Səbirsiz davranış və ya beynəlxalq ictimaiyyətin erməni sevdası

Səbirsiz davranış və ya beynəlxalq ictimaiyyətin erməni sevdası

Cəbhənin Ağdam istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopterin Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilməsi bizə həm də beynəlxalq ictimaiyyətin erməni sevgisini müşahidə etməyə bir daha imkan yaratdı.

 

Müxtəlif təşkilatlar və dövlətlər tərəfindən dalbadal bəyanatlar verildi. Əslində, bəyanatların məzmunu həmişəki kimi, ənənəvi, sığallı fikirlərdən heç nəyi ilə fərqlənmirdi: cəbhə xəttində baş verən hadisədən narahatlıq keçirilir və tərəflərə vəziyyəti gərginləşdirməmək tövsiyə edilir. Bununla belə, arada diqqət çəkən məqamlar da çoxdur… Məsələn, bəyanatlarda Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopterinin Azərbaycan torpaqlarında nə etdiyi sual olunmur…
Həmsədr təyin ediləndən sonra əməli iş görmək əvəzinə daha çox tvitləri ilə yadda qalan və qeydlərində bir çox hallarda erməniləri xoşhal edən fikirləri ilə seçilən Ceyms Uorlik bu dəfə də səssiz qalmadı. O, hətta tərəfləri “müharibədən bir variant kimi imtina etməyi” tövsiyə etdi. Bəyanatlar təkcə bununla yekunlaşmadı. BMT, Avropa Birliyi, NATO, ATƏT, ABŞ Dövlət Departamenti, Rusiya və ayrı-ayrı rəsmi şəxslər bəyanatlar səsləndirməyə başladılar. Maraqlıdır, doğrudanmı təmas xəttində baş verən məlum hadisə beynəlxalq aləmi ciddi narahat edir? Yoxsa Azərbaycan tərəfinin bir neçə dəfə səsləndirdiyi bəyanatın heç də əbəs yerə deyilmədiyindən təşvişə düşüblər? Bəs Azərbaycan nə etməliydi? Bir tərəfdən başqa ölkənin torpağını işğal edəsən, üstəgəl hava məkanını pozmaqla qarşı tərəfin üzərinə hücuma keçəsən, bu vəziyyətdə atəş açmamaqdan başqa variant qalırmı? Cavab birmənalıdır, yox.

Bir də ki, nə üçün səbirsiz və ermənipərəst davranış nümayiş etdirən beynəlxalq ictimaiyyət münaqişənin həlli ilə bağlı uzun illərdir qəbul edilən və hələ də kağız üzərində qalan qərar və qətnamələrin niyə icra edilmədiyi ilə maraqlanmır, yaxud bunun üçün işğalçı tərəfə təzyiq etmirlər? Niyə beynəlxalq ictimaiyyət 1 milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasından danışmır və onların hüquqlarının bərpası istiqamətində praktik iş görmürlər? Və nəyə görə beynəlxalq birlik, güclü dövlətlər neçə aydır ermənilər tərəfindən girov götürülən və düşmənin fiziki, mənəvi-psixoloji təzyiqlərinə məruz qalan Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə, günahsız insanlar üzərində qurulan qondarma “məhkəmə”yə hələ də münasibət bildirməyiblər? Olmazmı ki, nəfəs dərmədən bəyanatlar verənlər daim eyni fikirləri təkrar-təkrar səsləndirmək əvəzinə, illərdir qəbul etdikləri qərar və qətnamələrin icrası ilə məşğul olsunlar… Və nəhayət, Azərbaycana qarşı qərəzli mövqelərindən əl çəkərək özlərində cürət tapıb ermənilərdən işğal etdikləri torpaqların boşaldılmasını tələb etsinlər…

Bəhs etdiyimiz məsələ ilə bağlı daha bir məraqlı məqam Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın tez-tələsik münasibəti oldu. N. Bordyuja bildirib ki, bu təhlükəli insident regionda vəziyyəti daha da gərginləşdirə bilər: “Bu, bizim narahatlığımızı artırır… Helikopterin məhv edilməsi zorakılığın təhlükəli təzahürüdür. Cənubi Qafqazda vəziyyət getdikcə gərginləşir”,-deyən Bordyuja bildiriib ki, bu vəziyyətin inkişafının qarşısının alınması üçün addımlar atılmalıdır.

Hətta Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviçin keçirdiyi brifinqdən də qabaq, daha dəqiq desək, səhər açılar-açılmaz bəyanat verən N.Bordyuja nə demək istəyir? Bir neçə ay əvvəl Dağlıq Qarabağda olan N.Bordyuja, bəlkə tələsik fikir söyləməklə “Biz burdayıq” sətiraltı şəkildə təhdid mesajı verir…

Nəisə… Uzun illərin müşahidəsi bir daha göstərir ki, istər BMT, ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlar, istərsə də ayrı-ayrı güclü dövlətlər Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində maraqlı deyillər. Görünən odur ki, onların səyləri nəyin bahasına olursa olsun “status-kvo”nu saxlamağa hesablanıb. Belə olan halda, Azərbaycanın başqa yolu qalmır. Beynəlxalq birliyin 20 ildən artıqdır ki, sərgilədiyi ermənipərəst davranış və ikili mövqe bizə əsas verir ki, onlara olan ümidimizi itirək və problemimizi özümüz həll etmək barədə düşünək. Artıq qərəzli yanaşmalar müharibənin alternativi olmadığını bir daha ortaya qoymaqdadır. Bəli, bir halda ki, haqqı bilə-bilə nahaqqın tərəfi saxlanılırsa və işğalçı ilə işğala məruz qalana eyni prizmadan yanaşılırsa, o zaman özgələrdən ədalət gözləməyə dəyməz. Odur ki, haqqa, ədalətə bilərəkdən məhəl qoyulmayan və hüququn gücü işləməyən yerdə gücün hüququna güvənmək lazımdır. İnanmalıyıq ki, bizim problemimizi yalnız Ordumuz və Silahımız həll edə bilər…

Atif Sarıxanlı

COMMENTS