Sərhəddə “sülh” oyunu – Ermənilər əvvəlki vəziyyətə qayıtmaq istəyirlər

Sərhəddə “sülh” oyunu – Ermənilər əvvəlki vəziyyətə qayıtmaq istəyirlər

Ermənistanın sərhəd təxribatları davam edir. Öncəki günlərdə Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutan düşmən qüvvələri bu gün Laçını da hədəf seçiblər.

Belə ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Qəribə görünsə də, Ermənistan bir tərəfdən Azərbaycanla sülh danışıqları aparmaq istədiyini bəyan edir, digər yandan dövlət sərhədində təxribatlardan əl çəkmir. Xüsusən son vaxtlar Kəlbəcər istiqamətində təxribatların intensivləşməsi İrəvanın heç də sülh istəmədiyini göstərir.

O zaman sual oluna bilər: Məğlub Ermənistan sülhə razı deyilsə, bəs nə istəyir? 

Bu barədə Modern.az-a danışan Kəlbəcərin deputatı Aqil Məmmədov bildirib ki, təxribatçılıq ermənilərin xislətindən irəli gəlir:

“Mən bunu erməni xislətinin günümüzdəki davamı kimi qiymətləndirirəm. Ermənilərin təxribatçı addımlarının səbəbi hazırda gedən danışıqları müharibədən əvvəlki kimi ləngitməkdir. Təxribata əl atmaqla danışıqlardan yayınmağa çalışırlar”.

Deputatın sözlərinə görə, ermənilərin istənilən təxribatı nəticəsiz qalacaq: 

“Onların yeganə çıxış yolu sülhdədir. Onlar normal şəkildə düşünüb-daşınmalıdırlar. Nəhayət, anlamalıdırlar ki, Azərbaycanla sülh müqaviləsi onların xilası deməkdir. Əks təqdirdə cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi, daha sərt formada cavab almalı olacaqlar. Ermənilər növbəti dəfə müharibə ilə üzləşməkdən çəkinməlidirlər. Növbəti əməliyyat Ermənistan üçün baha başa gələ bilər”.

Laçının deputatı Mahir Abbasov isə qeyd edib ki, İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə yekunlaşmasından sonra təxminən 200 kilometrlik sərhəd ərazisi ermənilərdən təmizlənib:

“Bu sərhəd rayonları Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər ərazilərinin payına düşür. Burada Azərbaycan sərhədçiləri və milli ordusu xidmət göstərir. Tək indi yox, bundan əvvəl də Azərbaycan sərhədləri ermənilər tərəfindən pozulub. Azərbaycana aid müşahidə postları atəşə məruz qalıb. Ancaq həmişəki kimi bu dəfə də Azərbaycan ordusu düşmənin layiqli cavabını verib”.

Deputat qeyd edib ki, bütün bunlar Ermənistan tərəfinin indiyədək sərgilədiyi qeyri-konstruktiv münasibətin bariz nümunəsidir:

“Hazırda Azərbaycan-Ermənistan arasında sülh danışıqları gedir və bunun üçün xüsusi komissiyalar yaradılıb. Növbəti görüşlərin Moskva və Brüsseldə keçirilməsi planlaşdırılır. Ancaq ölkəmizin bu cür sülh çağırışları ilə çıxış etməsinə baxmayaraq, Ermənistan tərəfi təxribatçı əməllər törədir”.

Mahir Abbasov Azərbaycan ordusunun istənilən təxribata cavab verməyə qadir olduğunu vurğulayıb:

“Azərbaycan düşmənin hücumlarının qarşısını almağa qadirdir. Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşıb, onu tanımaqdan başqa yolu yoxdur.  Çalışmalıdırlar ki, Azərbaycan və Ermənistan arasında başlayan danışıqlar sülh sazişinin imzalanması ilə nəticələnsin”.

DOSYE.ORG

 

COMMENTS