyıq. Bugünkü imkandan istifadə etmək lazımdır, bu gün yaranan  şəraiti, imkanı əldən vermək olmaz!  Artıq bəsdir! 20 il gözlədik, artıq gözləməyə səbrimiz yoxdur! Erməni dığaları cavablarını, dərslərini almasalar, getməyəcəklər. Onlar elə bir tayfadır ki, 5-10 nəfərləri öldüsə, qalanları İrəvana qədər qaçacaq. Onların havadarları da bilir ki, Azərbaycan və qardaşı Türkiyənin qarşısında heç bir güc dayanmayacaq.

– 1-ci Qarabağ müharibəsi zamanı Binəqədi batalyonuna köməklik göstərmisiz. Hazırda Qarabağ qazilərinə dəstək verirsizmi?

– Dövlət tapşırığı var, tikinti şirkətləri tərəfindən aldadılan 1200 insanı veriblər ki, evlə təmin edim. Bir dəfə də verdilər, 200-300 nəfəri evlə təmin etdik. Mən millətimə, xalqıma, dövlətimə xidmət edirəm.

– Qarabağdan söz düşmüşkən, Qarabağ qazisi Tofiq Yaqublu həbsini qanunsuz sayaraq, buna etiraz əlaməti olaraq artıq 6-cı gündür ki, aclıq aksiyası keçirir…

– Hər bir azərbaycanlı bütün umu-küsüləri qoymalıdır kənara, ancaq ölkədə gedən proseslərə kömək etməlidir. Qazi də, iş adamı da bu mövqedə olmalıdır. Bir müddət əvvəl Tovuzdakı döyüşlərlə bağlı dəstək aksiyası oldu. Bəzi insanlar gedib Milli Məclisi dağıtdılar, prosesi gözdən salmağa çalışdılar.

– Tofiq Yaqubluya hökm oxuyan hakimin Ramiz Mehdiyevlə yaxın qohumluq əlaqələri var. Bu məsələyə münasibətiniz necədir?

– Nə olsun qazidir? Onu niyə şərləməlidirlər? Bu gün hamı millətinə xidmət etməlidir.

– Ramiz Mehdiyev karantin dövründə toy məclisi təşkil etdi və bu addımı əksəriyyət tərəfindən dövlətə meydan oxumaq kimi qəbul etdi. Siz bu haqda nə düşünürsüz?

– Ramiz Mehdiyevin nə istədiyini mən bilmirəm. Ramiz Mehdiyev uzun müddət işləyib, xalqa necə xidmət edib bunu millət də, dövlət də bilir. Amma bu gün ağsaqqal da olsa, səhvi oldu, səhvinə görə də cəzasını aldı.

– Xalqa, millətə xidmət etməyindən danışdız. Necə xidmət edib – yaxşı ya pis?

– Mən siyasətdən uzaq adamam, bunu görə bilmərəm. Görmədiyim, tanımadığım adam haqda nə deyim. 1-ci sinfə, orta məktəbə getməyən adamam. Mən kiməm ki, kiminsə haqqında götürüm qərar verim, fikir söyləyim. Bunu siyasətlə məşğul olanlar, millət vəkilləri, vəkillər bilə bilər. Bu onların işidir.

– 1-ci sinifə getməmisiz, özünüzə, ailənizə, övladınıza qismət olsun, böyük bir şirkət qurmusunuz. Bunun özü də elə bir siyasətdir, siyasətdən baş çıxarmasaydız, şirkətinizi böyüdə bilməzdiniz. Böyük bir şirkət sahibinin uzun illər digər vəzifələri bir kənara, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına rəhbərlik edən şəxslə yolunun kəsişməməsi, onun tərəfindən göndərilən sifarişlərlə bezdirilməməsi qəribə görünür…

– Mən onu üzbəsurət görməmişəm. Ancaq televizorda görmüşəm.

– Aranızda vasitəçilər olub?

– Onun kimlərlə işlədikləri bilinir. Bunu demək lazım deyil ki. “Baksovet”dən maraqlan, onlar deyəcək kimlərə torpaq ayrılıb, kimlərə ev tikilib. Bunlar hamısı məlumdur.

– Tikintidə fəhləlikdən başlayıb bənnalığa qədər qalxan, böyük tikinti şirkəti quran şəxssiz. Ramiz Mehdiyevin imarətlərinin fotoları yayılıb, elə bir imarət neçəyə başa gəlir?

– 2-3 milyona. 2 milyon böyük məbləğdir, 2 milyona böyük işlər görmək olur. Bəzi insanlar milyonu tanımır. Amma şişirdirlər ki, milyona nələr edir.

– Dövlət məmuru 2 milyonluq imarət tikə bilər?

– Əlbəttə ki, tikə bilməz.

–  İmarət ortadadır, 2 milyon dəyəri olduğunu deyirsiz. Bunun mənbəyi haradır sizcə?

– Mən “KQB”də işləmirəm.

– Siz müsahibələrinizdə deyirsiz ki, oğlum “Lamborghini Aventador” sürə bilər, mən iş adamıyam. Bəs dövlət məmuru 2 milyonu haradan alır?

– Yəqin ətrafında iş adamları olub, köməklik olur. O gün qəzetdə oxudum ki, Ramiz Mehdiyevə Ziya Məmmədov bir bağ verib. Qəzetdə belə yazmışdılar.

– Bəs böyük tikinti şirkətinin sahibi kimi sizdən nəsə istəməyiblər?

– Məndən kim nə istəyə bilər? Mən zülmlə işləyirəm, kimə görəsə işləmirəm.

– Ramiz Mehdiyevlə bağlı danışmağa ehtiyat edirmiş kimi görünürsüz. Ortaq tanışlarınız var? Kürəkəni İlham Əliyevlə və ya ətrafından başqa şəxslərlə münasibətlər olub?

– O, vəzifədə olanda şəxsən istəyərdim ki, mənlə münasibəti olsun. Kim istəməzdi ki? Nə pis olardı? Kürəkənini də televizorda deputat vaxtı görmüşdüm.

– Çağırışlar var ki, 82 yaşlı Ramiz Mehdiyev gedib evində otursun, nəvələri ilə oynasın. Uzun illər istirahətsiz çalışan bir iş adamı kimi bu çağırışlara qoşulursuz?

– Dövlət nə məsləhət verirsə, elə də olmalıdır. Desələr ki, get, getməlidir.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

COMMENTS