Azərbaycan XİN: “Bu, turizm səfəri olsa da, onunla rəsmi görüş keçirilməsə belə, bu kimi səfərlərə imkan verilməməlidir”; Bayram Səfərov: “Azərbaycanla Böyük Britaniyanın münasibətlərinə xələl gətirmək istəyirlər”
Rəsmi Bakının etiraz notasına baxmayaraq, Böyük Britaniya Qarabağ separatçılarının başçısı Bako Saakyanın London səfərinə qadağa qoymayıb. Bir gün öncə Qarabağ separatçısının səfərinin təxirə salındığı xəbəri yayılsa da, bu, təsdiqini tapmayıb.
Xatırladaq ki, Böyük Britaniyanın Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu (The Royal Institute of International Affairs) – “Chatham House” iyulun 8-də “Dağlıq Qarabağ: Regional çağırışlar” adlı müzakirələr keçirəcəyi barədə elan vermişdi. “Rusiya və Avrasiya” Proqramı tərəfindən həyata keçirilən toplantıya separatçı qurumun rəhbəri Bako Saakyan toplantıya spiker kimi dəvət edilib. “Chatham House” onu siyahıda “de-fakto Dağlıq Qarabağ Respublikasının prezidenti” kimi təqdim edib. Belə ki, Azərbaycan tərəfinin sərt reaksiyasından sonra bu elan saytdan götürülsə də, təəssüf ki, tədbir ləğv olunmayıb.
“Chatham House” təyin olunmuş qalmaqallı Qarabağ müzakirələri baş tutub. Strateq.az bildirir ki, Qondarma “DQR”in separatçı rəhbəri B.Saakyan tədbirdə məruzə ilə çıxış edib. Saakyan separatçı ərazidə “dövlət quruculuğu”, “xarici və daxili siyasət”, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıb. Çıxışdan sonra toplantıda işitrak edən ekspertlərin suallarını cavablandırıb. Separatçıların lideri deyib ki, “Chatham House”un təhlükəsiz, firavan və ədalətli dünya devizi “ruhən onlara yaxındır”. Görüşdə əcnəbi diplomatlar, alimlər və analitiklər iştirak edib.
Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla “Chatham House” İnstitutunda keçiriləcək görüşə buraxılmayıb. TEAS-dan verilən məlumatda bildirilir ki, təşkilat B.Saakyanın qatıldığı görüşdə iştirak edərək onun mövqeyinə dair həqiqəti çatdırmaq üçün icazə istəyib. “Lakin Kral Beynəlxalq Münasibətlər İnstitutuna uzun müddət üzv olmağımızla baxmayaraq, siz zorakı qüvvələr siyasəti üzrə təcrübəli mütəxəssislə bir arada olmağı üstün tutaraq, bizim iştirakımızı qəbul etməyi rədd etdiniz” – deyə məlumatda bildirilir.
Avropa Azərbaycan Cəmiyyəti Saakyanın dəvəti ilə bağlı təşkilatçılara etiraz məktubu ünvanlayıb. Bu barədə virtualaz.org saytına AAC-dan məlumat verilib. Müraciətdə deyilir: “Avropa Azərbaycan Cəmiyyəti yazaraq nəzərinizə çatdırır ki, Bako Saakyanın ”Chatham House” Kral Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən rəsmi olaraq Böyük Britaniyaya görüşə dəvət olunması qərarı bizə ədalətli münasibət deyil. Bu hadisənin Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ müharibəsi zamanı 20 000 nəfərə qədər ailəsini və dostunu itirmiş və bu insanın ucbatından hələ də yerindən-yurdundan didərgin düşmüş minlərlə azərbaycanlı məcburi köçkünün sonsuz kədərinə səbəb olmasını, şübhəsiz ki, təsəvvür edə bilərsiniz.
