Sabunçu Telekommunikasiya Qovşağının rəisinə qarşı ŞOK İDDİA

“MTN işi”ndə yeni məqamlar ortaya çıxır

Son günlər mətbuatın gündəmini zəbt edən “MTN işi” barəsində yeni təfərrüatlar və mülahizələr ortaya atılır. Bu qədər informasiya və dezinformasiya bolluğunda nəyin doğru, nəyin yalan olduğunu dəqiqləşdirməkdə müşküllük çəkən ictimaiyyət çaşqın vəziyətdədir.

Eldar Mahmudovun törətdiyi cinayətlər araşdırıldıqca, demək olar ki, hər gün yeni nüanslar ortaya çıxır. Keçmiş nazirin cinayətkar şəbəkəsi cəmiyyətdə elə dərin kök atıb ki, istintaq prosesi davam etdikcə cinayətkarlıqda ittiham olunanların sayı artır. Xatırladaq ki, istintaqa ilkin olaraq cəlb olunanlar rabitə sferasının təmsilçiləri oldu.

Eldar Mahmudova qarşı irəli sürülən əsas ittihamlardan birinin məhz qanunsuz olaraq telefon danışıqlarının dinlənilməsi faktı onun bu cür qanunsuz əməlləri yalnız rabitə sahəsində mühüm postlar tutan şəxslərin biləvasitə iştiraki və yardımı ilə həyata keçirdiyini sübuta yetirir. Məlum olduğu kimi, bir neçə gün öncə BTRİB-in keçmiş rəhbəri Beytulla Hüseynov, eləcə də nazirliyin aparat rəhbəri Vidadi Zeynalov tutduqları vəzifələrdən azad edilərək, həbs olunmuşlar.

Dünən isə “Azərpoçt”-un baş direktoru Qəmbər Bəybalayev dəmir barmaqlıqlar arxasına salındı. Sözü gedən şəxslərin əlaltıları da güclü nəzarət altındadır. Araşdırma davam etdikcə yeni olaylar ortaya çıxır və Vidadi Zeynalovun törətdiyi bir çox gizli və qanunsuz əməllərə aydınlıq gəlir.

Əldə etdiyimiz məlumatlara görə, “MTN işi” məsələsində nəzarətə düşən şəxslərdən biri də Sabunçu rayon Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovdur. Mənbə bildirir ki, keçmiş aparat rəhbəri Vidadi Zeynalov nazir Əli Abbasovun kadrlar ştatını formalaşdırdığı zaman bir neçə şəxsi maliyyə çətinliyinə salmışdır. Belələrindən biri də o vaxt Gəncə şəhər Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanov idi.

Bildirilir ki, Vidadi Zeynalov BTRİB-ə məhz onu rəhbər gətirmək fikrində imiş. Bu niyyətini reallaşdırmaq məqsədilə V.Zeynalovun N.Salmanovdan 500 min manat alması məsələsi də olduqca maraqlıdır. Deyilənə görə, aparat rəhbərinin bu planını Eldar Mahmudovun yaxın qohumu Beytulla Hüseynov pozub. Nəticədə Nəriman Salmanov xırda qovşaq rəisi vəzifəsinə təyin edilir.

Narazı qalan Salmanov pullarını geri tələb etdikdə, “afyora ustası” kimi şöhrət tapan Vidadi Zeynalov vərdiş etdiyi uğurlu metodunu işə salaraq, Eldar Mahmudovun klanının yardımıyla sözü gedən şəxsə qarşı toplanılan kompramatlarla onu susdurmağa müvəffəq oldu. Deyilənə görə, Salmanovla aparat rəhbəri arasinda digər istiqamətdə bağlılıq əlamətləri olub. Ehtimal olunur ki, yaxın gələcəkdə Nəriman Salmanov da “təmiz havaya həsrət qala bilər”. (irevan-press.com)

COMMENTS