Sabiq deputat: “Ermənistan beynəlxalq birlik qarşısında öhdəlik götürməlidir”

Sabiq deputat: “Ermənistan beynəlxalq birlik qarşısında öhdəlik götürməlidir”

Hörmətli Azərbaycan xalqı, hörmətli Cənab prezident və Azərbaycan Müdafiə Nazirliyinin bütün şəxsi heyəti, sizi torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə təbrik edirəm.

Eyni zamanda, ordu sıralarına könüllü formada qatılan şəxsləri və işğaldan azad edilən ərazilərimizin daimi sakinlərini də bu qələbə münasibətilə təbrik edirəm.

İşğal altında olan digər ərazilərimizin də düşmən tapdağından azad edilməsi üçün hər birimiz öz sahəmiz üzrə var qüvvəmizlə çalışmalı, əlimizdən gələni əsirgəməli deyilik.

Bu gün vətənimiz Azərbaycan, çətin və məsuliyyətli sınaq qarşısındadır. 30 ilə yaxındır ki, erməni işğalçıları Azərbaycan torpaqlarının 20 faizini işğal edib və nəticədə, 1 milyondan artıq vətəndaşımız öz doğma yurd-yuvasından məhrum olub.

Onlar ötən 30 il ərzində xeyli çətinliklə üzləşib, məcburi köçkün həyatı yaşayıblar.  Bu gün isə artıq torpaqlarımız azad edilir.

Cənab prezidentin müraciətinə qoşularaq, bildirirəm ki, hazırda Ermənistan rəhbərliyi üçün ən doğru yol, əzəli torpaqlarımızdan öz xoşu ilə geri çəkilməsi olar. Bununla o, həm rəzalətdən xilas olar, həm də xalqını ölümə verməz.

Bu gün dünyanın gözü bizim bölgədədir. Tezliklə müharibənin başa çatacağına, Ermənistan hərbi birləşmələrinin işğal edilmiş torpaqlarımızdan çıxacağına əminəm. Bu torpaqlar Azərbaycan xalqının haqqıdır. Qarabağ Azərbaycandır!

Eyni zamanda, beynəlxalq hüquq-norma və prinsiplərinə uyğun olaraq təcavüzə son qoyulmalı, dədə-baba torpaqlarından didərgin salınmış insanlarımız doğma torpaqlarına qayıtmalıdır.

Ermənistan sülhün bərqərar olmasına təminat verməli, bunun üçün beynəlxalq birlik qarşısında öhdəlik götürməlidir.

Cənubi Qafqazda sülh təmin olunmalı, burada yaşayan bütün millətlərin, xalqların və etnik qrupların hüquq və azadlıqları tanınmalıdır.

Sabiq millət vəkili, beynəlxalq hüquq üzrə fəlsəfə doktoru, istefada olan polis polkovniki, Qarabağ müharibəsi veteranı Cahangir Hüseynov

COMMENTS