Sizin bu insanı “Chatham House”a dəvət etməyiniz keçən 23 il ərzində kifayət qədər əzab çəkmiş insanların üzünə təhqiramiz şillə kimi qəbul olunur. Xüsusilə də Ermənistandakı cari vəziyyəti nəzərə alsanız, bunun regionda sülh və demokratiyaya olan ümidlərə bir zərbə olduğuna əmin ola bilərsiniz. Siz çox yaxşı bilirsiniz ki, Bako Saaakyan dünyada heç bir ölkə tərəfindən tanınmayan qondarma rejimin təmsilçisidir. O, BMT, Avropa Şurası, NATO və bir çox digər təşkilatların Azərbaycan torpaqlarının işğalını dayandırmağı və hər şeyindən məhrum olmuş sakinlərin öz yurdlarına qayıtmasını tələb edən qətnamələrini təkzib edən silahlı qüvvələri təmsil edir. O, heç bir beynəlxalq hökumət tərəfindən tanınmayan qondarma seçkilər əsasında vəzifə tutmaq iddiasındadır və məhz o, öz ailələrinin qəbirlərini ziyarət etməyə gedərkən (həmin vaxt onların dostu da öldürüldü) girov götürülmüş iki azərbaycanlının saxlanmasına görə məsuliyyət daşıyır. Bako Saakyan da şübhəsiz ki, Gürcüstandakı və bu gün Ukraynada Donbas və Luqanskda günün mövzusu olan separatçılarla eyni rolu oynayır və eyni xidməti göstərir. Bunun da çətin ki, sözügedən regionlarda stabilliyə faydası olsun.
TEAS sizdən xahiş etdi ki, ən azından bu keçmiş “KQB” rəhbərinin qatıldığı görüşdə iştirak edərək onun mövqeyinə dair həqiqəti çatdırmaq üçün bizə də icazə verəsiniz. Kral Beynəlxalq Münasibətlər İnstitutuna uzun müddət üzv olmağımıza baxmayaraq, siz zorakı qüvvələr siyasəti üzrə təcrübəli mütəxəssislə bir arada olmağı üstün tutaraq, bizim iştirakımızı qəbul etməyi rədd etdiniz. Sizlər sizə olan etimadı itirdiniz; siz müstəqil siyasət institutu statusunuzla qürrələnməkdən utanmalısınız.
Qeyd edək ki, Saakyanın Londona səfərinə ertiraz edən soydaşlarımız “Chatham House”un qarşısında etiraz aksiyası da keçirib.
“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan İcması səviyyəsində Böyük Britaniya hökumətinə etiraz bildirməyə ehtiyac olmayıb: “Azərbaycan dövlətinin məsələyə etirazı olub və Böyük Britaniyanın səfiri də bildirib ki, London Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Mən inanmıram ki, Saakyanı kimsə rəsmi səviyyədə dəvət etsin. Bu, ermənilərin təxribatıdır, Azərbaycanla Böyük Britaniyanın münasibətlərinə xələl gətirmək istəyirlər”. B.Səfərov bu kimi tədbirlərə dəvət alsa belə, Saakyanla üz-üzə oturmayacağını bildirdi: “Mən belə tədbirlərə getmərəm. O zaman mən də Bako Saakyanı qondarma qurumun başçısı kimi tanımış olaram. Odur ki, belə tədbirlərdə bizim iştirakımız mümkünsüzdür. Olmaz!”
XİN-in mətbuat katibi Hikmət Hacıyev isə etiraz notasına baxmayaraq, tədbirdə separatçı liderin iştirakına yaşıl işıq yandırılması barədə “Yeni Müsavat”a bunları bildirdi: “Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyanın Böyük Britaniyaya səfəri ilə əlaqədar XİN-in təlimatı əsasında bu ölkədəki səfirimiz Azərbaycanın etiraz məktubunu Britaniya XİN-ə təqdim edib. Eyni zamanda Britaniyanın Azərbaycandakı səfirı də XİN-ə dəvət olunub, dövlətin mövqeyi ona çatdırılıb. Səfir bildirib ki, rəsmi London Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ancaq bir məqamı əlavə edək ki, Saakyan adətən, Ermənistanın pasportu ilə hərəkət edir. Bu, bir daha onu göstərir ki, qondarma rejim Ermənistandan asılıdır, baxmayaq ki, işğalçı rejim bunu gizlətməyə çalışır. Düzdür, mahiyyət etibarilə bu, bir turizm səfəridir. Amma Azərbaycanın narahatlığı ondan ibarətdir ki, digər bu kimi hallarda olduğu kimi Azərbaycan ərazilərində yaradılan və qondarma rejimin başçısı kimi özünü təqdim edən şəxsə münasibətdə qadağalar tətbiq olunmur. Mahiyyət etibarilə bu, turizm səfəri olsa da, onunla rəsmi görüş keçirilməsə belə, bu kimi səfərlərə imkan verilməməlidir”.(musavat.com)
COMMENTS