Sabir Rüstəmxanlıya mane olan icra başçısı haqda inanılmaz ittihamlar

Xalq şairi Sabir Rüstəmxanlını öz doğma məktəbində Cümhuriyyət görüşü keçirməyə mane olan Yardımlı icra başçısı haqda məlumatlar əldə etmişik

Redaksiyanın media üzərindən araşdırması zamanı məlum olub ki, Ayaz Əsgərov sələfi Sevindik Hətəmov yolu gedir.

Məsələn, ötən il Yardımlı rayonu Arus kənd sakini Sadiqov İntiqam Əli oğlu tərəfindən mətbuatda şikayət məktubu tirajlanmışdı.

Məktubda Yardımlı rayon icra başçısı Ayaz Əsgərov tərəfindən şikayətçinin səbəbsiz olaraq Arus kənd icra nümayəndəsi vəzifəsindən azad olunması, hüquqlarının pozulması və rayondakı məmur özbaşınalığı yer alırdı.

İntiqam Sadıqov qeyd edir ki, Rasət Nəzərov özü uzun illər “Yardımlı rayon meşə və mühafizəsi” idarəsinin rəisi işləyib. İşlədiyi müddət ərzində rayonun meşə təsərrüfatına külli miqdarda ziyan vurmuş və sonda tutduğu vəzifəsindən azad edilib.

Hazırda bu şəxsin 60 yaşı var. Onun yenidən vəzifəyə təyin olunmasında qaynatası Səfqulu Babayevin xüsusi xidməti olub.

Şikayətçi qeyd edir ki, onun yerinə təyin olunan Rasət Nəzərov ona özü şəxsən icra nümayəndəsi vəzifəsini istəmədiyini deyib.

Yardımlı RİH başçısı haqda yayılmış başqa bir xəbər budur ki, bir müddət əvvəl Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov əhali ilə görüş keçirib.

Yardımlının yeni icra başçısı Kərəm Həsənova səhər ziyafəti vermək üçün o boyda rayonda normal bir restoran tapmayıb da, Heydər Əliyev Mərkəzində ziyafət stolu açdırıb.

Əcəba, Heydər Əliyev Mərkəzi yeməkxanadırmı? O boyda rayonda bir dənə münasib yer yox idimi ki, Kərəm Həsənovu apara bilməsinlər? Görünür, Ayaz müəllim Mərkəzlə yeməkxananın yerini səhv salıb.

Redaksiyanın media üzərindən araşdırması zamanı məlum olub ki, Ayaz Əsgərovun unikal cəhətləri də varmış.

Yardımlının icra başçısı elə Kərəm Həsənovla səhər yeməyi yeyərkən, ortalıq qarışıb. Daha doğrusu, ortalığı qarışdıran isə elə icra başçısının özü olub.

Belə ki, səhər yeməyi masasının üzərində göyəm mürəbbəsi varmış və icra başçısı ondan dadandan sonra hayıl-mayıl olur. Tez köməkçisinə tapşırır ki, təcili olaraq həmin mürəbbədən tapsınlar.

Məsələ, birinci müavin Azər Xamıyevə qədər çatır və o, bütün Yardımlıda mürəbbə bişirməyi bacaran adamların hamısıyla əlaqə saxlayaraq, icra başçısının istəyini çatdırır.

Bu il isə saytlar yazırdı ki, Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov zamanının çoxunu Qazax rayonunda və Bakıda keçirir.

Hazırda rayonda rəhbər kimi birinci müavin Mahir Mirzəyev daha çox görünür. 2011-2016-cı illərdə Qazaxda icra başçısı işləmiş Ayaz Əsgərov qış aylarında daha çox Qazaxdakı fermer təsərrufatlarına və iaşə obyektlərinə baş çəkir.

Bununla belə 2006-2011-ci illərdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini işləmiş Yardımlının rəhbəri adətən özünün paytaxtın ən prestijli yerində yerləşən ikiblokdan ibarət 3 mərtəbəli evində keçirir.

1964-cü ildə Tovuz rayonunda anadan olan Ayaz Əsgərov artıq Yardımlı kimi rayondan Yasamala icra başçısı gəlmək istəyirmiş.

Məlumata əsasən Ayaz Əsgərov uzun zamandır ki, bu istəyinə çatmaq üçün ən müxtəlif dostlarına minnətçi də düşüb.

Lakin onun dostları sırasında sabiq vergilər naziri Fazil Məmmədovun da işdən çıxarılması A.Əsgərovun arzularını gerçəkləşdirmək imkanlarını heçə endirib.

Onu da əlavə edək ki, mediada Yardımlının icra başçısı ilə müavini Mahir Mirzəyev arasında qovğaların olmasına dair xeyli informasiyalar var.

Gundeminfo.az yazıb ki, ölkə başçısı 2013-cü ildən sonra Yardımlıya səfər etməyib. Hətta Ayaz Əsgərov icra başçısı olduqdan sonra da mühüm dövlət tədbirlərində çox passiv çıxış edib.

Məsələn ötən ilin sentyabrın 3-də Lənkəranda prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Ayaz Əsgərov nə çıxışçı icra başçılarının arasında, nə də regional rayonla bağlı müzakirələrdə gözə dəyməyib.

Bu məlumatlarla bağlı RİH-nin mövqeyini dərc edə bilərik.(Fia.Az)

Dosye.org

COMMENTS