“Sabunçu Tibb Mərkəzi”ndə MRT aparatı niyə işləmir? – TƏBİB-ə sual olunur…

“Sabunçu Tibb Mərkəzi”ndə MRT aparatı niyə işləmir? – TƏBİB-ə sual olunur…

Xəstəxanaların Səhiyyə Nazirliyindən alınaraq TƏBİB-ə verilməsindən sonra bu sistemdə köklü dəyişikliklərin baş verəcəyinə ictimaiyyət arasında çoxları ümid edirdi. Lakin çox təəssüflər olsun ki, bu gün tibb müəssisələrində baş verən neqativ halları aradan qaldırmağa TƏBİB də müəssər olmayıb.

Xəstəxanalardakı çoxsaylı çatışmazlıqlar barədə sosial şəbəkələrdə yetərincə məlumatlara rast gəlmək mümkündür. Respublikanın bir çox xəstəxanalarında baş verən qanunsuzluqlara qarşı heç bir tədbirin görülməməsi də bu məlumatlara daxildir. Burada həm də rüşvətxorluğun baş alıb getməsi barədə çoxsaylı şikayətlər var.

Paytaxtdakı ən böyük xəstəxanalarından biri olan “Sabunçu Tibb Mərkəzi” publik hüquqi şəxsidir ki, sakinlər buranı 3 saylı Şəhər Klinik Xəstəxanası kimi tanıyırlar. Ümumi ərazisi 5 hektara yaxındır. 17 korpusdan ibarətdir. Ən böyük şöbələri urologiya, kardiologiya, cərrahiyyə, uşaq və doğum şöbələridir. Bir növ bu xəstəxana daha çox əhalinin kasıb təbəqəsinin üz tutduğu bir yerdir. Amma verilən məlumatlara görə son vaxtlar bu xəstəxanada da dəyişikliklər olub və göstərilən xidmətlər heç də hamının cibinə uygun gəlmir.

Məlumatlara görə artıq “Sabunçu Tibb Mərkəzi”ndə olan qiymətlər heç də Bakıda fəaliyyət göstərən özəl klinikalardan geri qalmır. Belə ki, burada ultrasəs müayinəsinin qiyməti 10-20 manat arasındadır. Xəstəxanada “UZİ”-dən keçən xəstələr 20 manat, bronxların və ağciyərlərin rentgeni 15 manat, ürəyin kardioqramması 20 manat, mədənin endoskopiyası isə 20-25 manata başa gəlir. Bundan əlavə həkimlərin müayinə haqqı 20-30 manat civarındadır. Ən acınacaqlı hal isə budur ki, alınan pulun müqabilində peşəkar xidmət yoxdur.

Məlum olduğu kimi son illər Azərbaycanda ən çox üz tutulan müayinələrdən biri də maqnit rezonans tomoqrafiyası və ya qısaca MRT-dir. MRT insan bədəninin bütün daxili orqanlanı müayinə etməyə imkan verir və bu zaman bioloji toxumalarda meydana gələn dəyişiklikləri aşkar etmək olur. Sözügedən müayinəyə tələbi nəzərə alaraq ölkənin ayrı-ayrı bölgələrindən paytaxta üz tutan minlərlə vətəndaşa paytaxtın bir sıra xəstəxana və klinikalarında bədənin hər bir nahiyəsi üzrə ayrı-ayrı qiymətlər təklif olunur. Yəni pasient eyni zamanda bədənin üç nahiyəsinin müayinəsinə endirimlə ən azı 350-400 manat xərc çəkməli olur. Bu yaxınlara qədər “Sabunçu Tibb Mərkəzi”ndə MRT müayinəsi üçün qiymətlər hər kəs üçün əlçatan idi.

Amma burada bəzi vəzifəlilələr sadə vətəndaşlara bunu da çox görüblər. Belə ki, artıq ikinci aydır ki, “Sabunçu Tibb Mərkəzi”ndə MRT aparatı ilə müayınə dayandırılıb. Müayinə üçün uzaq bölgələrdən gələnlər də, elə paytaxt sakinləri də məcbur olub özəl klinikalara müraciət etməli olurlar. “Sabunçu Tibb Mərkəzi”ndə MRT aparatının işləməmisinin səbəbi isə helium qazının vurulmadığı göstərilir. Xəstəxanadan müayinə üçün üz tutanlara bildirilib ki, son iki ayda TƏBİB-ə rəsmi və qeyri rəsmi dəfələrlə müraciət olunub. Lakin TƏBİB MRT aparatına helium qazının vurulmasını təmin etmir. Maraqlıdır, helium qazının bu aparata vurulması o qədərmi çətindir ki, “Sabunçu Tibb Mərkəzi”nin rəhbərliyi də, TƏBİB rəsmiləri də iki aydır bunun öhdəsindən gələ bilmir?

Burada səbəb başqa məsələ də ola bilər. Məsələn aparata helium qazı ona görə vurulmur ki, pasientlər məcbur olub başqa xəstəxana və klinikalara müraciət etsin. Axı, yuxarıda qeyd etdiyimiz kimi digər xəstəxana və özəl klinikalarda qiymətlər daha bahadı və pasientləri yönləndirməklə buradan müəyyən faiz əldə etmək olar. Bunun başında TƏBİB rəsmiləri durmur ki, görəsən? Hamı üçün əlçatan olan bir MRT aparatının fəaliyyətinin iki aydır bərpa edilməməsinə başqa nə ad vermək olar ki? Məlum olduğu kimi, TƏBİB dövlət xəstəxanalarında tibbi avadanlıqların alınmasına, təmirinə hər il külli miqdarda vəsait xərcləyir. Bəs “Sabunçu Tibb Mərkəzi”ndə MRT aparatının fəaliyyəti niyə bərpa olunmur? Sual TƏBİB-ə olunur.(Aktualinfo.org)

DOSYE.ORG

COMMENTS