Sələfilərin “başbiləni” Mübariz Qurbanlı ilə görüşmək istəyir

“Əbu-Bəkr məscidinin fəaliyyətinə qoyulan məhdudiyyətin aradan qaldırılması üçün dini komitənin yeni sədrinə müraciət edəcəyik. Fikrimiz var ki, təzə sədrlə görüşək, bu məsələni müzakirə edək. Çünki məscidin fəaliyyətinə məhdudiyyət qoyulandan sonra dini radikallıq artıb”.

Bu sözləri Axar.az-a “Əbu-bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov bildirdi. Q.Süleymanovun sözlərinə görə, məlum hadisədən sonra məsciddə kütləvi toplaşmağa məhdudiyyət qoyulub:

“Bizə deyilmişdi ki, istintaq bitənə qədər belə davam edəcək. İstintaq çoxdan yekunlaşıb, amma bu məsələyə baxılmır.
İş məhkəməyə getdi, bir nəticəsi olmadı. Çox az sayda, o da icma üzvlərinin məscidə gəlməsinə imkan verilir. Ona görə də yeni sədrlə görüşüb, müzakirə etmək fikrimiz var. Bunun üçün cəhd edəcəyik. Ümid edirik ki, müsbət nəticələnəcək”.

Qeyd edək ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin yen sədri YAP-çı deputat Mübariz Qurbanlıdır. O, nurçu qalmaqalı ortaya çıxandan sonra komitə sədri vəzifəsindən azad edilən Elşad İsgəndərovun yerinə təyin edilib.

COMMENTS