Saatlıda bazar biabırçılığı: 70 yaşlı sahibkar qadına niyə zülm edir?

Saatlıda bazar biabırçılığı: 70 yaşlı sahibkar qadına niyə zülm edir?

 Faiq və anasının başına gələnlər bir kədərli filmi xatırladır. İnsanlara, onların illərdir qəpik-qəpik zəhmətlə qazandıqlarına belə bir münasibəti ən yağı düşmən belə edə bilməzdi. Söhbəti çox uzatmayaq!

Saatlı rayon sakini Fətullayev Faiq Sabir oğlunun icra başçısı Elmir Bağırov və rayon polis şöbəsinin rəisi Azər Tağıyevə müraciət edib. Hələlik, müraciətə diqqət edək: – Hörmətli Bağırov və Tağıyev cənabları! Yazıb sizə bildirirəm ki, mən Fətullayev Faiq Sabir oğlu təqribən 25 il bundan öncə anam Fətullayeva Adilə Abbas qızı ilə Saatlı rayonunun bazarının müdiri Fərmanov Ayyədinin yanına yaxınlaşıb çörək qazanmaq üçün bir piştaxta istədik. O, bunun qarşılığında pul istədi. Özü də nə az, nə çox 16 min dollar. Biz məcbur olub razılaşdıq, amma bir şərt ilə ki, hissə-hissə bir il ərzində ödəyəcəyik. Biz bu məbləği bir il ərzində ödədik.

2015-ci ildə qısa qapanma nəticəsində bazarda yanğın baş verdi. Bu yanğın zamanı bizim və digər vətəndaşların da malları, mağazaları yandı. Elə bir yanğın baş verdi ki, bir dənə də olsun mal çıxara bilmədik. Səhəri gün Ayyədin müəllim bizə yaxınlaşıb dedi ki, sizin «polkanızı» tikib olduğu qaydada təhvil verəcəyəm və sizə dəyən ziyanın da yarı hissəsini də ödəyəcəyəm. Amma bir şərtlə ki, sizdən xahiş edirəm məni şikayət etməyin. Biz onunla razılaşdıq. Həmin yanğından 7 il keçməyinə baxmayaraq bu insan hələ də polkanı normal vəziyyətdə tikib təhvil verməyib. Heç dəyən ziyan qalsın o tərəfə. Hər gün bizi yola verir». Amma ötən ay daha dəhşətli hadisə baş verir. Gəlin Faiqi dinləyək:

«Bu il yanvarın 22-də anam bazarın mühasibi Vüqara yaxınlaşıb xahiş edib ki, mənim mallarım və özüm suyun içindəyəm, buna bir əlac edin. Amma əvəzinə o, mənim 70 yaşlı anamı təhqir edib. Anam da çox pis əsəbiləşib və həyəcanlanıb. Halı pisləşib. Mağazadakı yoldaşlarımızın köməyi nəticəsində təcili tibbi yardım çağırılıb və xəstəxanaya çatdırılıb. Tibbi yardım göstərilib. Həkimlər anamı ölümün caynağından alıblar. Bundan sonra evə gələn anam hələ də ağır vəziyyətdədir, səhhətində problemlər var. Bundan sonra biz 102 xidmətinə şikayət etdik. Sizdən xahiş edirəm bir vətəndaş olaraq bizim şikayətimizə nəzər yetirəsiniz. Ayyədin və onun ətrafındakı Vüqar kimiləri cəzalandırın. Çünki hörmətli cənab Prezident İlham Əliyev biz vətəndaşları sizə tapşırıb və vurğulayıb ki, vətəndaşların şikayətini və problemlərini yerindəcə həll edəsiniz. Xahiş edirəm, mənim 70 yaşlı anamı nəzərə alasınız. Göydə Allaha, yerdə sizə güvənirik. Bunlar vətəndaşları haqqını yeyib, özlərini də çox alçaldırlar. Biz sizlərə güvənirik və arxalanırıq. Bu haqsızlığa göz yummayın. Belə haqsızlıq və ədalətçilik olmaz. Güman edirəm ki, mənim haqq səsim digər KİV-ədə çatacaq”. İnsanlara belə əzab vermək olmaz. Adamlar sahibkardırlar, dövlətə vergi ödəyirlər. Görəsən, Ayəddin Fərmanov necə, necə və nə qədər vergi ödəyir? Elə bunu da araşdıracağıq!

Şikayət məktubunda adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG

COMMENTS